Bakıda ticarət obyektlərinin üzərinə vurulan xarici dildə yazılmış reklam lövhələri sökülür.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, söküntü işləri “28 May” metrosu yaxınlığında yerləşən obyektlərdə aparılır.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları obyekt sahiblərinə tövsiyə edib ki, reklam lövhələri yalnız Azərbaycan dilində olmalıdır.
`Bizə bildirdilər ki, bu barədə Hacıbala Abutalıbov ciddi tapşırıq verib və buna görə şəhərdəki bütün xarici dildə olan reklamlar söküləcək`-deyə obyekt sahibləri bildirib.
Qeyd edək ki, Reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.