"Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına
nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur.
Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə
edilməməsi olduğu müəyyən olunub”
Bu məlumatı "Qafqazinfo”ya açıqlamasında Bakı
şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi,
polkovnik Vaqif Əsədov açıqlayıb.
V.Əsədov bildirib ki, bu səbəbdən Bakı şəhəri üzrə
təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsinə yol polisi əməkdaşları
tərəfindən diqqət artırılıb və qaydanı pozan şəxslərin inzibati məsuliyyətə cəlb
olunması üçün müvafiq addımlar atılacaq: "Sürücülər görüntü naminə və ya cərimə olunmamaq
üçün yox, düzgün qaydada kəməri bağlasınlar. Bəzən qış aylarında qalın geyim
geyinirlər, üstündən də kəməri bağlayırlar. Bu zaman kəmər düzgün bağlanmır və
təhlükəsizlik yastığı varsa, bu da ayrıca bir fəsad verə bilər. Düzgün bağlamaq
o deməkdir ki, kəmər çiyinlə boyun arasındakı boşluqda olmalıdır. Kəmər vətəndaşı
avtomobilin banına bərkidməlidir ki, maşın bir neçə dəfə aşsa da, həmin şəxs
ağır xəsarət almasın.
Sürücülərə müraciət edərək bildiririk ki, təhlükəsizlik
kəmərlərindən istifadə etmək ilk növbədə yol mədəniyyəti, Yol hərəkəti haqda
qanuna hörmət əlamətidir. Ən nəhayət baş verə biləcək yol qəzasında sürücü və sərnişinlərin
həyat və sağlamlığının 65-70 faiz, bəlkə də daha çox qorunması deməkdir. Yol hərəkəti
haqda qanunun tələbinə görə, sürücü və sərnişinlər hərəkət zamanı təhlükəsizlik
kəmərindən istifadə etməlidirlər. Bunu görüntü üçün yox, düzgün formada etməlidirlər.
Kəmərdən istifadə etmək insan orqanizminə də müsbət
təsir göstərir. Bu gündən etibarən sürücülər bilsin ki, təhlükəsizlik kəmərindən
istifadə edilməzsə, onlar saxlanılacaq və protokol tərtib olunacaq. Həm də sərnişinlərdən
təhlükəsizlik kəmərindən istifadə etməyi tələb etsinlər. Əks halda, sərnişinə
görə də onların avtomobili saxlanılacaq və cərimə tərtib olunacaq. Sərnişinlərin
təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə onların özünün 30 manat cərimə
edilməsi nəzərdə tutulur”.
Polkovnik V.Əsədpv qeyd edib ki, ən vacib məsələlərdən
biri, hərəkətdə olan avtomobillərin içərində nəzarətsiz formada hərəkət edən
uşaqların olması, azyaşlı uşaqların öndə, arxada ortada oturmasıdır: "Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən
xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni
zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi
oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun
olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati
təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman
avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət
alır, bu da ölümə səbəb ola bilər”.
V.Əsədov deyib ki, qeyd olunan hallarla bağlı
xüsusi reyd keçirilməyəcək: "Yol
polisi əməkdaşları şəhərin bütün nöqtələrində bu cür qayda pozuntusu ilə
rastlaşarlarsa, sürücünü saxlayıb cərimə tərtiq edəcəklər. Bəzən sürücülər
deyirlər ki, heç nə etməmişdim yol polisi məni saxladı. Əgər onlar yol polisi əməkdaşları
tərəfindən saxlanılmalarını istəmirlərsə, təhlükəsizlik kəmərindın və xüsusi
oturacaqlardan istifadə etsinlər.
Bu gün yeni istehsal olunan maşınlarda kəmərdən
istifadə etmədikdə yol boyu xəbərdarlıq siqnalı verilir. Eyni zamanda,
Yaponiyada 2016-2017-ci il istehsalı olan bəzi avtomobillərdə kəmər
bağlanmadığı təqdirdə maşın işə düşmür. Həmin maşınlarda güzgünün üstündə kəmər
olur, maşını işə salan kimi kəmər avtomatik sürücünün çiyni üzərindən hərəkət
edərək bağlanır. Bu faktın özü təhlükəsizlik kəmərindən istifadənin nə qədər
vacib olduğunu ortaya çıxarır”.
İdarə sözçüsü bildirib ki, fevralın 15-də gün ərzində
Bakı şəhərində keçirilən tədbir zamanı 760 sürücüyə, 31 sərnişinə təhlükəsizlik
kəmərindən istifadə etməməyə görə protokol tərtib olunub: "Eyni zamanda, azyaşlı uşaqların daşınması zamanı
xüsusi oturacaqdan istifadə etməyən 16 sürücü cərimələnib. Onlardan biri hətta
şikayət də edib. Özü etiraf edir ki, azyaşlı uşağı ön oturacaqda otrudub və kəmər
də bağlayıb. Amma təkcə kəmər bağlamaq düzgün deyil, xüsusi oturacaq olmalıdır
ki, sürücünün diqqəti uşaqda qalmasın. Məsələn, uşaq öndə oturarkən əyləcə
basanda istər-istəməz sağ əlini uşağın qabağına tutursan ki, harasa dəyib əzilməsin.
Bu da sürücünün diqqətini yayındırır”.
Vaqif Əsədov yayıla biləcək şayiələrin qarşısını
almaq üçün öncədən məsələnin mahiyyətini açıqlayıb: "Çox güman ki, bu yazını oxuyanlar elə hiss edəcək
ki, yenə şəhərə kimsə xüsusi oturacaqlar gətirib satmaq istəyir. Xeyr elə
deyil, həmin oturacaqlar artıq şəhərdə var. Biz sadəcə qanunun tələbinin yerinə
yetirilməsini xahiş edirik. Güzəştə getmədən yol qəza hadisələrinin sayının
azaldılması və xəsartlərin yüngülləşdirilməsi üçün funksional vəzifəmizi yerinə
yetiririk. Bununla bağlı da rəhbərliyimiz qarşısında hesabat veririk.
Azərbaycan vətəndaşlarına müraciət edirik, yay
aylarında ölkəmizdə idman yarışları keçiriləcək, xaricdən paytaxtımıza
qonaqlar, turistlər gələcək. Əcnəibilər yol hərəktinə xüsusi diqqət yetirirlər
və onlarda bir təəssürat formalaşır. Xahiş edirik, qanuna olan hörmətinizi
bildirin, qoy turistlər öz ölkələrinə yüksək təəssüratla qayıtsınlar”.