əvvəli https://aktual.az/aci-heqiqet-isa-necefovun-siyasi-puplisistik-eseri/
Gizli çevriliş planı
Bu plan baş nazir Surət Hüseynov və Yura
Süleymanovun birgə iştirakı ilə müzakirə edilmişdi. Əsas məqsəd dövlət
çevrilişində iştirak edən qüvvələri, onlara rəhbərlik edəcək şəxsləri, eləcə də
ilk növbədə tutulacaq obyektləri müəyyən etmək idi. Xidməti vəzifəsinə görə,
Baş nazir ölkədəki ictimai-siyasi vəziyyəti hamıdan yaxşı bilirdi. Həm də çox
yaxşı bilirdi ki, Surətin kəlməbaşı "Qoca” dediyi prezident öz siyası təcrübəsinə
və dərin məlumatına görə dövlətin və xalqın siyasi nəbzini daim əlində
saxlayır. Bütün ictimai proseslərdən və ən ucqar kəndlərdə olan hadisələrdən
belə xəbərdardır. Prezident özü yalnız özünə tabe olan, mövcudluğu çox məxfi
saxlanılan informasiya şəbəkəsinə malik idi.Onların söhbəti elə bir yerdə aparılırdı ki, oraya heç bir adam nəzarət edə
bilməzdi.
"Lələ” özünə məxsus ifadə ilə danışmağa başladı:
– Maa belə gəlir
ki, artıq gözlədiyimiz an gəlib çatmışdır. Neft müqaviləsinin bağlanması Kremldə
şiddət doğurub. Mən belə hesab edirəm ki, biz gəlirdən kənarda qalacağıq.
Qarabağ məsələsi Rusiyasız həll olunmayacaq. Qoca isə Rusiya ilə münasibət
saxlamaq istəmir. Çünki Yeltsin onu heç xoşlamır da. Bax, bunu çevrilişdən
sonra insanlara geniş şəkildə kütləvi informasiya vasitələri ilə çatdırmalıyıq.
Qısa müddətdə Neft müqaviləsinin dövlət üçün nə qədər ziyanlı olduğunu da
bildirməliyik. Müqavilə Parlament tərəfindən təsdiq edilməsə, olacaq heç nə.
Ruslar da söz verirlər ki, bizi dəstəkləmək naminə çevrilişdən sonra Qarabağ məsələsini
tez həll etsinlər. Nəriman müəllim, sən Rəhim Qazıyevin, Baba Nəzərlinin, Arif
Paşayevin və Əlikram Hümbətovun azadlığa buraxılmasını, yəni qaçmalarını
tezliklə təşkil etməlisən. Rəhimin orduda hörməti var. Baba da çox adamı
tanıyır. Əlikram cənub bölgəsində dağılan qüvvələrini tez öz ətrafında toplaya
biləcək. Arif də ki, ona rəğbət bəsləyənləri səfərbər edəcək. Orduda da bir neçə
kombiriqlə danışıqlar aparılıb, onlara çox böyük pullar vəd edilib. Kombiriqlər
bizim işarəmizi gözləyirlər. Onlarla Yura danışıb. Nəriman müəllim, siz nə
deyirsiniz?
– Mən sizinlə müəyyən qədər razıyam. Ölkədəki
insanlar arasında böyük narazılıq var, çətinliklər mövcuddur. Rusiya şimal nəqliyyat
əlaqəsini üzümüzə bağlayıb, neft müqaviləsinə görə artıq bizə düşmən kimi
baxır. Ancaq biz çox qorxulu və təhlükəli bir oyuna girmişik. Bəli, Daxili İşlər
nazirliyi dövləti, hakimiyyəti müdafiə etmək iqtidarında deyil. Cavadov
qardaşları məmurlar arasında çox böyük qorxu hissinin hökm sürməsinə nail
olublar. Lakin siz başa düşməlisiniz ki, Heydər Əliyev xalq arasında nüfuz sahibidir
və ona böyük sevgi var. Əgər xalq ayağa qalxarsa, hər şey bitəcək və hər şeyi
itirəcəyik.
– Nəriman müəllim,
xahiş edirəm məni dinləyin, – Yura Süleymanov sözə başladı: – Qarabağ müharibəsi başlayandan indiyədək
döyüşlərdə olmuşam. Hərbi hissələrin böyük əksəriyyətinin nəinki komandirlərini,
hətta demək olar, bütün zabit heyətini tanıyıram. Məmmədrəfi nə zibildi ki,
Müdafiə naziri olsun. Onun əməliyyat xəritəsindən və döyüş taktikasından belə xəbəri
yoxdur. Adı çox yaxşılığa çəkilən Nəcməddin Sadıqov heç bir döyüşü udmayıb.
Çevriliş olsa, ordu neytral mövqedə qalacaq. Bir çox kombriq bu fikirdədir.
İlqarla Tacəddin bir saatın içində Gəncəni tutacaqlar. Ətrafdakı qüvvələr heç
bir maneə törətməyəcəklər. OMON isə Prezident aparatını, televiziya şirkətini
tutacaq. Hava limanı ona görə lazımdır ki, Naxçıvandan köməyə gələ bilərlər,
onun qabağını almaq lazımdır. Bildiyiniz kimi, bir çox vəzifəlilərlə
danışığımız olubdur. Əlikram və Arifin azadlıqda olması bizə çox lazımdır. Onlara
öz bölgələrində çox hörmət edirlər. Rəhimin Qraçovla yaxşı münasibəti var. O da
bizə çox lazımdır. Onsuz keçinə bilməyəcəyik. Biz yeni hökumət qurmalıyıq. Bu
hökumət Rusiya ilə sıx əlaqədə olmalıdır ki, Qarabağ məsələsini həll edək.
– Yura, tələsmə, biz hökumət üzvlərinin kim
olacağını hələ müzakirə etməyək. Çünki onları təhlükə altında qoya bilərik.
– Nəriman müəllim, fikrinizi deyin.
– Milli Təhlükəsizlik nazirini Baş nazirlə bağlayan
qohumluq əlaqələrindən başqa, siyasi görüşləri, bir də şəxsi ambisiyalarıdı.
Dövlət çevrilişindən sonra siyasi və hüquqi mövqeyinin daha möhkəm olacağına
inanırdı. Lakin Heydər Əliyevlə siyasi oyuna girməsindən, loru dildə desək,
üyüdürdü. Çünki onun geri çəkilməyə də yolu yox idi. Ona görə də, mən
planımızla razıyam. İnanıram ki, biz qələbə çalacağıq, – deyə o, ciddiyyətlə
dedi.
– Dediyim adamlar nə vaxt azadlıqda olacaqlar? –
deyə Baş nazir təkrar sual verdi.
– 22-nə keçən gecə.
– Yaxşı, indi isə iş başına keçək, – deyə "Lələ”
toplantının başa çatdığını bildirdi.
