Xalqımız, Xalq artistimiz və telekanallarımız

Xalqımız, Xalq artistimiz və telekanallarımız

Bir xalq artistimiz telekanalların ünvanına bir daş atdı. Neçə gün, neçə gecədi xalqımız həmin daşı götürüb o yanına, bu yanına baxmaqla məşğuldu. İki Koreya dövlətinin barışması, Trampın "Ağ Ev"də oturub İranı ingiliscə hədələməsi, Putinin yenə vəzifədə qalması heç kimin umurunda deyil.
 
Paşinyanın Ermənistanı və erməniləri barmağına dolaması da kimsəni maraqlandırmır. Yeri gəlmişkən, hər çıxışında teletamaşaçıları xeyli güldürən politoloq necə demişdi? Paşinyan ermənipərəsti. Vallahi elə beləcə də demişdi...
Cəhənnəm olsun Paşinyan da, onun böyür-başındakılar da. Xalq artistimizdən yazırdım axı. Həmin Xalq artistindən ki, telekanallarımızı yaş yuyub, quru sərib. Əslində heç düz eləməyib, gül kimi TV-lərimizi yaş yuyub, quru sərməyə ehtiyac yox idi. Nə olub bizim telekanallara? Əli Mirəliyev Telli Borçalını çağırır, Tolik Samiraldonu, Zaur da bütün günü öz adaşını haylayır. Yeyib-içirlər, evlənib-boşanırlar, geyinib-soyunurlar, dalaşıb-döyüşürlər, fala baxırlar, cin çıxarırlar... Efirdə daha nə olmalıdı ki? Tənqid edən Xalq artisti ən yaxısı budu gedib öz işi ilə məşğul olsun, efirimizi göz bəbəyi kimi qoruyan Milli Teleradio Şurasının işinə qarışmasın. Xalq artisti MTRŞ-dan çox bilir bəyəm? Görün heç Milli Teleradio Şurası Xalq artistinin əvəzinə kinoya çəkilirmi?
Səhər-axşam xalqımız üçün dadlı-duzlu yeməklər bişirən, onu hər cür cin və həliyulalardan qoruyan telekanallarımızı bəyənməyən Xalq artistindən elə şeylər bilirəm ki... Həmin o Xalq artisti əslində "Babək prospekti" filmində baş rola çəkilməməli idi, Babəkin qohum-qardaşı da onun çəkilməsini istəmirdilər, elə hey yuxarılara şikayət məktubu yazırdılar. Amma sonda nə oldusa... Hələ mən "Dədə Qorqud Parkı", "Qatır Məmməd küçəsi", "Hüseyn Cavid prospekti" ilə bağlı bildiklərimi yazmıram...
Xalqımızın dürlü-dürlü telekanallarını bəyənməyən Xalq artisti deyir ki, guya əvvəllər efirdə nümunəvi adamları çıxarırmışlar. Guya indi efirdə görünənlər elə geyinir ki, sanki bunların yiyəsi-filan yoxdu. Birincisi, əvvəllər çox şeylər olub, əvvəllər camaat müharibədə qalib gəlirdi, kosmosa uçurdu. İkincisi, hələ Ulan-Bator Elmlər Akademiyası insanın nümunəvi olub-olmamasını müəyyənləşdirən aparat icad etməyib. Üçüncüsü, canım sənə desin, hardan bilirsiniz ki, efirdə hər gün görünən çılpaq bənövşələrin yiyəsi yoxdu? Yiyəsi var ki, TV-yə çıxır da... Saxlayanları var ki, tank boyda, Qrad qiymətinə maşın sürürlər də...
Bəziləri özlərini heç yormasın, xalqımız telekanallarımıza sevə-sevə baxır və baxmaqda davam etməkdədir. Elgizi, Toliki, Zay Zauru özünə nümunə sayır və saymaqdadı. Öz övladlarına populyar aparıcıların, oxuyan və rəqs edənlərin adlarını qoyan yüzlərlə ailə göstərə bilərəm. Sadəcə, göstərmirəm, elə Xalq artistinin acığına.
Mən xalqımızın gül kimi telekanallarını haqsız yerə tənqid edən Xalq artistinə qarşı belə mübarizə aparıram.
Əziz xalqım, sən də bu mübarizəyə daha əzmlə qoşul. Bütün günü efirdə yeyib-içənlərə, evlənib-boşananlara, soyunub-geyinənlərə, dalaşıb-döyüşənlərə, fala baxanlara, cin çıxaranlara baxmaqda davam elə. Heç bir Xalq artistinin səni bu kefdən ayırmağa haqqı yoxdur!
 
Etibar Cəbrayıloğlu
Xəbər 11742 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR