İlham Əliyev "MEYDAN UŞAĞI" Paşinyanın cığal tələbləri qarşısında geri çəkilməz

İlham Əliyev

ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələn ay həm Ermənistana, həm də ölkəmizə səfər edəcəkləri gözlənilir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan həmsədrlərin ilk növbədə İrəvana səfər edəcəklərini bu ölkədə hakimiyyətə gəlmiş yeni rəhbərliklə tanışlıq xarakteri daşıması ilə əlaqələndirib. O bildirib ki, "Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər"


Heç şübhəsiz ki, aprel-may aylarında Ermənistanda baş verən "məxməri inqilab" istər-istəməz Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla çözümü prosesinin gedişinə də təsirsiz ötüşməyib. Bu mənada, həmsədrlərin Nikol Paşinyanla və onun "yığma komanda"sının üzvləri ilə tanış olmaq, onların mövqelərini öyrənmək təşəbbüsləri tamamilə normaldır. Öz növbəsində Ermənistanın yeni rəhbərliyi də Minsk qrupunun həmsədrləri ilə yaxından tanış olmağa səbrsizlənir. Çünki məqsəd sadəcə tanışlıq deyil. İnqilabçı xəyalpərəst və fantazyor Nikol Paşinyan İrəvan meydanlarındakı qələbələrindən o qədər ruhlanıb ki, hətta Qarabağ münaqişəsinin həlli məsələsində ən ifrat və avantürist variantlara belə əl atmağa cəhd göstərir. Belə ki, N.Paşinyan sələfi Serj Sərkisyandan da daha sərt mövqe tutaraq bəyan edir ki, sülh danışıqlarında qondarma "Dağlıq Qarabağ Respublikası" da tərəf kimi, hüquqi və siyasi subyekt kimi iştirak etməli və dünya birliyi "Artsax"ın (ermənilər bizim Dağlıq Qarabağımızı Artsax adlandırırlar) müstəqilliyini tanımalıdır.

Paşinyan bu cür maksimalist və populist tələbi irəli sürməklə faktiki olaraq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması istiqamətində indiyə qədər atılmış addımları, əldə edilmiş kompromissləri sıfırlayır və danışıqlar prosesini dalana dirəyir. Bu cür radikal tələblə çıxış etmək ilk növbədə Paşinyanın sıravi ermənilərin gözündə qəhrəman obrazını qoruyub saxlamağa xidmət edir. Paşinyan həm də yaxın aylarda Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutacağı gözlənilən görüşdə psixoloji üstünlüyə malik olmaq üçün Qarabağ məsələsində radikal ritorikaya üstünlük verməyi daha məqbul hesab edir. Ancaq Paşinyanın bu hesablaması kökündən yanlışdır. Paşinyanın nə inqilab yoluyla hakimiyyətə gəlməsi, nədəki Şuşa və Xankəndinə məlum səfərində Azərbaycana qarşı sərt mövqe tutması ona heç bir psixoloji və mənəvi üstünlük, dividend qazandırmır. İlham Əliyev "meydan uşağı" Paşinyanın cığal və avantürist davranışlarının, tələblərinin qarşısında əsla güzəştə getməz, geri çəkilməz. Ermənistanın yeni baş naziri bu aksiomu indidən öz ağlının, yaddaşının bir küncünə həkk etsə yaxşıdır.

Demokrat obrazına bürünərək və S.Sərkisyanı Qarabağ məsələsini həll etməməkdə suçlayaraq hakimiyyətə yiyələnən N.Paşinyan eynən Sərkisyanın yolunu tutaraq sülh danışıqlarını dalana dirəyəcəksə bundan ilk zərəri görən də məhz Paşinyanın özü və erməni xalqı olacaq. Paşinyanın dünyadakı "demokrat" obrazı sabun köpüyü kimi uçub dağılacaq və gənc erməni əsgərlərinin atəşkəs rejiminin tez-tez pozulması nəticəsində Qarabağda həlak olması prosesi bundan sonra da davam edəcək. Bu isə öz növbəsində erməni xalqında Paşinyana qarşı narazılıq hisslərini get-gedə artıracaq. Odur ki, yaxşı olar ki, N.Paşinyan özünü "miatsum" ritorikasının əsirinə, qurbanına çevirməkdənsə, əsl inqilabçı-demokrat çevikliyi nümayiş etdirsin, işğala haqq qazandıran, Azərbaycanı ittiham edən fikirlərdən əl çəksin, Qarabağ münaqişəsinin nizama salınması üçün yaranmış əlverişli şəraitdən ağıllı bir şəkildə istifadə etsin.

Bundan əvvəl Sərkisyan uzun müddət Qarabağ məsələsinin həlli yolunda 1 nömrəli əngələ çevrilmişdi. Rusiya faktoru isə bu əngəli bir qədər də çözülməz düyünə çevirirdi. Ancaq Sərkisyandan fərqli olaraq Paşinyan münaqişənin həllində əngəl yox, açar rolunu oynaya bilər. Əlbəttə ki, əgər hələ də Rusiyanın çaldığı hava ilə oynamaq yolunu tutmayıbsa. Əks halda isə Azərbaycan öz sözünü diplomatiya masası arxasında deyil, real döyüş meydanlarında deməyə məcbur olacaq. Paşinyanda zərrə qədər siyasi uzaqgörənlik və ağıl varsa, o bu həqiqəti dərk etməlidir.


Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR