Dekabrın 4-də "Günəşli" yatağının 10-cu platformasında baş verən yanğın nəticəsində ağır xəsarət alan platforma rəisi Allahverdi Məmmədovun səhhəti normaldır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Allahverdi Məmmədovun özü məlumat verib.
Onun sözlərinə görə, dünən səhhəti ilə bağlı yenidən psixoloq dəvət edilib və onunla şəxsən maraqlanıb: "Sarsıntılar hələ var. Psixoloq bir müddət sakitlik məsləhət gördü. Amma ümumi vəziyyətimdə çox irəliləyişlər var".
A.Məmmədov bildirib ki, artıq bu gündən gəzməyə başlayıb. Həkimlər onun gün ərzində 5-10 dəqiqə gəzməsini məsləhət görüblər.
Hazırda stasionar müalicədə olan 12 xəstənin vəziyyəti tam normaldır və həyati təhlükələri yoxdur. Hadisə nəticəsində xəsarətləri az olan və öz xahişləri ilə ambulator müalicəyə göndərilən pasiyentlərdən isə hələlik xəstəxanaya müraciət edən yoxdur.
Xatırladaq ki, dekabrın 4-də "Günəşli" neft yatağının 10-cu platformasında baş verən yanğın zamanı 33 neftçi xilas edilib, xilasedici qayıqlardan birinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, 29 neftçi isə itkin düşüb. Aparılan axtarışlar nəticəsində 6 neftçinin meyiti tapılaraq ailələrinə təhvil verilib.