MTN-dəki gizli cinayət, yoxsa xəyanət
Sentyabrın 21-dən 22-nə keçən gecə
Gecə saat səkkizdir. Milli Təhlükəsizlik naziri Nəri-
man İmranov hələ də iş otağındadı. O, icra edəcəyi işin planını bir neçə gün
idi düşünürdü, ancaq həyata keçirməyə cəsarət etmirdi. Bu gecə nəyin hesabına
olursa olsun əməliyyat həyata keçirilməliydi. Lakin başa düşürdü ki, bu
qaçışdan xəbərsiz olduğu barədə Prezidenti heç cür inandıra bilməyəcək. Ümidini
düşündüyü alibisinə bağlamışdı. Nazirliyin İstintaq təcridxanasının kurator
müavini Namiq Abbasov idi. Daxili əmrlə bu sahədəki işlərə o cavabdehlik
daşıyırdı. Faiq Mirzəyev tutulub dindirmədən ona qarşı ittiham irəli sürmək çətin olacaqdı. Bir qrup şəxsin MTN-in
istintaq təcridxanasından qaçması faktı ilə başlanmış cinayət işinin istintaqı
prosesində həqiqətən də Baş prokuror Eldar Həsənov Namiq Abbasovun cinayət məsuliyyətinə
cəlb edilməsi barədə vəsadət qaldırmış, Prezident isə bunu qanunsuz hesab
etmişdi. Çünki MTN-də vəzifə bölgüsü olsa da, ilk növbədə buna nazir
cavabdehdir. Digər tərəfdən, Prezident tam əmin idi ki, Namiq Abbasov bu cinayətdə
iştirakçı olmamışdır. Nəriman İmranov və qeyriləri barəsində cinayət işinin
istintaqını aparan müstəntiq Füzuli Məmmədov Namiq Abbasovun cinayət etməkdə təqsirliyi
barədə arayışla iki dəfə prezident Heydər Əliyevin qəbulunda olsa da, onun
cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verməsinə nail ola bilməmişdi.
Prezidentin haqlılı olduğunu istintaqın nəticəsi də sübut erdi. Plana görə,
Faiq Rəhim Qazıyevlə birlikdə Rusiyaya keçəcək, onların orada yerinin müəyyən
edilib tutulmasına aylarla vaxt lazım gələcəkdi. Digər tərəfdən, tutulsalar belə,
Azərbaycana ekstradisiyası çox vaxt aparacaqdı. Digər tərəfdən, Prezidentin
ondan şübhələnməsinə əmin olarsa, Respublikadan qaçmaq planını da hazırlamışdı.
Nəriman İmranov əsas ümidini Gəncədə başlayacaq
dövlət çevrilişinə bağlayırdı. Lakin Baş nazir Surət Hüseynovun çevrilişlə
hakimiyyəti ələ almasına bir qədər şübhə ilə yanaşırdı. Bircə ona əmin idi ki,
dövlətdə Surət Hüseynovun həyata keçirəcəyi çevrilişə mane olacaq qüvvə yoxdur.
Daxili İşlər nazirliyi aparatı və yerlərdəki polis orqanları amorf vəziyyətdədir.
Daxili qoşunların rəhbərliyi də bitərəf mövqedədir. Nazir Ramil Usubov idarəçiliyin
ipini hələ də öz əlinə ala bilməmişdi. Çünki nazirlikdə ən çox qorxduğu bir şəxs
vardır: Rövşən Cavadov. Faktiki olaraq, nazirliyə və əsas qüvvəsi olan OMON-a o
rəhbərlik edirdi. Hökümətin bütün qüvvələri ondan "cindən qorxan kimi”
qorxurdular. Surətin adamları Cavadov qardaşları ilə birləşmək üçün danışıqlar
aparırdılar. Ancaq bu ittifaqa o qədər də ümid etmək olmazdı. Əsas danışıqları
Surətin yaxın adamı və onun briqada komandiri Yura Süleymanov aparırdı. Tərəflər
birlikdə hərəkətə keçmək barədə razılığa gəlmişdilər.
Çağırış
Vəziyyət anbaan gərginləşirdi. Prezident aparatının
binası qasırğaya düşmüş bir gəmini xatırladırdı. Qasırğa isə getdikcə şiddətlənir,
dalğalar şahə qalxırdı. Artıq siçovullar gəmini tərk etməyə başlamışdılar.
Hüquq mühafizə və güc strukturlarının rəhbərləri vəziyyətə nəzarət edə bilmədiklərini
və çarəsizliklərini etiraf edirdilər. Onlar Prezidenti daha təhlükəsiz məkana
getməsi üçün dilə tutur, yola gətirməyə çalışırdılar. Prezidentdən isə hələ
cavab yox idi. Hamı narahatlıq içində, səksəkədə idi. Hər dəqiqə silahlı dəstələrin
binaya soxulması gözlənilirdi. Hər tərəfdən üzücü və ümidsiz məlumatlar gəlirdi.
Ölkə təlaş, təşviş və nigarançılıq içində idi. Nəhayət, axşam tərəfi aidiyyatı
olan qurumların rəhbərlərinin iştirakı ilə müşavirə başladı.
– Cənab Prezident, vəziyyəti öyrəndim. Gəncədə
bütün dövlət orqanlarını, polisi, icra hakimiyyətini, hava limanını Surətin
adamları götürüb. Bakıda hakimiyyət orqanlarını müdafiə edəcək qüvvəmiz yoxdur,
xalqa müraciət etmək lazımdır, – Daxili
İşlər naziri məruzəsini yekunlaşdırdı.
Müşavirə iştirakçılarının çöhrəsinə dərin xof
çökdü. Xüsusilə, Rəsul Quliyevin rəngi daha çox qaralmışdı. Onun yanında
oturanlar onun ürək döyüntülərini fonendoskopsuz da eşidə bilərdi. Onun Daxili
İşlər nazirinə dikilən nifrətli baxışlarını hamı açıq-aydın ayırd edə bildi.
"Görün təhlükəsizliyimizi kimlərə etibar etmişik” deyə düşünən Rəsul Quliyev az
qaldı ki, qışqırsın:
– Cənab Heydər Əliyeviç, yalnız xalq bizi, dövləti
bu bəladan xilas edə bilər. Gec də olsa, Siz xalqa müraciət etməlisiniz. Vaxt itirmək
olmaz.
Hamıdan yaşlı müşavirə iştirakçısı (hörmətli oxucu,
müəyyən səbəblərə görə bu şəxsin adı açıqlanmır. )
ayağa durdu:
– Heydər Əliyeviç, mən məsləhət görərdim ki, Siz
Prezident Aparatından kənarda xalqa müraciət edəsiniz. Hər dəqiqə bura hücum
ola bilər.
Onun təklifini bir neçə müşavirə iştirakçısı da
müdafiə etdi.
– Başqa sözü, təklifi olan yoxdur ki? – deyə
Prezident çox soyuqqanlılıqla və diqqətlə müşavirə iştirakçılarını baxışları ilə
süzdü. Bir anlıq diqqətini Rəsulun çöhrəsində saxladı. Hamıya "badbaxt” deyən bu insanın özündə bədbəxtlik
əhval-ruhiyyəsi vardı, miskin və yazıq bir görkəm almışdı. Prezidentin çöhrəsində
bir anlıq istehzalı təbəssüm görünüb çəkildi. Çoxları bunu sezmədi. Rəsulun
yanında əyləşən Milli Təhlükəsizlik naziri Nəriman İmranov isə dillənmirdi. Lakin
həyəcan keçirdiyi hiss olunurdu.
"Yetişməmiş çekist”, – prezident özlüyündə fikrindən keçirdi.
– Nəriman, siz nə deyə bilərsiniz?
Prezidentin müraciətindən Nəriman İmranov diksindi. O, Prezident
aparatını tərk etmək təklifinin Heydər Əliyev tərəfindən qəbul edilib edilməyəcəyini
götür-qoy edirdi. Digər tərəfdən bu gecə vaxtı xalqa müraciət etməsini dəyərləndirirdi.
Çünki bu varianti o proqnozlaşdıra bilməmişdi. Əgər prezident xalqı hakimiyyəti
və dövləti müdafiə etməyə çağırsa, demək "işlər bitdi”. Özünü toplayıb dedi:
–Cənab Prezident, vəziyyət həqiqətən
çox ağırdır. Tədbir görmək lazımdır.
– Sizcə
nə tədbir görməliyik? – prezident soruşdu.