"Yerlə sürüyürdü, bədənimi ütüylə yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün"


Aliyəni tapanda polislər və hüquq müdafiəçiləri dəhşətə gəlmişdilər...


...Həmin gecə Aliyənin yuxusu gəlmir. Başını qatmaq üçün "Facebook"a girir. Bir elan diqqətini çəkir:
"Özüm namaz qılanam. Ailə qurmaq istəyirəm. Dindar qız axtarıram. Cəmi bir dəfə ailəli olmuşam. Evliliyim cəmi bir gün çəkib".
Altında da çoxlu neqativ rəylər. Əksəriyyət statusun sahibini təhqir edir, onu manyak, narkoman adlandırır. Bu, Aliyəyə şübhəli gəlir. Ola bilməz axı bu qədər adam bunu tanısın?! Özü də bilmədən həyatının səhvini edir: "Bəyəm siz onu tanıyırsınız ki, belə şey yazırsınız?" - deyə rəy yazır.
Azadqadin.az lent.az-a istinadən bildirir ki, hər şey tək bu rəylə başlayır. Aliyənin o rəyi yazmaqla ona dəstək olduğunu düşünən Rüfətdən ona mesaj gəlir:
"Onlar yalan danışır, mən narkoman deyiləm. İstəyirsiniz, gəlin görüşək, qollarımı göstərim. Mən normal adamam. Sadəcə olaraq, bəxtim gətirmədi. Bu gün evləndim, sabah boşandım".
Mansurova Aliyənin 27, Mehdiyev Rüfətin isə 35 yaşı var. Hər ikisi evlənəcək, ailə quracaq yaşdadırlar. Zamanla onlar arasındakı virtual ünsiyyət daha da isinir və telefonla danışmağa başlayırlar. Telefon danışıqlarının uzun çəkdiyini görən Aliyənin anası dəfələrlə qızını tənbeh edir. Niyyətinin ciddi olduğunu sübut etmək istəyən Rüfət Aliyənin ailəsiylə danışmaq qərarına gəlir. O, "evlənəcək cütlüyün bir-birini əvvəlcədən tanıması gərəkdiyini" deyir:
"Şəkildə adam bir cür düşür, həyatda başqa cür. Görüşək, tanış olaq".
Aliyənin anası əvvəl etiraz etsə də, sonradan onların görüşünə icazə verir. Rüfət qızın anasına kişi kimi söz verir ki, narahat olmasın, bir-iki saat söhbət edib qızı evlərinə gətirəcək.
Martın 29-da "Koroğlu" metrostansiyasının qarşısında görüşürlər. Rüfət Aliyəyə evə getmək məcburiyyətində olduğunu bildirir. Həyətdəki itin yeməyini verməyi unudubmuş. Bir qədər dil tökəndən sonra Aliyəni onunla evə getməyə razı salır. Deyir, mən müsəlmanam, islama görə, nikahsız bir qadına toxunmaq günahdır. Aliyə Rüfətin də inancına güvənib razılaşır. Lakin bir şərtlə ki, o, maşında gözləyəcək.
Beləliklə, onlar Rüfətin Zabratdakı evinə gedirlər. Evə çatanda Rüfət yenə şirin dilini işə salır və eyni sözlərlə Aliyənin maşından düşməsinə nail olur. İtin yeməyini verir, sonra onlar evə keçirlər. Rüfət Aliyəyə təklif edir ki, evə göz gəzdirsin, evdə nəyin olub-olmadığına baxsın. Gələcəkdə cehiz gətirərkən ona lazım olacaq.
- Evə girəndə divanın açıq olduğunu gördüm. Narahat oldum. Rüfətə dedim, məni evə aparsın. Həyətdə Qafqaz cinsindən olan "ovçarka" saxlayır. Özüm çıxıb gedə bilməzdim. Açıq qoymuşdu. Çıxsam, parçalayacaqdı. Rüfət elə öyrətmişdi ki, özündən başqa hamıya cumurdu. Yavaş-yavaş mənə yaxın gəlməyə başladı. Bunun günah olduğunu desəm də, etməsin deyə, dil tökdüm, məhəl qoymadı. Əlimdən tutanda etiraz elədim. Üzümə sillə vurdu. Dalınca bir neçəsini də vurdu. Yıxıldım divana.
Aliyənin heç bir sözünə əhəmiyyət verməyən Rüfət əvvəldən planlaşdırdığı niyyətini reallaşdırır.
- Evə getmək istəyirdim. Nə qədər yalvarsam da, mənə fikir vermirdi. Dedim, nə olub-olub, apar məni evimə. Yaşlı anam-atam var. Dedi, bu qapıdan çıxsan, bir daha üzümü görməyəcəksən. Sonra mamam zəng etməyə başladı. Çünki Rüfətin dediyi vaxtdan xeyli keçmişdi. Hava qaralırdı. Hər dəfə mamamın zəngini cavabsız qoyurdu. Sonda telefonu açıb dedi ki, Aliyə daha mənim qadınımdır və o evə qayıtmayacaq.
Ana vəziyyəti ərinə danışır. Aliyə onların yeganə övladı idi. Bu formada ərə getməsini istəmirdilər. İsrarla Rüfətdən Aliyəni evə gətirməsini tələb etsələr də, Rüfət əgər Aliyə bu qapıdan çıxarsa, bir daha onun üzünü görməyəcəyini deyir. Evdə bakirəliyi pozulmuş qızla camaatın onların ailəsi haqqında nə düşünəcəyini öncədən təsəvvür edən yaşlı ata-ana məcbur susmalı olur: "Təki qızımız xoşbəxt olsun!"
Bir neçə gündən sonra Rüfət Aliyəni Nardaran pirinə aparır və orada hər iki tərəfin qohumlarının iştirakı olmadan dini kəbin kəsdirir. Bundan sonra oğlanın anasıgilə gedirlər. Qaynanası Aliyənin barmağına üzük də taxır.
Aliyə qaçırılmazdan əvvəl özəl şirkətdə müdir köməkçisi işləyirdi. Ailə qurandan sonra da işinə davam edir. Hər şeyə qısqanan Rüfət Aliyənin işləməyinə razı olur. Aliyə əvvəldən onun banka kredit borcunun olduğunu desə də, aylıq ödəniş gününün vaxtı çatanda Rüfət dava salır.
- Papagilə getdik. Dedi ki, evi satıb qızınızın kreditini bağlayın. Papam da dedi ki, az-az özüm ödəyərəm. Beş min üçün evimi niyə satım ki?!
- Krediti nə üçün götürmüşdün?
- Anamı və özümü müalicə etdirdim. Qalan pula da evin təmirini bitirdim. Maaşım normal idi. Bunu nəzərə alıb götürmüşdüm.
Qaynatasının "yox" cavabı Rüfəti qane etmir. Evə qayıdandan sonra hirsini hamilə arvadından çıxır. Aliyənin atası isə sonradan Rüfətlə razılaşır və "müştəri çıxsın, satacağıq", deyir. Lakin evin satışı yubandıqca Rüfət acığını arvadından çıxır.
Rüfətin evinə gəldiyi ilk gündən uşağa qalan Aliyənin ər evində qara günləri başlayır. Ərinin onu döyməyə daim bir səbəbi olur. Bir dəfə yemək duzlu olanda, növbəti dəfə Aliyə qaytaranda.
- Bütün qadınlar hamiləlikdə ürəyi bulanır, qaytarır. Amma Rüfət icazə vermirdi. Deyirdi, israf edirsən yeməyə. Bir neçə dəfə hətta öz qusuntumu yeməyə də məcbur edib. Çarəsiz yeyirdim. Qız vaxtından çay içməkdən xoşum gəlməz. İçəndə qaytarmağım gələrdi. O, mənə su içməyə qoymurdu, balaca fincan çaya elə olurdu üç xörək qaşığı şəkər atıb məcbur edirdi içim.
Yenə döyüləcəyindən qorxan qadın ərindən xəlvət ürəyi yananda ayaqyolundakı krantdan istifadə edir. Aliyənin ər evindəki işgəncələri günü-gündən dözülməz həddə çatır. Zamanla silləylə başlayan zərbələr sonra təpiklə əvəzlənir.
- O evə gələn günü telefonumu əlimdən aldı. Günü bu günə qədər də mənim telefonumu işlədir. Nömrəmi sındırdı. Mamamgildə köhnə telefon vardı. Dedi, versinlər sənə. Öz adına təzə nömrə aldı. Kimsəylə danışmağa qoymurdu. Ancaq özünə zəng edə bilirdim. Nə mamama, nə papama zəng edə bilməzdim. Nömrə onun adınaydı. Sonra zənglərin siyahısını çıxartdırıb xəbər tutardı deyə, gizlin də zəng etməzdim. Bir dəfə hamiləliklə əlaqədar rəfiqəmə zəng etmişdim. Həkimdi. Onu deyəndə məni bərk döydü. Ondan sonra qəti heç kimə zəng etmədim. Döyülmək istəmirdim. Onsuz da hər gün döyülürdüm.

May ayında özünün iş tapdığını deyib, Aliyəni işdən çıxarır. Bundan sonra Aliyənin vəziyyəti daha da pisləşir.
Rüfətin anası da gəlmişdi. Bir nəfər də ayrı qadın. Tanımadığım qadın mənə dedi ki, təklikdə mənimlə söhbət etmək istəyir. Otaqda öyrəndim ki, bu qadın Mehriban xanımdır. Hər şeyi etiraf elədim ona. Dedim, çox qorxuram. Dedilər, bölməyə getməli, izahat yazmalıyam. Sabunçu rayonu, 15-ci polis bölməsinə. Əvvəl Rüfət etiraz elədi, sonra razılaşdı. Orada bizim bölmə rəisi gözləyirdi. Dedi, arvadıma təklikdə bir söz deyim, sonra gedərik. Otağa girdik. Başladı mənə yalvarmağa ki, doğulacaq balamın canına and içdi ki, bir daha sənə əlimi vurmayacam. Heç yüksək səslə danışmayacam. Sənin üçün qul olacam. Bircə məni tərk eləmə. Getdik bölməyə. Mənimlə anası Rüfətin maşınıyla getdik. Yolboyu maması elə hey gileylənirdi ki, evə polis gətirdilər, biabır olduq. Bölmədə izahat versəm də, dedim, mən qayıdıram evimə, ona sonuncu dəfə şans vermək istəyirəm. Bəlkə, düzəldi. Buna baxmayaraq, mənə tibbi ekspertizaya yazdılar. Səhər dördə qədər bölmədə olduq. Evə gələndə maşında Rüfət, anası, bir də mən vardım. Məni evə düşürəndə dedi ki, gözlə, gör sənin başına nə oyun açacam. Anamı evinə düşürüb gəlirəm. O gedən kimi Mehriban xanıma mesaj yazdım ki, çox böyük səhv elədim. Birini də polisə göndərdim ki, mən qayıtmaq istəyirəm. Dalınca valideynlərimə zəng elədim. Dedim, mən çox böyük səhv elədim, evə qayıtmaq istəyirəm. Mən sizə xəbər edəndə, polisə xəbər verərsiniz. Rüfət evə gələndə mənə dedi ki, divara söykən dur. Mənim də taqətim qalmamışdı. Divardan sürüşüb düşürdüm yerə. Yıxıldıqca, saçımdan tutub təkrar qaldırırdı. Dedi, evə ikinci qadın gətirəcək. Sən də onu qəbul edəcəksən. Bir qədər sonra qapı döyüldü. Qonşu gəlmişdi. O qapıya çıxan kimi valideynlərimə zəng elədim. Həmin gün polislər təkrar gəldilər. Bu dəfə atam da gəlmişdi. Atamı görən kimi başladı diz çöküb yalvarmağa. Gah mənə, gah atama. Bu dəfə inanmadım. Yeriyə bilmirdim. Atam çiynimdən tutub evdən çıxaranda Rüfət qapını bağladı. Atam qapıya bərk vurdu. Müstəntiq çöldə idi. Hicabsız idim deyə, içəri girməmişdi. Çöldən qapını açdı və biz çıxdıq. Həmin günü evimə gəldim.
Bundan sonra faktla bağlı cinayət işi açılır və iş Suraxanı Rayon Polis İdarəsinə verilir.
- Əvvəl 133-cü maddə (işgəncə vermə) cinayət işi açılmışdı. İndi baxıram, maddəni 128-ə (qəsdən sağlamlığa yüngül zərər vurma) dəyişiblər. Rüfətin bacısının əri ərəbdir. Küveytdə yaşayır. İmkanı yaxşıdır. Rüfətə maddi kömək olur. İyulun 27-də Rüfəti 133-cü maddə ilə tutdular. Avqustun 23-də maddəni 128-ə dəyişib, ayın 27-də buraxıblar. Azadlığa buraxıldığını məhkəməmiz olacağı haqda bildiriş gələndə bildim.
- Narazılığınız nədəndir?
- Mənim xəbərim olmadan müstəntiq maddəni dəyişib. O, mənə yüngül xəsarət yetirməyib. Hamilə olduğumu bilə-bilə dəfələrlə mənə işgəncələr verib. Sentyabrın 29-da birinci məhkəməmiz oldu. İşə baxıldı və məhkəmə tərəfindən işi aparan Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Məmmədov Asəf haqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərini pozulması barədə xüsusi qərar çıxarılması göstərildi. İşə təzədən baxılması üçün vəsatət qaldırmışdım. Vəsatətim qismən təmin edilib. İş prokurorluğa qaytarılıb. Mənim işimə tam baxılmalıdır. Tələbim odur ki, 133-cü maddə qaytarılsın, Rüfət həmin maddə ilə cəzalanmalıdır. O, mənə dəfələrlə təcavüz edib, sağlamlığıma zərər yetirib. Tibbi ekspertizanın rəyində də qeyd olunub. Kəllə-beyin travması almışam, bədənimdə çapıq izləri, əlimin üstündə yanıq izi var, hamilə vəziyyətə dəfələrlə döyülmüşəm. Buna yüngül xəsarət demək olar? Dəfələrlə döyüldüyümü sübut edəcək fotolar, ekspertizanın rəyi var. Şahidlərim var. Mamamın gözü önündə döyüb, ütü ilə əlimi yandırıb. Rüfət mənə dəfələrlə zəng edib yalvarıb ki, onu bağışlayım. Hətta mənə pul da təklif ediblər. Yaxın durmamışam. Mən A. Məmmədovdan dəfələrlə soruşmuşam, məni əmin edib ki, istintaq 133-cü maddə ilə aparılır. Rüfət də sentyabrın 27-dək Kürdəxanıda qalacaq. Amma yalan deyib. O, mənə təklif edirdi ki, onların mənə təklif etdiyi pulu götürüb, Rüfətlə geri qayıdım. İki həftə olar iş prokurorluqdadı. Amma mənə heç bir məlumat verilməyib, çağırmayıblar da. İş kimə verilib, bilmirəm. Nigaranam. Növbəti müstəntiq işi necə aparacaq? Onu da bilmirəm. Ailəsi təzədən pul verib öz əməlini təzədən ört-basdır edəcək, yoxsa ədalətli qərar verəcək? Hamilə qadının hüquqlarını belə tapdalamaq olar? Bu işin axırı necə olacaq, bilmirəm?

Aliyə artıq öz evindədir. Ata və anasının yanında. Daha Rüfət onu incidə bilmir. Etibarlı əllərdədir. O da, bətnindəki 7 aylıq balası da. Hələ dünyaya gəlmədən atası tərəfindən şiddətə məruz qalmış körpənin vəziyyəti də yaxşıdır. Elə Aliyənin özü də. "Təmiz Dünya" İB tərəfindən reabilitasiya alıb. Həyata ümidlə baxır. Səbirsizliklə balasının doğulacağı günü gözləyir. "Onun üçün yaşamağa dəyər!" deyir. Tək istəyi məhkəmənin haqqında ədalətli qərar verməsi, Rüfətin layiqincə cəzalanmasıdır. Bundan sonra gələcək Aliyələrin təkrar bunları yaşamasın deyə.

P.S. Sanki nağıldır. 27 yaşında belə səhv etməkdən pis olacaq heç nə yoxdur (

Xəbər 2895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR