Özünü müsəlman sayanlar, siz 9 yaşlı qızınızı 53 yaşlı kişiyə ərə verərdinizmi?

Özünü müsəlman sayanlar, siz 9 yaşlı qızınızı 53 yaşlı kişiyə ərə verərdinizmi?

Tanınmış ilahiyyatçı Elşad Miri "Facebook” sosial şəbəkəsində "Özünü müsəlman sayanlar”a 4 sualla müraciət edib.

İlahiyyatçı paylaşdığı statusunda bunları yazıb:


"Özünü müsəlman sayanlar!

Peyğəmbərin 9 yaşlı qızla evləndiyinə inananlar!

Həqiqətən siz 9 yaşlı qızınızı 53 yaşlı kişiyə verərdinizmi?

Buna inanırsınızmı? Yoxsa, üzünüz qızararaq susursunuz?

Siz PEYĞƏMBƏRƏ bunu layiq bilirsinizmi?”

Diqqətimizi cəlb edən statusdakı həmin 4 sualı kifayət qədər tanınan və fikirləri ilə gündəmdə olan ilahiyyatçılardan soruşmağa çalışdıq. İlk olaraq İlahiyyat elmləri nazmizədi, BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi Elşad Mahmudovla söhbət etdik. İlahiyyatçı bu mövzuda daha çox coğrafi faktoru və o dövrün adət-ənənələrini dönə-dönə vurğuladı:



BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi Elşad Mahmudov

"Bu, dini müzakirələr üzərində gedən bir məsələdir. Söhbət burada məsələnin nə qədər düzgün olub-olmadığı deyil. Məsələyə doğru baxmaq lazımdır. Çünki burda məsələ sadəcə 9 yaşında bir qız uşağının Peyğəmbərimizə ərə verilməsindən getmir. Əvvəla onu deyim ki, Qurani-Kərim Peyğəmbərimizi, Allahın elçisi, Allahın rəsulu olaraq ifadə edir. Və biz hər şeydən əvvəl müsəlman olaraq Peyğmbərimizə iman gətirmişik. Biz onun Peyğəmbər olaraq gətirdiklərinə iman etmişik. Yəni bizim üçün bu önəmli qaynaqdır, imanın əsaslarından, şərtlərindən biridir və onun gətirdiklərinin hamısı şəksiz-şübhəsiz səmimi olaraq bir müsəlman tərəfindən qəbul edilməlidir. Onun elədiyi hər bir şey doğrudur. Çünki o, Allahın Rəsuludur və onun doğru olaraq gətirdiyi hər nə varsa hər bir şeyi biz qəbul eləyirik. Bu mənada Peyğəmbərimizin bütün evliliklərini əgər Peyğəmbərimiz bunu edibsə, Allahın elçisi, rəsulu kimi biz müsəlmanların boynudur onu qəbul eləsin və burda ortaya hər hansı şək-şübhə buraxmasın. Yəni onun Peyğəmbərliyində bir şübhə yoxdur. Əgər şübhə ilə yanaşırsınızsa, o zaman siz dindən çıxmış olursunuz. Biz müsəlman olaraq Peyğəmbərimizin doğru olaraq gətirdiyi hər bir şeyə iman gətirmişik, təslim oluruq. O belə bir şey edibsə, bir peyğəmbər, Allahın rəsulu, elçisi kimi eləyib və doğru edib. Başa düşürsüz, nə demək istəyirəm?! Bu, birinci məsələdir.


İkincisi, burada məsələ sadəcə 9 yaşında uşaqdan getmir. Biz o gün etibarı ilə Ərəbistan yarımadasının coğrafiyasının, o regionun fiziki olaraq inkişaf məsələlərini qavramırıq. Biz məsələləri günümüzə görə anlamağa çalışırıq, bugünümüzlə müqayisə edirik ki, bu da müqayisə edilməzdir. O dövrlərdə erkən evliliklər var idi və bu erkən evlilik cəmiyyətin zərurətlərindən biri idi. Cəmiyyət isə buna mənfi nöqteyi nəzərdən baxmırdı. Lakin erkən evlilik dediyimiz zaman burada müxtəlif evlilik növlərindən danışa bilərik. Erkən yaşlarında uşaqların ərə verilərək daha sonra həddi-büluğ yaşı gəldiyi zaman onlarla cinsi əlaqəyə girmə məsələsi gündəmdə olurdu. Üçüncü məsələ, qadınların və kişilərin o dövrdə günümüzə nisbətdə daha tez inkişaf etdiyini, fiziki olaraq daha tez kamilləşdiyini görürük. Çünki bəzi rəvayətlərə baxdığımız zaman bir çox səhabələr öz uşaqlarından 11-12 yaş böyük idilər. O dövr üçün bu çox real bir şey idi. Bu cəmiyyətin reallığı idi və burada hər hansı bir problemdən, mənfi baxış tərzindən söz gedə bilməzdi. Lakin bir şeyi də deyim ki, bu dövrdə Peyğəmbərimizin, islamın düşmənləri var idi. Peyğəmbərimizin hər addımında ona qarşı bir mənfilik axtarırdılar. Əgər onlar bu evlilikdə hər hansı bir mənfilik görsəydilər, dünyanı dağıdardılar. Yəni cəmiyyətin nümayəndələri o dövrdə bu cür evlilikləri çox normal qəbul edirdilər. Ona görə də burda anormal nümasibətdən danışmaq mümkün deyil.

Son olaraq sizə bir şeyi də deyim: Tədqiqatlar onu da deyir ki, bəzi rəvayətlərdə Peyğəmbərimizin Aişə anamızla evlilik yaşının 9 olaraq göstərilməsi bu sadəcə 1-2 rəvayətdən qaynaqlanır. Əslində onun yaşı 18 idi. Lakin bu nəticə Quran ayəsi deyil, sadəcə 1-2 müəllifin yazdığı rəqəmdir. Aişə anamızın dünyaya gəlməsi,ondan sonra bacı və qardaşların doğulması, ordakı rəqəmlər  Aişənin Peyğəmbərimizə ərə gedərkən 18 yaşında olduğunu deyir. Yəni burda həddi-büluğ yaşı da var. Lakin bir şeyi qeyd edim: həddi-büluğ yaşının olmaması o demək deyildi ki, Aişə anamız, bu gün bizim bildiyimiz 9 yaşlı uşaq idi. O dövrdəki fiziki şərtlər, fiziki xüsusiyyətlər, Ərəbistan yarımadasındasının isti coğrafiyada olması, onların insan orqanizminə təsiri göstərir ki, erkən evliliklər var idi və həmin evliliklər bu gün bizim anladığımız məsələ deyildi”.

– O zaman belə bir sual yaranır? Əgər o dövrün coğrafi şəraitində yaşayan qadınlar daha tez inkişaf edirdisə, bəs kişilər necə? Kişilər daha tez yaşlana bilməzdimi? Əslində 9 yaşında olub 18 yaşında görünən bir qızın daha yaşlı bir kişi ilə evlənməsi nə dərəcədə düzgün sayılardı?

"Bilirsiz, söhbət nədən gedir? Biz ordakı coğrafi şəraitin yaratdığı vəziyyəti bilmədiyimizə görə, günümüzdən yola çıxaraq o dövrü açıqlamaq bizim üçün çox çətindir. Biz bunu bir tərəfdən anlamaq istəmirik, digər tərəfdən də içimizə sığışdıra bilmirik. Mən demək istəyirəm ki, o dövrün cəmiyyəti üçün anormal hal yoxdur. Bayaq da qeyd etdiyim kimi rəvayətlərdə bildirilir ki, səhabələrimizin öv övladları ilə aralarındakı yaş fərqi 11-12 yaş olurdu. Demək ki, o vaxt kişilər də 13-14 yaşlarında erkən ailə həyatı qururdular. Bu, o dövrün cəmiyyəti üçün normal gedən proseslər idi. Lakin biz isə öz cəmiyyətimizdən, hərəkət və davranışlarımızdan, adət-ənənəmizdən, mədəniyyətimizdən yola çıxaraq düşünürük ki, görəsən onu o vaxt onlar necə edirdilər? Amma bir şeyi də nəzərdən keçirmək lazımdır: bu ogünkü cəmiyyətin yaşadığı problemdir, bizim problemimiz deyil. Şərt deyil ki, 9-10-15 yaşında qız uşaqlarımızı ərə verək. Burda hər hansı məcburiyyətdən söz getmir. Çünki bu haqda danışan kimi bir sıra qurumlar erkən eviliklə bağlı ayağa qalxırlar. Axı kimsə sizə qızlarınızı erkən ərə verin demir. Əmr də yoxdur ki, 9 yaşı olan kimi qızınızı ərə verin. İslamda qadının ərə getmə yaşı həddi-büluğ yaşıdır. Həddi-büluğ yaşı da qadının ana olmağa hazır olmasıdır. İslamda həmçinin məcburi evləndirmə deyə bir şey də yoxdur. Bunu birmənalı şəkildə bilin. İnsan neçə yaşında, nə vaxt istəyirsə evlənə bilər”.

Sosial şəbəkələrdə çıxışları ilə məşhur olan Əlixan Musayevin fikirləri isə Elşad Mahmudovdan bir qədər fərqləndi. Dialoq şəkildə baş tutan söhbət zamanı Əlixan Musayevin sonuncu sualımıza verdiyi cavab isə onun bu mövqeyini ortaya qoymuş oldu. Aydın oldu ki, insanları danışıqları ilə günahlandıran dindarların əslində özləri də bu məsələdən nə xəbərdardırlar, nə də buna razıdırlar:


"Niyə dünyanın bir çox ölkələrində 9-10-13 yaşlı qızlar erkən yaşda ana olur, ondan danışmırsız, lakin Peyğəmbərimizə şəkk gətirirsiz, onun elədiklərinə tənqidlə yanaşırsınız? Ərəblərdə 4 arvadlılıq var. Məsələn, siz buna razı olarsız? Əlbəttə, yox! Amma həmin dövrdə Peyğəmbərimizin 11 arvadı olub. İndi ərəblər 11 arvad almalıdır? Peyğəmbərimizin arvadları arasında özündən yaşda böyük olanı da var idi, Xədicə anamız kimi. Aralarında Aişə anamız kimi yaşda kiçik olanı da var idi, dul olanı da… peyğəmbərimiz bunları edib. Amma bu o demək deyil ki, biz də bir müsəlman kimi bunları eləməliyik. Əgər bunlar bizim cəmiyyətdə müsbət qarşılanmırsa və insanlar etiraz edəcəksə, bunları etmək lazım deyil”.

"Bəs, Peyğmbərimizin 9 yaşında bir uşaqla evlənməsinə necə baxırsız?"- sualına Əlixan Musayev "Siz buna qarşı çıxırsız, buna şübhə edirsiniz? Siz Peyğəmbərə şəkk gətirirsiniz? Əgər belə deyirsinizsə, demək, Allahın Rəsuluna şəkk gətirirsiniz. Peyğəmbərimiz elə edibsə, demək ki, elədir və bunu belə də qəbul etməliyik”.

– Bəlkə Aişə anamızın yaşı səhv hesablanıb? Çünki inanmıram ki, peyğəmbərimiz uşaq yaşlı bir qızla evlənsin?!

-Yox, yox… səhv hesablama yoxdur, nə yazılıbsa hamısı düzdür. Sadəcə o vaxtın qadınları erkən inkişaf etdikləri üçün indiki kimi deyildilər. Lakin indi insanların əksəriyyəti günü-gündən cılızlaşdığı üçün bu faktla razılaşmaq istəmirlər.

– O zaman Əlixan müəllim, son olaraq bir sualı vermək istəyirəm: Siz 9 yaşında olan qızınızı 52-53 yaşlı bir kişiyə ərə verərsinizmi?

Bu, cəmiyyədə müsbət qarşılanmırsa, əks reaksiyaya səbəb olursa, xeyir, vermərəm!

Aldığımızın cavabların fonunda daha fərqli bir cavab eşitmək üçün İmam Rza məscidinin axundu Mirhəmid Həsənovla söhbət etdik. Sanki bir-birinə zəncirvari şəkildə ötürülən, hamıda eyni fikir formalaşdırmağa çalışan dindarlar, görünür, cəmiyyətdə də fərqli fikirlərin yaranmasının əleyhinədirlər. Məsələn, Mirhəmid müəllim Aişənin 9 yaşında deyil, daha böyük yaşda olmasını qeyd etsə də, bunu dönə-dönə ixtilaflarda deyildiyini vurğuladı:

"O dövrün insanlarının fizioloji görünüşlərini indikilərlə müqayisə etmək düz deyil. Çünki o dövrdə insanların orqanizmi daha başqa səviyyədə olub. Amma indi daha başqadır. İkinci məsələ budur ki, hər dövrün özünün adət-ənənələri olur. Məsələn, 50 il bundan əvvəl bir ailənin oğlu vəfat edəndə həmin gəlini digər qardaş alıb saxlayırdı, onu çölə atmırdı. Lakin indi buna pis baxırlar. Lakin bu gün bu adətə başqa cür baxırlar. Yəni zamanın özünün də o dövrlə nə qədər fərqi var. Üçüncü məsələ, Aişə anamızın Peyğəmbərimizə ərə gəlməsində ixtilaf var. Bəziləri deyir ki, əslində onun 9 yaşı yox, daha çox yaşı olub. Bu cavab ona görə deyil ki, o dövrdə 9 yaşında qız alınmırdı və ya almaq olmazdı?! Bu sualdan can qurtarmaq kimi deyil. Yəni həmin ixtilaflar Aişənin 9 deyil, daha çox yaşının olduğunu bildirir. Dördüncü məsələ, təkcə o dövrdə deyil, bizim xalqlarda da, təxminən 70 il bundan əvvəl belə bir adət var idi: bir qız uşağını 9-10-11 yaşında ərə verirdilər, qız ər evinə gəlirdi, orda yaşayırdı, lakin yaxınlıq münasibətləri olmurdu. Demirəm ki, Aişə anamızın Peyğəmbərlə başqa münasibəti var idi, sadəcə tarixdə belə hadisələrin olduğunu xatırlayıram. Beləliklə, bunlar birlikdə yaşayırdılar və bir müddətdən sonra ər-arvad kimi həyat sürürdülər. Bayaq tarixi məsələləri dedim, lakin bu gün bunu əsas gətirib qızlarını erkən yaşda ərə verən ailələrə pis baxıram. Qanuni baxımdan ərə gedən qızın həm cismi, həm də fiziologiyası imkan verməlidir, əqli və dərki olmalıdır ki, ərə getsin. Çünki həmin qadın ailə idarə edəcək, övlad tərbiyələndirəcək. Yəni orqanizmi hələ tam inkişaf etməmiş bir qız uşağı necə ərə gedə bilər, uşaq tərbiyə edə bilər ki? Hətta bir insan fiziki baxımdan inkişaf edibsə, cüssəlidirsə, lakin əqli cəhətdən hələ ailə həytının nə olduğunu dərk etmirsə, o necə ailə qura bilər?! Qadın hər iki baxımdan ailə həyatına hazır olmalıdır”.

Məscid axundu hətta indiki qanunla 18 yaşında qızlarımızın ərə verilməsinə müsbət yanaşmadığını bildirdi:

"Ölkə qanunlarımız var, bu da hesablanmış qanunlardır. Belə ki, ölkəmizdə 18 yaş həddi var və buna riayət olunmalıdır. Məsələn, bizə kəbin üçün müraciət edəndə biz həmin cütlüklərdən mütləq şəkildə şəxsiyyət vəsiqələrini tələb edirik ki, evlənəcək insanların yaşı buna imkan verir, ya yox? Ümumiyyətlə, düşünürəm ki, indinin özündə 18 yaşında bir qızın ərə getməsini erkən sayıram. Bunu şəriət baxımından deyil, dünyagörüşü baxımdan qeyd edirəm. Çünki 18 yaşında olan qız hələ həyatı tam dərk edə bilmir. Həmçinin bugünkü dövrdə onun orqanizmi ərə getməsinə cavab verə bilmir”.

Sonda məscid axunduna Əlixan Musayevə verdiyimiz sualı da təkrarladıq: "Bir ata kimi, bilmirik qızınız var ya yox, 9 yaşında qızınızı Peyğəmbərimiz yaşında olan bir kişiyə ərə verərsinizmi?”

"Əslində bu sual əqli sual deyil. Ümumiyyətlə, kiminsə ümumbəşəri olan sualı kiməsə verməsi, tətbiq etməsi və ondan da onu tələb etməsi yaraşan hal deyil. Halbuki ümumbəşəri qanunlarda çox şeylər var. Sualı mən belə qoysam ki, "Ay xanım, siz istəyərsinizmi ərə gedəsiniz, boşanasınız, təzədən ərə gedib, bir ildən sonra yenə boşanasınız? Eyni hal bir neçə dəfə təkrarlansın? Buna necə cavab verəsiniz? Mən əslində sual vermirəm, misal göstərirəm. Siz cavabında "yox, ərə getmərəm” deyərsiniz. Mən sizə deyə bilmərəm axı "yox, siz ərə getməlisiniz!” Axı qanunda belə bir şey yoxdur. Yəni hər adamın öz məramı var. Birisi kiməsə deyə bilməz ki, sən sarı, yaxud qara paltar geyinməlisiz. İnsanların öz seçimi var, bu sualın kökü düz deyil”.

Peyğəmbərimizin 9 yaşında Aişə anamızla evlənməsinin nə dərəcə düzgün olub olmadığını isə, əlbəttə ki, mövzuya toxunan ilahiyyatçı Elşad Mirinin özündən öyrənmək, bəzi ilahiyyatçıların insanların beyinlərində çoxlu sual yaradan fərziyyələrinə elmi və tarixi sübutu ilə aydınlıq gətirmək gözəl olardı!

"A24.az” ötən il bu mövzuda çıxış edən Elşad Mirinin videogörüntüsünü təqdim edir:

Aktual.az
Xəbər 1110 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR