Ağarəhim Rəhimovun yaradıcılığında erməni xəyanətinin bədii gerçəkləri barədə bəzi qeydlər

Ağarəhim Rəhimovun yaradıcılığında erməni xəyanətinin bədii gerçəkləri barədə bəzi qeydlər

Ötən əsrin 80-ci illərinin sonlarından başlanan və torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən Qarabağ savaşı ilə bağlı Azərbaycanın üzləşdiyi haqsızlıq, ədalətsizlik şair və yazıçılarımızı da dərindən narahat etdi, bu istiqamətdə müxtəlif əsərlər yazıldı, filmlər çəkildi. Əlbəttə, həmin əsərlər  sırasında bədii səviyyəsi yüksək olan, insanları doğma yurd, Vətən uğrunda savaşa səfərbər edə bilən, vətəndaşlıq hissini oyatmağa təsir göstərən bədii sənət nümunələri də az deyil.


Yazıçı-dramaturq, ssenarist, publisist Ağarəhim Rəhimovun yaradıcılığında da Qarabağ mövzusu xüsusi yer tutur. O, söhbət zamanı bu barədə dedi: "Erməni qəddarlığı və məkrindən qaynaqlanan faciələrimiz, itkilərimiz elə bir gün olmur ki, soydaşlarımızı düşündürməsin, qəlbləri sızlatmasın, yuxulara haram qatmasın. İnsanlığa qənim kəsilən erməni faşizminin illərlə həyata keçirdiyi işğalçılıq, dağıdıcılıq siyasəti üzündən nə qədər şəhər və kəndimiz yerlə-yeksan edilib, nə qədər insan yurd-yuvasından didərgin düşüb, bəşəriyyət tarixinin nadir inciləri olan və yaşı min illərlə hesablanan nə qədər maddi-mədəni abidəmiz yer üzündən silinib. Qarabağ dərd dəryası elə ağır, elə dəhşətli faciələrlə ləbələbdi ki, onu tarixiləşdirmək, bədii ədəbiyyat, sənət örnəklərinə  çevirmək hər bir tarixçinin, yazıçı-dramaturqun, şairin vicdan işidir…”.  

Ağarəhim Rəhimovun Ermənistanın tarixən təcavüzkar, separatizmi və terroru dəstəkləyən bir siyasət yürütməsi, beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq qurumların tələblərinə məhəl qoymaması, münaqişənin dinc yolla, ədalətli həllinə hər vasitə ilə mane olması faktları əsasında qələmə aldığı "Uçurum”, "Qırmızı qar”,  "Canavar balası”,  "Vicdan məhkəməsi”, "Əsgər anası”, "Xəyanət”, "Haray” kimi əsərlərində erməni faşizminin mahiyyətini, onun mənfur simasını açır, gələcək nəslə göstərir və eyni zamanda, Vətən həsrətini, Vətən yanğısını, itirilmiş torpaqlarımızın fəryadını bütün dünyaya eşitdirir. Müəllif, eyni zamanda, əzəli-əbədi torpağımızda erməni quldurlarının törətdikləri dəhşətli faciələr fonunda "Böyük Ermənistan” planının gizlin və aşkar qatlarından, ermənilərin əsrlər boyu türklərə bəslədiyi nifrətdən, məkrdən söhbət açır, hətta bu işğalın miqyasının genişlənməsində özümüzün də günahını reallığa söykənən bədii təxəyyülün gücü ilə diqqətə çatdırılır.  

***     

Ağarəhim Rəhimovun müşahidələrinə, fakt və sənədlərə söykənən "Canavar balası” ssenarisi əsasında 1997-ci ildə eyniadlı bədii film çəkilib. Film Qarabağ müharibəsinin doğurduğu ağrı-acıları gözlərimiz önündə  canlandırır. Tamaşaçı obrazların hərəkətləri, davranışları ilə ermənilərin törətdikləri bu fəlakətin acı mənzərəsinin şahidinə çevrilir. Düşüncədə belə bir fikir, qənaət tam qətiləşir ki, müharibədə təkcə Vətən itirilmir, həm də yüzlərlə, minlərlə insan şəhid verilir, maddi-mədəni abidələr yerlə-yeksan edilir, mənəviyyat zədələnir, didərgin, köçkün düşənlərin həyat, yaşamaq eşqi sönür...

Bu ekran işinə diqqət yetirəndə  "canavardan canavar törər” deyimi xatırlanır… Nofəl Kələntərlinin  kimliyini, əsli-kökünü  əsgərlikdə olduğu vaxtadək onu övladlığa götürən ata-anasından (Yusiflə Səriyyədən) savayı, bir kimsə bilmir. Amma bu şəxs hərbi xidmət dövründə hərbi sirləri pul xatirinə düşmənə - ermənilərə ötürəndə, Vətənə xəyanətinə görə həbs ediləndə hər şey üzə çıxır. Məhkəmədə Nofəli böyüdüb boya-başa çatdıran ata-anası illərlə hamıdan, elə onun özündən də gizli saxladıqları sirri açırlar: sən demə, valideynlərin min bir əzab-əziyyətlə böyütdükləri övladları erməni imiş, hələ körpə ikən onu meşədən tapıb evə gətiriblərmiş…

…Bir vaxtlar ata-ana bu erməni uşağını tapanda taleyin üzlərinə güldüyünü, bəxtdən yarıdıqlarını zənn etsələr də, görəsən  niyə "canavardan canavar törər” deyimini ağıllarına gətirməyiblər?!.  Görəsən niyə bəsləyib saxladıqları bu canavar balasının-Nofəl Kələntərlinin nə vaxtsa, illərlə havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi Vətənini, vicdanını pula satacağını düşünməyiblər?!. Görəsən niyə onun milli kökə bağlı olmadığından nə vaxtsa, ümidlərini çilik-çilik edəcəyini, dəyərləri tapdalayacağını, mənəvi boşluğunu büruzə verəcəyini  fikirləşməyiblər?!.    

Halbuki aydın həqiqətdir ki, "…ayını, pələngi, meymunu əhliləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox”. Bunu ovçuluq edən Yusif kişi - Nofəlin atası da məhkəmədəki son çıxışında dilə gətirir və hakimdən özünün də cəzalandırılmasını istəyir. Sonra kəndə gəlib belə rəzilliyə dözməyərək intihar edir; özünü ov tüfəngi ilə öldürür…

***   

Tarixən erməni cəlladları azərbaycanlılara qarşı vəhşiliklər törədəndə günahsız körpələrə, uşaqlara, qocalara belə aman verməyib, başlarına misli görünməyən  oyunlar açıblar. "Gəlinqayada qoşa məzar” povestində (bu əsər əsasında 1998-ci ildə "Qırmızı qar” filmi  çəkilib) bu barədə ətraflı bəhs edilib…

...Gecənin zülmət qaranlığında, iliyə işləyən şaxtada Göydələnli kənd camaatı vahimə içində hara üz tutduğunun fərqində deyil. Hamı ermənilərdən xilas olub təhlükəsiz yerə çatmağı düşünür. Sədaqət isə bu məşəqqətə, rəzalətə dözməyib ağlayıb-çığıran ciyərparasını boğur ki, birdən ermənilər səsdən duyuq düşüb onları əsir ala, namus-ismətlərinə toxuna bilərlər… "Bu dilsiz usagı hardan başa salım ki, ağlamasın. Yazıq körpə hardan bilsin ki, onun ağlamağı bizim əsir düşməyimizə səbəb olacaq… Sənin ağlamağın ananın, xalanın ismətini ləkələyə bilər, ağlama…”.

…Beləcə izzət-şərəfinin gücü hesabına ürəyi daşlaşan ana balasını boğub öldürür və bu dünyanın vəhşiliklərindən xəbərsiz körpəsinin cəsədini qucaqlayıb,  "Mənim balam bir daha ağlamayacaq…”, sonra da üzünü erməni cəlladlarına  tutub  "Alçaqlar, əclaflar, namussuzlar…” - deyib nalə çəkir: "…Bu torpaqda doğmalarıma qəbir qaza bilmədim, heç olmasa burada sənə qəbir qazım. Mən səni şəhərdən buna görə gətirdim, bala?!. Bu ayrılığa necə dözüm, bala?!.”.

…Ermənilər qaladıqları tonqal ətrafında azərbaycanlı əsirlərə   işgəncə verirlər; anaların ürək parçalayan ah-naləsi, fəryadı, quldurların isə qəhqəhəli hırıltıları fonunda erməni vandalizmi bütün çılpaqlığı ilə gözlərimiz önündə canlanır…

Tonqal ətrafında qadınlardan birinin sözləri isə bəşəriyyətə, insanlığa, haqsızlığa, ədalətsizliyə qarşı üsyana, qəzəbə çevrilir:

"…Heç insanı da odda yandırarlarmı?!. Bu vəhşiliyin sonu olacaqmı, İlahi?!. Şükür sənin böyüklüyünə, adamlar niyə belə olurlar: qatil, oğru, qaniçən, əzazil… Axı nə üçün zülmün zənciri bu qədər uzun olur?!. Nədir onları adi insanlıq hissindən məhrum edən, nə üçün onlar başları üstündə olan o böyük Qüdrəti görmürlər?!. Nədir bu əxlaqsızlıqlar? Heç bir ölçü-biçiyə gəlməyən bu cinayətkarlıqlar hardan yaranır?!. İnsanlar Allahın dərgahından enəndən sonra necə də dəhşətli olurlar? Nədir günahımız, İlahi? Niyə belə olmalıydı bizim taleyimiz? Nə vaxta qədər biz bu nadanlığın əlində əzab çəkməliyik, Yarəbbim? Göstər qüdrətini, ey böyük Yaradan!..”.               

…Cəlladlar azərbaycanlılara min cür işgəncə verirlər; sulanmış şuma salırlar. Bu əzaba dözməyən xəstələr, qocalar donub tələf olurlar. Belə vəhşiliyə, qəddarlığa etiraz səsini ucaldan Kərəməlini tonqalda yandırırlar. Namusuna toxunulacağından qorxan Sədaqət intihar edir. Ermənilər digər qadınlara təcavüz etmək qərarına gələndə isə Növrəstə düşmən gözətçisini öldürməklə bunun qarşısını alır, hamı əsirlikdən xilas olur.

...Film ürəkparçalayan bir ağıyla tamamlanır: -- İndi zirvəsi qarlı bu Dəlidağın şişman qayasında iki məzar uyuyur. Biri minilliklərin arxasından boylanan sonsuz Gəlinqaya, o birisi isə xalqımızın şərəf  və namus qalası kimi ucalan qərib bir məzar.

Hər il dağlar, dərələr al qumaşa bürünəcək, əlvan güllərin, çiçəklərin ətri bir-birinə qarışacaq. Hər zaman burdan yol ötənlər Gəlinqayanın seyrinə dalacaqlar. Gözəlliklər məskənində uyuyan o qərib məzarları ziyarət edəcəklər:

Əzizim qoşa dağlar,

Verib baş-başa dağlar.

Mən ki, didərgin düşdüm,

Sənsə qal yaşa, dağlar...

***                                                               

"Uçurum” pyesində Qarabağ müharibəsində nəzərə çarpan ən dəhşətli mənzərə - top, mərmi gurultusu altında qaçaqaçda bu əzabdan, zillətdən yararlanmağa can atanların mənəvi puçluqları, əxlaqi aşınmaya məruz qalmaları diqqətə çatdırılır: Şəhər atəşə tutulur, evlər dağıdılır, insanlar həlak olur, mərmi qəlpəsi sinif otağında balaca Çinarəni yaralayır... Hamı canını ölümdən qurtarmağa çalışır. Amma göydən alov yağdığı, qızların, qadınların əsir düşmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda insanı dəhşətə gətirən, necə deyərlər, əlini yerdən-göydən üzən bir məqam acı təəssüf hissi doğurur: qanı-qanımızdan olan ürəksiz bir dəstə soyğunçuluq, talançılıq etməkdən çəkinmir, xalqın əmlakına daraşır.

Səlahiyyətlilər, vəzifəlilər isə özlərini görməzliyə vurur, laqeydlik, biganəlik göstərirlər...                 

***           

...Bəzən elə bilirik ki, bütün ermənilər qana susayıb, müharibədən, ölüm-itimdən həzz almaq iliklərinə hopub. Dərinə varanda, bunun heç də belə olmadığını görürük. Onların arasında xalqının bu savaşda günahkar olduğunu, azərbaycanlılara qarşı ədalətsiz mövqe tutduğunu, erməni tarixinin saxtalaşdırıldığını bilənlər və bu həqiqətləri dilə gətirdiklərinə görə öz soydaşları tərəfindən vəhşicəsinə cəzalandırılanlar da az deyil.

Müəllifin yaratdığı erməni Gülyan obrazı ("Haray” pyesi) bunun bariz ifadəsidir. Yazıçı bu şəxsin dililə ermənilərin törətdikləri cinayətləri onların üzünə deyir, erməni tarixçilərini qondarma tarix yazmaqda ittiham edir və zamanın bu amansızlığı bağışlamayacağını xatırladır: "Bu gün sizin işğal etdiyiniz torpaqlar çox çəkməyəcək geri qayrarılacaq. Onda övladlarınız sizin nankor əməllərinizdən xəcalət çəkəcəklər. Tökdüyünüz nahaq qanların əvəzini nəvələriniz verəcəklər. Qan girdabında boğulacaqlar. Sizə qarətçi, istilaçı, qəsbkar deyə lənətlər yağdıracaqlar”.

Gülyanı - bu həqiqət tərəfdarını öz millətindən olan canilər qətlə yetirirlər… 


Vaqif  BAYRAMOV

Xəbər 7521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR