AB-nin Bakı nümayəndəliyinin keçmiş mühasibi axtarışa verildi

AB-nin Bakı nümayəndəliyinin keçmiş mühasibi axtarışa verildi

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin keçmiş mühasibi Zərifə Abbasova axtarışa verilib.
Aktual.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Belə ki, təqsirləndirilən şəxs məhkəmə prosesinə gəlmədiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Bildirilib ki, o, tutulana kimi prosesin icraatı dayandırılıb.
Xatırladaq ki, son prosesdə prokuror Orxan Səmədova ittiham nitqi ilə çıxış etmək üçün məhkəmədən vaxt istəmişdi.
İttihama görə, 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində işləyən Zərifə Abbasova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün nümayəndəliyə köçürülən pulları mənimsəmək üçün missiyanın rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.
Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.
Belə ki, o, 2017-2022-ci illər ərzində nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.
İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR