ABŞ Nümayəndələr Palatasının hüquqi əsası olmayan addımının arxasında məkrli niyyət dayanır

ABŞ Nümayəndələr Palatasının hüquqi əsası olmayan addımının arxasında məkrli niyyət dayanır

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Kaliforniyadan olan millət vəkili, Demokratlar Partiyasının ermənipərəst üzvü Adam Şiff tərəfindən saxta "erməni soyqırımı” ilə bağlı təqdim olunan qətnamə layihəsinin lehinə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 223 nəfər, əleyhinə isə 191 nəfər səs verib. Respublikaçılar isə sənədə qarşı çıxıb.


Nümayəndələr Palatasının saxta "erməni soyqırımı”nı rəsmi olaraq tanıması təsadüfü sayıla bilməz. Bundan əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərmək, habelə ermənipərəst mövqe sərgiləmək, erməni və kürdlərin onları dəstəkləyən qüvvələr tərəfindən müdafiə olunması mesajını verməkdir.

Bu sözləriAktual.az-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, Nümayəndələr Palatasının hüquqi əsası olmayan bu qərəzli addımı Türkiyə tərəfindən narazılıqla, sərt bir formada qarşılanıb. Bununla belə, Senat və Prezident sənədi təsdiq etmədiyindən bu qətnamə layihəsi ABŞ hökuməti və Dövlət Departamentinin Ankaraya yönəlik siyasətinə ciddi təsir göstərə bilməz. Çünki Nümayəndələr Palatasının sözügedən ədalətsiz qərarı yuxarıda vurğuladığım kimi, əsasən rəsmi Ankaraya təzyiq xarakteri daşıyır. Digər tərəfdən, qeyd edim ki, hazırda sözügedən sənəd təkcə Nümayəndələr Palatasının mövqeyini ortaya qoyur.

Arzuman Muradlı daha sonra vurğulayıb ki, qanun layihəsi yalnız o zaman qüvvəyə minir ki, sənəd Nümayəndələr Palatası ilə yanaşı, Senat tərəfindən də qəbul olunsun. Prosedura əsasən, ancaq bundan sonra o, prezidentin imzası ilə qanuniləşir və hüquqi qüvvəyə minir.

Politoloq qeyd edib ki, ABŞ prezidenti uydurma "erməni soyqırımı”nı tanımayacaq. Bu da səbəbsiz deyil. Çünki, əslində, rəsmi Vaşinqtonu heç də ermənilərin taleyi, başqa sözlə,saxta "erməni soyqırımı” maraqlandırmır. Onlar bu yolla, sadəcə, Ankaraya təzyiq göstərməyə çalışırlar. Bütün bunlar, həm də Nümayəndələr Palatasının qərarının Türkiyəyə qarşı nə qədər qərəzli olduğunu bir daha söyləməyə əsas verir. Lakin istənilən halda, Türkiyə hər kəs, o cümlədən,ABŞ üçün cəlbedici tərəfdaşdır. Bu baxımdan, "soyqırımı oyunları” ilə Ankaranı qorxutmaq, onu yolundan çəkindirmək, öz təsiri altına salmaq mümkün deyil.

Xəbər 817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR