Abituriyentlərin nəzərinə: Artıq onlayn hazırlaşmaq mümkündür

Abituriyentlərin nəzərinə:   Artıq onlayn hazırlaşmaq mümkündür

Azərbaycanda ilk dəfə olaraq, ali məktəblərə hazırlaşan abituriyentlər üçün onlayn təhsil proqramı - 700.az layihəsi təqdim edilib.

Aktual.az-ın  məlumatına görə, təqdimat mərasimində çıxış edən layihənin təsisçisi Tələt Kalayev bildirib ki, 700.az abituriyentlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı qəbul proqramına onlayn hazırlaşmağa kömək edən və Azərbaycanın ən təcrübəli müəllimlərini virtual olaraq evlərə gətirən innovativ vasitədir: "TQDK-nın proqramına daxil olan bütün fənn blokları üzrə ölkənin təcrübəli müəllim heyəti 700.az onlayn təhsil proqramına cəlb edilir, onların iştirakı ilə hazırlanmış videodərslər sayt vasitəsilə abituriyentlərə təqdim olunur. Dərslər Azərbaycan dilində hazırlanıb. Videodərslərə günün istənilən saatında baxmaq olar. Dərs başa düşülmədiyi halda videoya təkrar baxmaq mümkündür. Artıq dərslər sayta yüklənib. Animasiyalar vasitəsilə hazıranmış dərslər 15-20 dəqiqəlikdir. Hər bir dərsdən sonra 10 yoxlama testi təqdim olunur".

T.Kalayev qeyd edib ki, hər ay TQDK-nın keçirdiyi formada olan sınaq imtahanları keçiriləcək. Abituriyent sınaq imtahanlarında iştirak etməklə gələcəkdə qəbul imtahanında toplaya biləcəyi potensial balı müəyyənləşdirə, öz bilik səviyyəsini yoxlaya bilər.

Layihənin təsisçisinin sözlərinə görə, abituriyent dərsi yaxşı qavramadığı halda onun üçün vebinarlar - çətinlik çəkdikləri dərslərə görə canlı dərslər keçirilə bilər.

T.Kalayev bildirib ki, gələcəkdə rus dili üzrə videodərslərin keçirilməsi, mövcud müəllimlərlə yanaşı, yeni müəllim heyətinin cəlb olunması da planlaşdırılır: “Mövcud təcrübəmizi 2-3 il sonra qonşu ölkələrdə də tətbiq etmək fikrindəyik”.

Xidmətdən istifadə üçün qiymətlərin çox münasib olduğunu deyən T.Kalayevin sözlərinə görə, videodərslərə abunə olmaqla qulaq asmaq olar: "Seçilmiş fənlərdən hər fəndən ilk iki dərs olmaqla 10 dərs pulsuzdur. Bir fənn üzrə illik ödəniş 80 manat, bir qrupun illik abunə haqqı isə 250 manatdır. Ödəniş əlavə faiz ödənilmədən 1 il ərzində hissə-hissə də aparıla bilər".

O bildirib ki, 700.az təhsil proqramı çərçivəsində ali məktəblərə hazırlaşan gənclərin hazırlıq səviyyəsi izlənilir və bu barədə valideynlər və müəllimlər məlumat ala bilərlər: “700.az veb səhifəsində yer alan forum müəllim, abituriyent və valideynlərin ünsiyyət saxlaması, dərs proqramı ilə bağlı suallara cavab tapması üçün çox faydalıdır. İnnovativ təhsil metodu əlilliyi olan gənclər üçün də səmərəlidir. Belə ki, onlar vaxtlarına qənaət etməklə 700.az veb səhifəsi vasitəsilə təhsil alaraq ali məktəblərə qəbul olmaq imkanı əldə edəcəklər. 700.az təhsil proqramı məktəb saatlarından sonra asudə vaxtlarını daha səmərəli keçirmək və ali məktəbə yüksək balla qəbul olmaq istəyən gənclərin hazırlığına zəmanət verir”.

Layihə rəhbəri Nərgiz Həsənova saytın texniki imkanları barədə məlumat verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Arzu Bağırov belə layihələrin hazırlanmasına sevindiyini bildirib. Onun sözlərinə görə, bu layihənin gənclər tərəfindən həyata keçirilməsi xüsusilə təqdirəlayiqdir: "Belə saytlar çoxdur. Amma acığını deyim ki, 700.az marağımı daha çox cəlb etdi. İnanıram ki, uğur qazanılacaq. Canlı kurslarda olmayan müəyyən imkanlar burada var. Bu da qəbula hazırlaşanlar üçün çox üstün amildir. Düşünürəm ki, belə sistemlərə ehtiyac getdikcə artacaq. Bu sistemin üstünlüklərindən biri o olacaq ki, müəllimlərlə canlı bağlantı qurmaq olacaq".

Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR