Təqsirləndirilən qızın ailəsi ondan elə məhkəmədəcə imtina etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Alyona Baxışova ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qardaşı Baxış Baxışovun ona əxlaqsız təklif elədiyini, bu səbəbdən onu balta ilə öldürdüyünü bildirib:
“Atam biz uşaq olanda rəhmətə gedib. Ata nənəm, anam, iki qardaşımla birgə yaşayırıq. Baxış hamımızdan böyük idi. Əsgər gedib gəlmişdi. Ortancıl uşağam, məndən də balaca Rafiq adlı qardaşım var. Ailədə hər zaman səs-küy olurdu. Baxış hərbi xidmətdən gələndən sonra tez-tez mənə sataşırdı. Ağlına gələni deyir, təhqir edir, vururdu. Bu barədə anama məlumat vermişdim”.
Təqsirləndirilən şəxs ifadəsinin bu yerində qardaşının zoofiliyaya meylli olduğunu və bunu iki dəfə gördüyünü bildirib. Onun anası Bacıxanım Baxışova da oğlunun zoofiliyaya meylli olduğunu təsdiqləyib və bir dəfə onu yaxaladığını, buna görə tənbehlədiyini bildirib (A.Baxışova ifadəsində bu məqamla bağlı detalları açıq şəkildə nəlq edir – red.).
Alyona Baxışova ifadəsini davam edib. O, bu hadisədən sonra qardaşı ilə münasibətlərin daha da pisləşdiyini deyib: “Məni tez-tez döyməyə başladı. Təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Öz otağımdaydım. Saat 3-4 arası olardı. Otağıma girdi. Cinsiyyət orqanını mənə göstərdi. Zorla cinsi əlaqədə olmaq istəyirdi. Üstümə cumdu. Əlini saçlarıma atdı. Karnizin dəmiri ilə onun başına zərbə vurdum. Həyətə qaçdım. Dalımca gəldi. Gizləndim. Amma tapdı. Gözləri çönmüşdü. Odun olan yerdən baltanı götürdüm. Qorxmuşdum. O üzərimə gələndə balta ilə başına iki zərbə vurdum. Yerə yıxıldı. Bir anlıq ayıldım. Bilmədim, neyləyəm. Həyətin küncündə yeri qazıb onu basdırdım. Yer qan olmuşdu. Yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, SDK-da işləməyə getmişəm. Davamlı olaraq hər gün mesaj yazırdım. Anam, nənəm polisə itkin düşməklə bağlı ərizə yazmışdı. Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxardım. Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orda basdırdım. Bu vaxtı məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim. Üstümə gəlirdi. Özümü müdafiə edirdim”.
Hakimlər Alyona Baxışovanın düz danışmadığını bildirib: “Sən bu cinayəti yetkinlik yaşına çatmayanda törətmisən. Düzgün danış, kimsə səni öyrədib. Sən bu boyda cinayəti tək törədə bilmərsən. Kim yardım edib? Bir meyiti sən necə qız canınla daşıya bilərsən ki? Düzgün danış, araşdıraq. Anan yazıqdır, bir övladı qəbrə, biri də türməyə gedir”.
Alyona Baxışova cinayəti özünün törətdiyini, heç kimin xəbəri olmadığını deyib.
Prosesdə zərərçəkmişin hüquqi varisi qismində anası Bacıxanım Baxışova ifadə verib. O, ifadəsində oğlunun günahı olmadığını deyib: “Ərim öləndən sonra onları çətinliklə böyütmüşəm. Onlara həm ata, həm də ana olmuşam. Alyona hərəkətləri heç xoşuma gəlmirdi. Özü üçün yaşayırdı. Özbaşınalıq edirdi. Özü yemək bişirib, özü yeyər, bizi saymazdı. Dilim qurusa, bir çay istəsəm, onu da gətirməzdi ki, öz ayağın var, get gətir. Özbaşına Qusarın özünə, toya gedirdi. Bir də gördün gecənin bir yarısı evə gəlirdi. Eyni evdə ayrı respublikada yaşayırdı. Oğlum Baxış sakit, ağıllı uşaq idi. Əsgərlikdən fəxri diplomla gəlmişdi. Fəhlə işləyirdi. Qazandıqlarının hamısını evə gətirirdi. Alyona ilə yola getmirdi. Alyonanın özbaşınalığı ona pis təsir edirdi. Alyona qoyunları naxıra aparırdı. Buna görə dəfələrlə dalaşıblar. Mən də Alyonaya deyirdim ki, qoyuna getmə, qız uşağısan. O, bizi saymırdı. Yaddaşım zəifdi, pullarımı oğurlayırdı. Dəfələrlə üstümə bıçaqla gəlib, məni döyüb”.
Bu zaman Alyona Baxışova yerindən müdaxilə edib: “Yalan danışma, anamsan, amma haqqıma girmə. Oğlunun manyak olduğunu öz gözünlə görmüsən. Oğlunu öldürdüm deyə, mənə acıqlı olub, şər atma burda. Mən nə vaxt tək Qusara getmişəm? Məktəblə, müəllimlərimlə getmişəm. Qoyuna ona görə gedirdim ki, sənin oğlun getmirdi. Allahın olsun. Mənə çörək vermədiyin günlər olub. Çörəyi qonşumuz Sənubər xaladan alırdım. Mənə tezliklə atamın yanına getməyimi arzulayırdım, qarğışlar edirdin. Baxışı özün deyirdin ki, bu döy, nə tez çıxdı yadından. Mən səni nə vaxt döymüşəm, niyə yalan danışırsan, adam anası döyər? Göydəki baxır axı, yalan danışma”.
B. Baxışova hadisə günü ilə bağlı da ifadə verib: “Gecə yatmışdıq. Səhər durdum, Baxışı soruşdum. Dedilər, yoxdur. Sonra Alyona dedi ki, nənəmə mesaj yazıb ki, SDK-ya işləməyə gedib. Əsgər yoldaşıgildə qalır. Təəccübləndim. Çünki məndən xəbərsiz o, heç yerə getməzdi. Polisə məlumat verdik. Üstündən 7-8 ay keçəndən sonra telefon evdən tapıldı. Ondan 10-15 gün sonra balaca oğlum Rafiq sümüklərini bostandan tapdı. Alyonanın öldürdüyü ortaya çıxdı. Allah onun bəlasını versin, mənim gül kimi oğlumu öldürdü. Üzünü belə görmək istəmirəm. Ömürlük həbs edin. Bir də çölə çıxmasın. Övladlıqdan silmişəm onu”.
Bundan sonra o, hakim və prokurorun suallarına cavab verib. Suallara cavab olaraq qeyd edib ki, Alyonanın hansısa bir oğlanla danışdığını, görüşdüyünü, hər hansı bir ədəbsiz hərəkət etdiyini görməyib.
Hakim bildirib ki, tibbi ekspertizada A.Baxışovanın heç kimlə cinsi münasibətdə olmadığı təsdiqlənib.
Daha sonra Alyona Baxışovanın qardaşı Rafiq Baxışov ifadə verib. O, ifadəsində qardaşının sümüklərini torpaqdan tapdığını deyib: “Qardaşım sakit təbiətli idi. Aramızda ciddi bir problem olmayıb. Bacımla son zamanlar yola getmirdi. Dalaşırdılar. Qardaşımın pis bir hərəkətini görməmişəm. Bir gün Alyonanın bostanda axşamcağı yeri bellədiyini gördüm. Soruşdum, pomidor əkdiyini dedi. Bir müddət keçmişdi. Bostanda gəzəndə qəribə iy gəldi. Torpağı qazdım, yerdən sümüklər tapdım. Polisə məlumat verdim. Məlum oldu ki, bu sümüklər qardaşımındır. Mənim Alyona adlı bacım yoxdur. Onunla danışmaq, bir də üzünü görmək istəmirəm. Lənət olsun”.
Təqsirləndirilən şəxs qardaşına sual verib. Rafiq Baxışov onun suallarına cavab verməyib. Bildirib ki, onun üzünü görmək istəmir.
Prosesdə şahid qismində ailənin qonşusu Sənubər Tayibova ifadə verib. O, ifadəsində bu ailənin səs-küylü olduğunu deyib: “Evlərində həmişə dava-dalaş olurdu. Ona görə heç kim onların işlərinə qarışmırdı. Alyona özünə qapanıq qız idi. Heç kimlə işi olmazdı. Onun kiminləsə gəzdiyinə, görüşdüyünü eşitməmişəm. Anaları Bacıxanım çox danışır. Ağzının danışığını bilməz. Dəfələrlə onunla küsmüşük. Olub ki, uşaqlara yemək verməyib, qız gəlib, mən çörək vermişəm. Bir dəfə mənim qızımın nişanı idi. Uşaqların nənəsi bizdə idi. Baxış içib piyan olmuşdu. Bağda ağzına gələn söyüşləri söyürdü. Ailə bir az səs-küylü olduğundan işlərinə qarışmırdım”.
Sənubər Tayibovadan sonra şahid qismində Qusar rayon Rəcət kəndinin sahə inspektoru Rövşən Ağamirzəyev ifadə verib. O, ifadəsində Alyonanı Qusarda saxladığını deyib: “3 ildir, orda sahə inspektoruyam. Keçən il xəbər gəldi ki, Baxış Baxışov itkin düşüb. Bununla bağlı dəfələrlə ailə ilə danışdıq. Onun axtarışı davam edirdi. Bu zaman hiss elədim ki, ailədə tez-tez dava düşür. Münaqişəli ailədir. Baxış Baxışovun telefonu tapıldı. Ondan sonra Alyonadan şübhələnməyə başladım. 7-8 ay sonra Rafiq Baxışov zəng elədi ki, sahədən iy gəlir, torpağı qazmışam, sümüklər çıxıb. Məlum oldu ki, bu sümüklər Baxış Baxışova məxsusdur. Alyona nənəsi ilə Qusarda idi. Gedib orada yaxaladıq”.
A.Baxışova ifadələr bitdikdən sonra hakimlərdən xahiş edib ki, ona nənəsinin nömrəsini versinlər, onunla danışmaq istəyir. Hakimlər gələn proses Alyonanın nənəsinin məhkəməyə dəvət ediləcəyini bildirib.
Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, hadisə keçən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İttiham görə, A. Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vuraraq öldürüb. Daha sonra onun meyitini həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq meyiti həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb. Baxış Baxışovun meyiti bir müddət sonra qardaşı tərəfindən aşkar edilib.