Bu gün 1 noyabr Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 40 saylı ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi irəli sürülən Quliyev Musa İsa oğlunun seçicilərlə görüşü keçirilib.Tədbir şəhərin İsrafilbəyov küçəsi, 5 saylı poliklinikanın filialının qarşısındakı meydanda reallaşıb.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin gerçəkləşdirdiyi siyasət nəticəsində Azərbaycan bölgədə və bir çox ölkələr arasında liderlik mövqeyini qoruyub saxlayır, əhalinin rifahı gündən-günə yaxşılaşır. Bütün bunların nəticəsidir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib partiya adını qazanıb. Bu ilki seçkilərə də partiyamız mütəşəkkil surətdə, qələbə ovqatı ilə qatılmış, namizədlərin siyahısına seçici rəğbətini və inamını qazanan tanınmış və nüfuzlu şəxsləri daxil etmiş, uğur qazanmaq üçün seçicilərin iradəsini, namizədlərin ictimaiyyət arasında hörmət və nüfuzunu, işgüzarlığını əsas meyar kimi götürüb. Bu amillər YAP-ın seçkilərdə qələbəsini şərtləndirən əsas arqumentlərimizdir.
Naqif Həmzəyev 40 saylı ikinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülən Quliyev Musa İsa oğlu barədə seçicilərə ətraflı məlumat verib, onun ötən illərdəki deputatlıq fəaliyyətini konkret faktlarla təhlil edib. O, həmçinin bütün seçiciləri Musa Quliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvləri və seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və Musa Quliyevə səs verəcəklərini bildiriblər. Musa Quliyev çıxışında qeyd edib ki, YAP-ın namizədi olmaq son dərəcə fərəhli haldır və böyük məsuliyyətdir. Namizəd seçicilərə müraciət edərək bildirib ki, əgər məni yenidən Milli Məclisin deputatı seçsəniz, bundan sonra da hər bir seçicinin müraciətinə və problemlərinin həllinə daha həssaslıqla yanaşacaq, imkanım daxilində onların həllinə səy göstərəcəyəm.