(70 il əvvəl öz Vətənlərindən didərgin salınmış Axıska türklərinə ithaf olunur)
Axıska bir gül idi, getdi,
Şirin bir dil idi, getdi.
Gedin deyin Sultana
İstanbulun kilidi getdi.
Səssizcə günəşin İstanbul körpüsündə necə batmasını izləyirdilər. Arabir İsmail sükutu pozur, ürəyəyatımlı səslə bu bayatını pəsdən zümzümə edirdi. Əhmədin fikri haralardasa uzaqlarda, ya günəşin batdığı, ya da doğulduğu yerlərdə dolaşırdı. Qulağına toxunan bu həzin oxşamanın sözlərini belə eşitmirdi. Günəş son kərə körpüdən İstanbula boylanıb yox olanda, İsmail zümzüməsinin son akkordlarını vurdu:
Gedin deyin Sultana
İstanbulun kilidi getdi.
Ağıya, həsrətə, kədərə bürünmüş bu sözlər Əhmədə indi çatdı. “Hardan bilirisən bu bayatını?” - heyrət qarışıq maraqla soruşdu.
İsmail sakitcə:
- Bu bizim ailəmizin uzun, çox uzun hekayətinin bir parçasıdı. Sonra anladaram – dedi. Sözünə ara verib,əlavə etdi: “Mənə İstanbuldan danış, bu yerlərin həsrətiylə böyümüşəm. Babalarımızın gözüylə xəyallarımızın, arzularımızın şəhərinə doyunca baxmaq istəyirəm, bu şəhərin qoxusunu sinəmə çəkmək istəyirəm”. İsmail danışdıqca qanadlanırdı. Əhmədinsə fikri İsmailin ürəyindən süzülən misraların yanında qalmışdı. Hövsələsini basa bilmədi, yenə soruşdu:
- Hardan bilirsən bu bayatını?
- Nədən sənə bu qədər maraqlı gəldi ki?...
- Mən bu bayatının içində böyümüşəm. Babamın atasının dilindən düşməzdi bu bayatı. Öz-özünə deyərdi, kövrələrdi, kövrələrdi, yenə deyərdi. Heç kim görməsin deyə əl yaylığını çıxarıb gözünün yaşını xəlvətcə silərdi. O vaxtlar dədəmi başa düşməzdim, “adam da sözdən ötrü ağlayarmı” deyərdim. İndi dədəmi yaxşı başa düşürəm, çox yaxşı başa düşürəm. O, sənin sevdiyin bu gözəl İstanbulda, doğulduğu torpaqların həsrətilə yanardı. Bircə dəfə də olsun görmək həyatda ən böyük diləyi idi. Ömrü boyu doğulduğu torpağa can atdı. Ahıl vaxtlarında ən böyük istəyi, ən böyük arzusu doğulduğu torpağı bir də görmək idi. Çox gözlədi, lap çox, gözünün kökü saralanacan gözlədi, ölüm neçə dəfə fürsət, aman verdi dədəmə, ama o dövrün sərt, amansız qadağaları sərhəddi aşmağa izn vermədi. Onun həsrəti bitmədi, günlərin birində həsrət onu bitirdi. Bu həsrətlə də öldü rəhmətlik... Amma vəsiyyətində “bir gün imkan olursa, qəbrimi evimə apararsınız” dedi...
- Nədən gedə bilmədi oralara? Öz torpağına niyə gedə bilmədi?
- Biz axıskalıyıq, İsmail. Bizim dədələrimizin yaşadıqlarını, o taleyi yaşayanlar bilər. Bu çox kədərli tarixdi... 1944-cü ilin soyuq noyabr günlərində xalqların, insanların qanına susamış Stalinin əmriylə on minlərlə insan göz qırpımında öz Vətənindən, öz isti yuvasından, Axıskadan sürgün olunub. Axıskalıların dövranı o vaxtdan döndü, qara günləri o günlərdən başladı. Sürgün həyatı dədələrimizin, atalarımızın taleyinə yazıldı.
- Axıskalımı? – İsmailin gözlərində qəribə bir sevinc vardı. Mən də deyirəm ilk dəfə universitetdə görəndə qanım sənə niyə qaynadı. Elə bil uzun illər görmədiyim doğmamı görmüşdüm. Demək, axıskalısan. Mən də axıskalıyam, Əhməd. Axıskanın dərdi hamımızın dərdidi. Dərdin də doğması olarmış...
Sən axı Qazaxıstandan gəldiyini söyləmişdin – İsmail maraqla dostunun üzünə baxdı.
- Hə, ailəm o dəhşətli illərdə Qazaxıstana sürgün edilib. Qazaxıstanın ucsuz-bucaqsız çölləri ölümə məhkum olunmuş insanların son sığınacağı, son pənahı olub. Vətənə dönməyə imkan verməyiblər, ölən ölüb, qalanlarsa kirpiyiylə od götürüb, min-bir zülmə-zillətə dözə-dözə yaşayıb. Mən də orada doğulmuşam. Dədələrimizin sürgün olunduğu yeri özümə Vətən bilmişəm, amma ağlım kəsəndən içimdə başqa bir Vətən çırpınır. O Vətənin adı gələndə atalarımız, babalarımız kimi mənim də ürəyim titrəyir. Elə bil qərib bir səs məni səsləyir, gəl İsmail, gəl Axıska səni gözləyir - deyir...
- Qəribədir, mənim də ailəm o sürgündə olub, ancaq onlar ölümü göz altına alıb qaça biliblər, özlərini İstanbula yetiriblər. Mən də buranı Vətən sayıram. Amma gözümü açandan Vətənimin uzaqlarda qaldığını, özümün Axıska türkü olduğunu bilirəm. Evimizdə ən əziz söz Axıskadı. Böyük dədəmlə babam hər gün Axıskadan danışardılar. Vətən... deyəndə, dodaqları dörd yerdən çatlardı, “Vətəni unutmayın” deyib, dağ boyda kişilər uşaq kimi hönkürərdilər. Sonralar “Vətən!” kəlməsi bizim içimizdə bitdi, özümüzü Axıskanın bir parçası saydıq, min kilometrlərlə uzaqda yaşasaq da, o torpağa kök atdıq, o torpağa bağlandıq.
Əhmədin danışdıqları İsmail kövrəltdi:
- O dəhşətli sürgün illərində nənəmin 12 yaşı olub. Amma sürgün zamanı itirdiyi atasını, qardaşını bir ömür axtarıb. İndinin indisində də elə hey qardaşından danışır. Mənə elə gəlir ki, nənəm hələ də qardaşının yolunu gözləyir. Yollara baxır, köks ötürür, hərdən xəlvətə çəkilib yanıqlı-yanıqlı ağlayır, kimsə kiridə bilmir nənəmi.
- Tək sənin ailən deyil, İsmail, mənim də, yüzlərlə axıskalı ailəsinin də alın yazısıdır bu həsrət. Mənim də babam sürgün illərində anasını, bacısını itirib. Atası nə qədər yaxşı baxsa da, gözünün içində saxlasa da, ana həsrəti onu heç vaxt tərk etməyib. Hələ bacısını demirəm. Mən uşaq olanda gəzməyə gedərdik. Dədəm analarının əlindən tutub gedən balaca qızlara həsrətlə tamaşa edərdi. Bu mənim xoşuma gəlməzdi, qısqanardım, ürəyimdə dədəmi qınayardım. Bir dəfə özümü saxlaya bilməyib öfkəli-öfkəli “Dədə, o qıza niyə elə baxırsan?” deyəndə, “hörükləri, gözləri bacıma yaman oxşadı. Mən bacımı o yaşda itirmişəm. Gözüm hələ də onu o yaşda axtarır” - deyib uşaq kimi ağladı. Səni gərək dədəmlə tanış edim. Axıskalı olduğunu biləndə ürəyi yerindən oynayacaq, çox sevincək, elə bil Vətəni görəcək...
Dədəm gözəl Axıska yeməkləri də bişirir. Gəl, həftəsonu bizə gedək, dədəmin xatirələrini silkələyək. Üstəlik, dədəmin adaşısan, öz adından yaman xoşu gəlir.
- Adaşıyam?
- Hə, axı dədəmin də adı İsmaildi.
- Nə deyirəm, gedərik, dədənlə - Axıskanın bir parçası ilə tanış olaram.
- Bilirəm, dədəm Axıskalı dost tapdığıma məndən də çox sevinəcək.
- İndi mənə İstanbuldan - bu qədim şəhərdən, dünyanın göz dikdiyi mərkəzdən danış, Əhməd. Buralar üçün çox darıxmışıq, azadlığımızı, xilasımızı burda axtarmışıq.
İsmail “Gedək” – dedi. İstanbulun nağılvarı gecəsi onları qoynuna aldı...
***
Səhəri gün Əhməd universitedən qayıdandan sonra dədəsiylə üz-üzə oturub xeyli söhbət etdi.
– Universitetdə axıskalı bir oğlanla tanış olmuşam. Tanışlığımız nə vaxt dostluğa çevrildi, heç özüm də bilmədim. Bazar günü bizə gələcək. Adı İsmaildi.
- İsmail?- Kişi elə bil cana gəldi.
- Hə, dədə, İsmailin ailəsi də bizim qədərimizi yaşayıb, Axıskadan sürgün olunub.
- Dünyada ən ümidsüz söz sürgün sözüdü, bala. Sürgün gözgörəti ölümdü. Səni torpağından qoparıb naməlum bir səmtə aparırlar. Bilirsən ki, səni orda ölüm gözləyir. Qədərinə boyun əyib gedirsən. Səninlə pis rəftar edirlər, dözürsən, səni alçaldırlar, susursan, günlərlə ac-susuz qalırsan özünü tox tutursan. Ananın, ailənin, uşaqlarının xətrinə bütün məşəqqətlərə tab gətirirsən, sənə əzab verənlərin, sənin xalqını yer üzündən silmək istəyənlərin, sənə doğulduğun torpağı unutdurmaq üçün dəridən-qabıqdan çıxanların acığına yaşamaq istəyirsən. Ayaqların ola-ola sürünə-sürünə yaşayırsan, amma ümid edirsən ki, bir gün bu ədalətsizliklərə son qoyulacaq, həqiqət yerini alacaq. Həqiqətin taxta çıxacağını gözlədiyin üçün yaşayırsan.
Dədəsinin səsi həyəcandan titrədi. Əhməd onun necə əzab çəkdiyini görüb: “Onsuz da, babamın dərdləri qaysaq bağlamır, hər gün qanayır, hər gün göynəyir, bu açıq yaranı sən niyə qanadırsan?” - ürəyində özünü qınadı.
Mövzunu dəyişmək üçün:
- Baba, neçə vaxtdı dilimizə Axıska yeməkləri dəymir, deyirəm bəlkə dostumun xətrinə bizə Axıska yeməyi hazırlayasan?
- Bu nə sözdü, Əhməd, evimizə öz axıskalım gələcək, ona Axıska yeməkləri hazırlamayacam? Yoxsa elə bilirsən dədən qocalıb tamam əldən düşüb. Vallah, xətrimə dəyirsən.
Dədəsinin incə yumoru Əhmədin ürəyinə yağ kimi yayıldı.
Dədəsi bığlarını eşə-eşə:
- Bəs, İsmailin ailəsi indi harda yaşayır? – deyə soruşdu.
- İsmail Qazaxıstandan bizim universitetə oxumağa gəlib.
- Allah SSRİ-nin, bu qaniçən imperiyanın necə söküldüyünü görməyi bizə nəsib etdi, bala. Bu günlərin qədrini bilin, bala. Demək, İsmail Qazaxıstandan gəlib?
- Hə, Qazaxıstandan gəlib. İsmail deyir oralarda çoxlu Axıskadan olan ailələr yaşayır.
- Bilirəm bala, bilirəm... Vətəndə kim qaldı ki?! Hamını yuvasından didərgin saldılar. Bizim yuvamızı dağıdanların yuvası dağısın....
***
- Baba, biz gəldik...
Bayaqdan uşaqların yolunu gözləyən İsmayıl kişi bu sözləri eşidib diksindi. Elə bil qulağına bacısı Leylanın səsi gəldi. Məktəbdən qaça-qaça gəlib qapının ağzına çatanda qaranəfəs “ana, biz gəldik” deyərdi. Anasının üzü gülərdi. Ürəyində süfrəyə nə qoyacağını düşünüb bikefləsə də, özünü o yerə qoymazdı, “bu gün yemiş günüdü” – deyərdi. Çörək olmayanda anası belə günlər uydurardı. Tut günü, kartof bayramı, qargıdalı şənlikləri, pəhrizli günlər. Belə günlərin sayı o qədər çox idi ki... Uşaqlar bu günləri sevməsələr də, məsələnin nə yerdə olduğunu bilib, müdrikcəsinə susar, “bayram”a qoşulardılar. Ağır müharibə illəri idi, müharibə qara əjdaha kimi başlarının üstünü kəsdirmişdi. Üstlərinə dörd tərəfdən dərd yağırdı. Xoşbəxtlikdən Sarıca adlı inəkləri vardı. Sarıca o illərdə ailəni köməksiz qoymadı. Anası Sarıcanın südündən pendir düzəldib satdı, əvəzində buğda, yulaf, qarğıdalı unu alıb balalarını qırılmağa qoymadı. Üstündən yarım əsr vaxt keçsə də İsmail kişi anasının çörəyinin ətrini, ləzzətini unuda bilməmişdi. Heç nə anasının ovcunda bürmələyib ona uzatdığı dürmək qədər dadlı, ləzzətli olmamışdı. Hələ anasının bayram axşamı aylarla gizlətdiyi azacıq düyüdən dəmlədiyi “Axıska plovu”... Nə qədər çalışsa da, sonralar anasının plovunu bişirə bilmədi İsmail kişi... Qonaq olduğu heç bir Axıska ailəsində də o plovun dadlnı tapa bilmədi. Amma bir gün başa düşdü ki, ya Axıskada elə gözəl dadırmış plov, ya da anasının əlinin ətriymiş o plova hopan...
Əhmədlə İsmail otağa girəndə İsmail kişinin dolmuş gözləri ikisnin də çöhrəsində dolaşdı. “Mənə fikir verməyin, bala, yaşlı adamam, gündə min təbə düşürəm, bu dəfə sevincdən ağlayıram” - dedi.
Sonra ilk dəfə gördüyü oğlana heyranlıqla baxıb:
- İsmail, yaraşıqlı balam, xoş gəldin evimizə! Bura artıq sənin də öz evindir. İstədiyin vaxt gəl, Əhmədlə birlikdə dərslərini hazırla, istədiyin qədər qal burda. Ürəyin istəyən Axıska yeməklərindən də qoca dədən hazırlayacaq sənə, təki tez-tez gəl...” deyərək İsmaili qucaqlayıb bağrına basdı. Sanki burnuna Axıska qoxusu dəydi, tanış, çox tanış bir qoxu.
- Sağ olun, İsmail əmi, mən də elə bil ən yaxın doğmamı gördüm. Xoş-beşdən sonra süfrə arxasına keçdilər. İsmail “Bismillah” deyib plovdan daddı:
- Bu ki, bizim plovdu. Lap nənəmin bişirdiyi plovdandı. Əllərinizə sağlıq İsmail əmi, hardan bildiniz ki, plov ən çox sevdiyim yeməkdi?
- Mən özüm də plovu xoşlayıram axı, dedim sən də İsmail, mən də İsmail, plov xoşlamamış olmarsan!
İsmail kişinin zarafatı xoşlarına gəldi. Axıska plovundan yeyib, İsmayil kişinin hazırladığı dadlı şərbətdən içdilər.
Yeməkdən sonra taxtın üstündən oturdular. İsmail kişi evlərini Axıskadakı evlərinə oxşatmışdı. Divar boyu taxt düzəltdirmişdi. Axıskada taxta səku deyərdilər. Qarşısına da miz qoymuşdular. Üçü də taxtda əyləşib söhbətə başladılar.
İsmail kişi:
- Deyirsən nənənin plovuna oxşadı, hə, plovum?
İsmail gülümsədi:
- Elə bil nənəm bişirmişdi. Uşaq vaxtlarımdan nə zaman istəsəm, nənəm mənə plov dəmləyərdi. Lap yağı daşsa da, iki daşın arasında plov hazır olardı. Sürgün zamanı itirdiyi qardaşının adını mənə verib deyə, başqa nəvələrindən seçir məni nənəm. Heç gizlətmirdi də. Yazıq qardaşım plovu sevərdi – deyərdi. Bişirərdi... Amma özü dilinə də vurmazdı. Bayramlarda nənəmin dərdi təzələnərdi, “keşkə qardaşım burda olsaydı, doyunca bu plovdan yesəydi, ölsəm də heç dərdim olmazdı” - deyib, köks ötürərdi...
Ortaya dərin sükut çökdü...
İsmaıl, niyə bunları danışdığını heç özü də bilmədi.
- Bağışlayın, sizin də qanınızı qaraltdım - dedi.
- Danış bala, o dərdləri biz də unutmadıq. O faciədə kimi anasını, kimi atasını, kimi bacısını, kimi qardaşını, kimi övladını itirdi. Ən kədərlisi budur ki, biz Vətənimizi itirdik, Vətənimizi! Tək günahımız da türk olmağımız idi! Bunu heç vaxt unutmayın. Türkiyə sərhədləri yaxınlığında türkün olmasını, cənnət yerlərdə türklərin yaşamasını istəmirdilər. Guya biz SSRİ-nin sərhəd təhlükəsizliyini poza bilərdik. Ağ yalandı! Həmin vaxt minlərlə oğullarımız faşist Almaniyası ilə müharibədə vuruşurdu, ata-analarını, ailələrini, balalarını isə şübhə altına aldılar, sürgün elədilər. Belə ədalətsizlik, belə zülm harda görünüb, bala?
Türk xalqlarının qənimi Stalinin əmriylə 1944-cü ilin 14-15 noyabr günlərində axıskalıları qatarlara doldurub dörd bir yana sürgün elədilər. Bir eli dağıtdılar, parçaladılar. O vaxt məktəbə gedirdim, 13 yaşım vardı. Oktyabr ayında kəndimizə “Qızıl ordu”nun uzun şinelli, əli tüfəngli əsgərləri gəldilər. Kənd qorxuya düşdü. Yadımdadı, bir gün atam qanıqara, dilxor halda evə gəldi.
Anam təndirdə çörək bişirirdi. Atam “yığışın, bizi köçürürlər” – deyib anamın üzünə baxdı.
Anam bu xəbəri eşidəndə çiyinləri büküldü, xəmirli əllərini göyə qaldırıb “Evimiz yıxıldı, bizi sürgün edəcəklər. Getməyək, ölənimiz ölsün, qalanımız bu torpaqda qalsın” – dedi.
Atam çarəsiz halda:
- Ağzını açıb bir kəlmə deyəni yox edərlər Çiçək. Anamın rəngi qar kimi ağardı. Təndiri yanılı qoyub ayaqları bir-birinə dolaşa-dolaşa pal-paltarımızı yığmağa başladı. Arada fürsət tapan kimi kündələri təndirə yapır, öz-özünə “çörəyi bişirib qurtarmamış gedən deyiləm” - deyirdi. Bir az keçmişdi ki, əsgərlər qapımızı kəsdirib evi tərk etməyimizi əmr etdilər. Tərslikdən yağış başlamışdı. Anam narahat-narahat ətrafa baxır, getmək istəmirdi. Ən vacib əşyalarımızı, pal-paltarlarımızı belə götürməyə icazə vermirdilər.
Evdən hələ çıxmamış qonşu kənddə yaşayan başqa millətlərdən olan adamlar qapımızı kəsdirdlər. Gözümüz görə-görə evlərimizi yağmalamağa başladılar. Əsgərlərdən biri anamın əlindəki bağlamanı alıb palçığın içinə atdı. Anam yalvarıb-yaxarıb bir-iki yorğan götürə bildi...
Bütün mallarımız, atımız, arabamız, pendir çəlləklərimiz, təndirimiz, anamın təndirə yapdığı çörəklər, hər şeyimiz orda qaldı... Bizi dəstə-dəstə qabaqlarına qatıb aparırdılar. Adamlar: “Bizim günahımız nədir ki, bizi evimizdən didərgin salırsınız?!” - deyib çarəsiz-çarəsiz soruşurdular. Qonşumuzda yaşayan Səlimə arvad: “Bizə niyə belə zülm edirsiz, oğlum müharibədə vuruşur. O cəbhədən qayıdanda balama nə cavab verəcəksiniz? – deyib hönkür-hönkür ağlamağa başladı. Sonra bizi vağzala gətirib eşalonlara doldurdular. Soyuqdan dişlərimiz bir-birinə dəyirdi. Yüzlərlə insanın sual dolu baxışları bir-birinə dikilmişdi. Atam fürsət tapıb anama pıçıldadı: “Özünü ələ al, bizi ölümə aparırlar. Stansiyaların birində imkan tapıb qaçmalıyıq. Yoxsa birimiz də sağ qalmayacağıq. Özümüzü Türkiyəyə çatdıra bilsək, xilas olarıq.
- Sizi çox yaxşı anlayıram, İsmaıl əmi. Nənəm də sizin kimi acılar çəkib. İllərlə atasını, qardaşını axtarıb, “gördüm” deyən olmayıb. Nənəmin anası da cavan yaşından dul qalıb, bir daha ailə qurmayıb, qızını böyüdüb, oxudub, öləndə də son nəfəsində oğlunu çağırıb.
İllər sonra nənəm atama dedi ki, onu Gürcüstana aparsın. Atam onun ürəyindən keçənləri bildi, onu Axıskaya apardı. Atam deyir ki, nənən Axıskaya çatanda o zamandan qalan köhnə, taxtapuşlu evlərə baxıb: Oxxay, Vətənimə qovuşdum, cəsədimə can gəldi, Allah!- deyib. Üstündən uzun illər keçməsinə baxmayaraq birbaşa evlərinə gedib. Evə baxmağa icazə istəyib. Evə keçəndə nənəm ağlayıb, deyib ki, divarlardan hələ də atamla qardaşımın qoxusu gəlir. Gələndə həyətlərindəki tut ağacının dibindən torpaq götürüb. Anamın vəsiyyətidi, deyib. O torpağı anasının qəbrinin üstünə tökəndən sonra, nənəm bir müddət sakitləşdi.
İsmail kişi dərin fikrə getmişdi. İsmailin söylədiklərini duymurdu elə bil... Əhməd babasının fikrə getdiyini görüb, “babamın xəyalları həmişəki kimi çox uzaqlardadı” – dedi.
Nəvəsinin səsi İsmail kişini diksindirdi.
- Baba, İsmail getmək istəyir...
- İsmail dayı, artıq gecdir, icazə versəniz mən gedərdim.
- İsmailin səs İsmail kişini xəyallarından qoparsa da səsi hələ də titrəyirdi.
- Bağışla, bala, qocalıq belədir... Söz vətəndən düşdümü xəyallar səni elə aparır ki, heç bir şeyi hiss etmirsən. Bağışla , danışdıqlarının çoxunu deyəsən tuta bilmədim. İnşallah, yaxın günlərin birində arxayın oturub söhbətləşərik, görüm kimlərdənsən Axısxada... Bilirsən, bala, bizim bir tut ağacımız vardı sən danışdıqca onu xatırladım. Tut hələ yetişməmiş bacımla yeməyə başlardıq. Tutumuz adi tut deyildi, bərəkət ağacıydı. Anam: “Oğlum, çıx, tut çırp, bəhməz bişirək” - deyirdi. Tut çırpmağa hazırlaşanda, qonum-qonşunun qızları gəlib dövrələmə çadırın kənarından tutardılar. Özümü qızlara göstərmək üçün tut ağacının budaqları arasında min oyun çıxarardım. Budaqları silkələdikcə, tut yağış kimi çadıra tökülərdi, qılzlar səs-səs verib qışqırışardılar. Tutu çırpıb qurtarandan sonra qızlı-oğlanlı bir-birimizə qarışıb “beşkeçili”, qaçdı-tutdu” oynayardıq. Bacımın şən gülüşü hələ də qulaqlarımdadı. İlahi, necə gözəl, qayğısız günlərimiz vardı...
***
- Xocam, bir neçə günlüyə sizdən icazə istəyirəm, Qazaxıstana getməliyəm, mütləq getməliyəm.
Mehmet xoca narahat oldu:
- Gəldiyin cəmi dörd aydı İsmail, imtahanlar yaxınlaşır, dərslərinə vaxt ayırsan, daha yaxşı olar.
- Xocam, inanın, çox vacibdi.
- Mən sənin yaxşılığın üçün deyirəm. Nəsə olub? Bəlkə ciddi problem var?
- Nənəm ağır xəstədir, xocam. Ölüm döşəyindədir, can verə bilmir, zəng edib dedilər ki, bəlkə elə səni gözləyir, gözünü yolda qoyma.
Xocam, məni o böyüdüb, uşaq yaşlarında itirdiyi qardaşının qoxusunu məndən alıb. Mən getməsəm, bunu özümə heç vaxt bağışlamaram.
İsmaillə birlikdə icazə istəməyə gələn Əhməd də xahiş etdi: “Narahat olmayın, xocam, İsmail qayıdanda imtahanlara hazırlaşmaqda ona kömək edəcəm” - dedi...
Mehmet xoca “yox” – deyə bilmədi.
- Yaxşı, get, Allah amanında! – dedi.
***
- Dədən necədir? – dərsdən sonra Mehmet xoca Əhməddən soruşdu.
- Yaxşıdı, xocam, salamı var.
- İsmaildən nə xəbər?
- Nənəsi bir az yaxşılaşıb, bir-iki günə qayıdacaq.
- Yaxşı dostlarsız, bu dostluğunuzu ömrünüzün sonunacan davam etdirin.
- Biz tək dost deyilik, həm də axıskalıyıq, xocam... İkimizin də ailəsi sürgün həyatı yaşayıb. Onlar Qazaxıstana, biz Türkiyəyə sığınmışıq. Sürgün vaxtı onlar da əzizlərini, doğmalarını itirib. Mənim babam anasını, bacısını, İsmailin nənəsi anasını, qardaşını... Bizi həm də qədər birləşdirir. İsmail dədəmlə də yaman dostlaşıb, hər gün məndən İsmaili xəbər alır.
- Çox sevindim, Əhməd, İsmail uzaq yerdən gəlib. Biz hamımız Türkük, qardaşıq, onlara daha çox diqqət, qayğı göstərməliyik.
Əhməd əlini ürəyinin üstünə qoydu.
Tələbəsinin bu jesti Mehmet xocanın xoşuna gəldi, dərindən nəfəs alıb ümidlə tələbəsinə baxdı...
***
Bu dəfə universitetin foyesində qarşılaşdılar.
- İsmail, oğlum, səninlə danışmalıyam, gedək mənim otağıma.
Birlikdə Mehmet bəyin otağına qalxdılar. Mehmet xoca İsmailə yer göstərib onunla üzbəüz oturdu.
- Nə vaxt gəldin, nənən necədir?
- Dünən gəldim, xocam... Nənəm heç yaxşı deyil... Gözü qapıda qalıb, elə bil kimisə gözləyir. Anam deyir, elə bilirdik sənin yolunu gözləyir, amma yox, yazıq arvad gözünü qapıdan çəkmir, uzaqda da elə bir adamımız yoxdur ki, deyək yolunu gözləyir. Soruşanda da heç nə demir.
- Əhməd demişdi ki, nənən sürgün illərində atasını, qardaşını itirib...
- Bəli, xocam, elədi, onlar çox güman ki, həyatda yoxdular, çünki nənəmin anası da, nənəm də illərlə onları axtarıblar, gördüm deyən olmayıb. Bircə nənəm onların yoxluğuyla barışmır, daha doğrusu barışa bilmir.
-Asan deyil, İsmail. Nənən atasından, qardaşından necə ayrı düşdüyünü sənə danışıb? Burda çoxlu Axıska türkləri yaşayır, cəmiyyətləri var, biz də boş oturmayaq, soraqlaşaq, axtaraq, bəlkə bir ipucu tapa bildik.
- Allah sizdən razı olsun, xocam! Nənəm danışırdı ki, bizi qatarda sürgünə aparanda atam anama dedi ki, qatar növbəti stansiyada dayanıb tərpənməyə başlayan kimi mən oğlumuzu, sən də qızımızı qucağına alıb özünü qatardan atarsan. Dədəm danışdıqları kimi oğlu İsmaili də qucağına alıb qatardan atılır. Nənəmin anası ləngiyir, qatardan özünü atmağa macal tapmır. Sonra nənəmin anasına günlərlə işgəncə verib sorğu-suala tuturlar, onların hara qaçdığını soruşurlar. Nənəmin anası onları azdırır. Deyir ki, ərim oğlumu da götürüb yəqin Axıskaya – evimizə qayıdıb.
İllər sonra nənəmə anası deyib ki, daha böyük qızsan, bala, bilməlisən, o zaman biz qatardan düşüb Türkiyəyə qaçacaqdıq. Bacarmadım, fürsət tapıb özümü qatardan ata bilmədim. Kim bilir, bəlkə atanla qardaşın qaçıb canlarını qurtara biliblər. Ölsəydilər xəbəri çıxardı ” - deyib. Stalinin ölümündən sonra sərt buzlar əriməyə başlayanda nənəmin anası bütün qapıları döyüb, həyat yoldaşının, oğlunun öldü-qaldısından xəbər bilmək istəyib. Adamlar axır bezib nənəmin anasına deyiblər ki, ərinlə oğlun yəqin ölüblər. Qaçıb Türkiyəyə keçmək imkanları mümkünsüz idi. Nənəm deyir ki, anam gözlərini yumana qədər buna inanmadı, vəsiyyət elədi ki, heç kimə inanma, axtar, tap onları. Nənəm də hər yerdə onları axtarıb. SSRİ dağılanda nənəm əllərini göyə qaldırıb, dua edib, Tükiyəyə əlimiz çatacaq deyib. Amma axtarışları yenə nəticə verməyib. Nənəm deyir ki, anamın iki vəsiyyəti vardı: Qəbrimin üstünə Axıskadan torpaq gətirib səpin, bir də atanla qardaşından xəbər bilin! Bəlkə, anasının ikinci vəsiyyətinə yerinə yetirə bilmədiyinə görə can verə bilmir nənəm...
Mehmet xoca İsmailin danışdığı həyat hekayəsindən o qədər təsirlənmişdi ki, nə deyəcəyini bilmirdi.
- Xocam, üzr istəyirəm, deyəsən sizi çox üzdüm.
Bu sözləri İsmail çəkinə-çəkinə dedi.
- Yox, oğlum, bu hamımızın dərdidir. Bu məsələ ilə mən də maraqlanacam, bəlkə...
- Çox sağ olun, xocam...
***
İsmailin nənəsinin hekayəsi Mehmet xocanın ağlından çıxmırdı. Axıska türkü olan bir çox dostuna zəng etdi, kimlərləsə görüşdü, bir həftə necə keçdi, heç özü də bilmədi. Həftə sonu dərs gününün axırında Əhmədi gördü.
- Salam, xocam, necəsiniz?
- Sağ ol, Əhməd. Sən necəsən, dədən necədir?
- Yaxşıdı, xocam, təşəkkür edirəm.
- Dədən sürgün illərində Türkiyəyə gələnlərdəndi, elə deyilmi?”
- Bəli, xocam, elədir.
- Keçən dəfə deyirdin ki, o da ailəsinin bir hissəsini itirib?
- Bəli, xocam, anasını, bacısını itirib...
- Dədənə deyərsən ki, xocam sabah axşam sizə gəlmək istəyir.
- O nə sözdü, xocam, hər zaman qapımız üzünüzə açıqdı. Dədəmi tanıyırsınız, bu xəbəri eşidib sevinəcək.
***
Mehmet xoca İsmail kişi ilə görüşüb yerini rahatladı. Qaranlıq suallara aydınlıq gətirmək üçün birbaşa mətləbə keçdi:
- İsmail bəy, Axıskadan necə sürgün olunduğunuzu, Türkiyəyə necə gəldiyinizi bilmək istəyirəm.
İsmayıl kşi Əhmədin sevimli xocasının qəfil sualını heç gözləmirdi.
- Ay oğul, o kədərli hekayənin nə əvvəli var, nə sonu. Heç bilmirəm hardan başlayım - dedi.
Mehmet xoca:
- Axıska türkləri ilə bağlı araşdırma aparıram, ümid edirəm ki, bu işdə mənə kömək edəcəksiniz. Əgər danışmaq istəmirsinizsə...
Mehmet xoca sözünün ardını demədi.
- Yox, xoca, siz bu ailədə çox sevimli bir insansınız. Axıska da mənim yaralı yerimdi. Sadəcə, sizi üzmək istəmədim – deyib Axıskadan ayrılandan sonra başlarına gələnləri yerli-yataqlı xocaya nağıl etdi.
Araya çökən sükutu Mehmet xocanın sualı pozdu:
- Sonra axtardınızmı ananızı, bacınızı?
- Bir ömür onları axtardıq. Qatardan atılarkən nə qədər böyük qorxu keçirsək də üç gün qatarın keçdiyi yaxın ərazilərdə onları axtardıq. Ümidimiz kəsiləndə min bir əzabla özümüzü Batuma çatdırdıq. Ələ keçsəydik, dərimizə saman təpərdilər. Allahın rəhmi gəldi bizə. Türk gəmiçilərinin köməyi ilə gizli yolla Qara dənizdən Türkiyəyə keçdik. Bizim Türkiyəyə gəlib çıxmağımız bir möcüzə idi. Türkiyəyə gəldikdən sonra atam hər gün, hər saat onları axtardı. Məni burda qoyub geri dönmək istədi. Atamın ayaqlarını qucaqlayıb: Sən olmasan mən tək-tənha necə yaşaya bilərəm? – dedim. O sözlərdən sonra atam mənim xətrimə yaşadı. İşlədi, məni oxutdu, ev-eşik sahibi etdi. Ürəyi xəstəlik tapmışdı, bir gün yatdı, ayılmadı.
SSRİ dağılandan sonra öləzimiş ümidlərim yenidən dirçəldi. Anamı, bacımı soraqladım, amma tapa bilmədim. Sürgünə, aclığa dözmədilər, öldülər həqiqəti ilə barışdım.
Mehmet xoca İsmail kişinin hekayəsini dinləyə-dinləyə “nə qədər də oxşarlıq var! – bəlkə İsmailin nənəsi İsmail bəyin axtardığı adamdı?”. Bu fikir ağlından ildırım kimi keçdi. Bu qığılcım özünü də üşütdü. “Sən də o dəqiqə nəticə çıxarırsan, nə çoxdu o dəhşətli illərdə doğmalarını itirən axıskalılar” dedi. Bununla belə içinə şübhə toxumu düşmüşdü, üstəlik də bu toxum artıq cücərməyə başlamışdı...
- İsmayıl bəy, bacınızın adı nə idi ?
- Leyla... gözəl Leyla...
- Bəs ananınızın?
- Çiçək?
- Babanızın?
- Əhməd. Əhmədə babamın adını vermişəm...
- Sizdə şəkilləri varmı?
- Hardandı, ay oğul? Olsaydı, bəlkə də tapa bilərdik. Bizi evimizdən çıxaranda başımıza nələr gələcəyini hardan biləydik.
Mehmet xoca İsmail bəydən daha heç nə soruşmadı, ürəyində “bu işin içində bir iş var, mütləq var” - dedi. Bu ümidlə də İsmail kişidən ayrıldı ...
... Nə illah eləsə də, səhərə qədər gözlərinə yuxu getmədi. İsmaillə söhbət etmək üçün tezdən universitetə yollandı...
***
- İsmail, səndə nənənin, nənənin anasının şəkli varmı?
İsmail Mehmet xocanın sualına “Nənəmin şəkli var, xocam, amma anasının şəkli burda yoxdu” - dedi.
- Adı nədir nənənin, İsmail?
- Leyladır, xocam.
- Bəs anasının? – Mehmet xocanın səsi titrədi.
- Çiçək, xocam.
Mehmet xoca get-gedə həyəcanlanırdı.
- Oğlum, nənənin atasının adı nə olub?
- Əhməd olub, xocam.
Məsələ gün kimi aydın idi, bir ömürlük həsrətə son qoyulacaqdı. Mehmet xoca qəlbində Yaradana şükr edirdi: “İlahi, məni illərlə ayrı düşmüş insanların bir araya gəlməsinə vəsilə etdiyinə görə min şükürlər olsun sənə. Yalvarıram, qardaşla bacını bir-birinə qovuşdur, onların nələr çəkdiyini səndən yaxşı kim bilər ki?! Mehmet xoca fikrə getsə də üzündə qəribə bir işıq dolaşırdı.
- Nənən indi necədir, oğlum?
- Xəstədir, xocam, çox xəstədir.
- Allah köməyi olsun! Tətilə az qalır, Qazaxstana gedəcəksənmi?
- Gedəcəm, xocam, nənəmə baş çəkəcəm.
- Gedərsən, inşallah.
Əhməd Mehmet xocanı heç vaxt belə xoşbəxt görməmişdi...
***
Yol boyu bu xəbəri İsmail kişiyə necə söyləyəcəyini düşünürdü, düşündükcə də ürəyində Yaradana dua edirdi. “Tanrım, sən nələrə qadirsən, 50 il əvvəl bir-birindən ayrı düşən, iki ayrı ölkədə bir-birinin öldüsündən-qaldısından xəbərsiz yaşayan qardaş-bacının nəvələrini eyni universitetdə, eyni fakultədə üz-üzə gətirmək, dostlaşdırmaq, məni bu hekayənin iştirakçısına çevirmək ancaq sənin möcüzəndi!”
İsmail kişi qapını açıb Mehmet xocanı görəndə sevindi.
- Xoş gəlmisən, xocam, lap vaxtında gəlmisən. Keç içəri, balıq bişirmişəm. Bir Allah bəndəsi istəyirdim ki, oturub ləzzətlə yeyək.
Mehmet xoca içəri keçə-keçə:
- İsmail bəy, balıq məsələsinə sonra baxarıq, necəsiniz, özünüzü necə hiss edirsiniz? – dedi.
- Yaxşıyam, bu gün həmişəkindən daha yaxşıyam. Biz həyatımızı pis-yaxşı yaşamışıq, Allah siz cavanları qorusun!
Burda niyə dayanmısan, keç əyləş, bu evi özünə doğma bil.
- Sağ ol, İsmail bəy – deyib Mehmet xoca keçib taxtın üstündə oturdu.
İsmail kişi bayaqdan Mehmet xocaya göz qoyurdu.
- Ay bala, sözlü adama oxşayırsan. Ürəyindən Axıskayla bağlı nə keçirsə, soruş, yaddaşımda olanların hamısını sənə danışacam.
- Bilmirəm, necə deyim, İsmail bəy... Ürəyinizdə ciddi bir problem-zad yoxdu ki?
- Söylə, a bala, bu ürək nələrə dözməyib ki?!..
- İsmail bəy, möcüzələrə inanırsınız?
İsmail kişi duruxdu, sonra tərəddüd etmədən:
- İnanıram – dedi.
- Desəm ki, illər boyu axtardığınız bacınızı tapmışam, buna inanarsız?!
Sözlər Mehmet xocanın ağzından necə çıxdı, heç özü də bilmədi.
İsmail kişi elə bil bu sözləri eşitmədi, heç nə demədi, heç yerindən qımıldanmadı da, bircə rəngi ağardı.
- Xocam, başımızın üstündə yeriniz var, amma mənimlə belə zarafat eləməyin.
- İsmayıl bəy, sizinlə zarafat eləməyə mənim cürətim çatmaz. Xahiş edirəm həyəcanlanmayın, dediklərim həqiqətdir.
Bu dəfə İsmail kişinin rəngi dağ laləsi kimi qızardı. Alnına tər gəldi, dodaqları əsdi:
- Bu günü nə az, nə çox, bir ömür gözləmişəm. Bir ömür!!! - Gözlərini Mehmet xocaya dikdi: Yalvarıram, o sözləri bir də de. Kəlmə-kəlmə, təkrar-təkrar de.
Mehmet xoca özünü itirsə də bu dəfə daha inamla dilləndi:
- İsmail bəy, eşidirsiniz, bacınız Leyla xanımı tapmışıq, o sağdı, o yaşayır.
Bu dəfə İsmayıl kişi Mehmet xocanın dediklərinə inandı: Titrək səslə:
- Leyla sağdı, mənim bacım yaşayır! – deyib uşaq kimi hönkürdü.
- Məni bacımın yanına aparın, xocam, ləngiyə bilmərəm, heç bir dəqiqə də yubana bilmərəm, onu görməliyəm – deyib xocanı tələsdirdi.
Mehmet xoca:
- Bir az sakit olun, İsmail bəy... hər şey yaxşı olacaq, xahiş edirəm, bir az su için, özünüzə gəlin - deyərək su dolu bardağı ona uzatdı.
Bir bardaq su İsmail kişinin 50 il alovlanan həsrətini söndürə bilərdimi?
- 50 ildən çoxdur, bu günü gözləyirəm...
- İsmail bəy, onlar Qazaxıstanda yaşayır...
- Lap dünyanın o başında yaşasınlar, bacımı görmək üçün dizin-dizin sürünərəm. Bax, xocam, nə qədər ki, ömrüm var, sənə dua edəcəm. Hər iki dünyada yerin cənnət olacaq. Bacımı görsəm, rahat köçəcəm bu dünyadan. Allah şahiddir ki, Leylanı görmədən bu dünyadan köçmək istəmirdim, istəmirdim...
Mehmet xoca da İsmayıl kişiyə qoşulub ağlayırdı. Ağlaya ağıaya da: “İsmail bəy bacınız bilirsiniz kimdi, İsmailin, Əhmədin dostu İsmailin nənəsidir” –dedi.
- Kimin?
- İsmailin.
- Bizim İsmailin?
İsmail kişi sevincindən az qala qanad açacaqdı:
- Onu bircə dəfə görmüşəm, amma elə bilirəm min ildi tanıyıram. Gərək bu doğmalığın səbəbini biləydim.
- Bu sadəcə Yaradanın bir lütfüdür, İsmail bəy! İsmaili buralaracan gətirdi, yarım əsrlik həsrətə son qoydu.
- Mən hər dua edəndə əllərimi göyə açıb Ondan bacımı istəmişəm!
- İsmail bəy, öyrənib bilmişəm, bacınız yaşa dolub, özü də ağır ürək xəstəsidir. Bu xəbəri birdən-birə ona verə bilmərik. Ən yaxşı budur ki, özünüz gedin, bu xəbəri bacınıza özünüz deyin.
İsmail kişinin üzündəki təbəssüm birdən-birə yoxa çıxdı.
- Deyirsən ağır xəstədi? O necə yaşlaşa bilər, necə nənə ola bilər, o ki, lap uşaq idi.
- İllər keçib, İsmail bəy, sizi görüb sağalacaq, axı siz indi möcüzələrə inanırsınız.
***
Qazaxıstana uçan təyyarədə yanaşı oturmuşdular. İsmail kişi arabir Əhmədlə İsmailə baxır, onların bir-birə necə bənzədiyini aydınca görürdü. Uşaqlar ailələrinin keçmişi ilə bağlı durmadan ona suallar verirdilər. Qazaxstana necə çatdıqlarından xəbərləri olmadı. Gənc İsmail ailəsinə Axıskalı dostu və onun babası ilə gələcəyini xəbər vermişdi. Mehmet xocanın məsləhətinə əməl edib başqa heç nə deməmişdi.
Hava limanında onları İsmailin atası Süleyman qarşıladı. İsmayıl kişi Süleymanı atasına oxşadıb qeyri-ixtiyari qucaqladı. Süleyman da onu doğması kimi bağrına basdı.
Süleyman istiqanlı bir adam idi. Yol boyu Qazaxıstandakı yaşayışlarından danışdı, İsmail kişidən Axıskanın hansı tərəfindən olduğunu soruşdu. İsmail kişinin fikri bacısının yanında olduğundan ötəri cavablar verirdi. Halı özündə deyildi. Get-gedə ürəyinin döyüntüsünü eşidir, qəlbi işıq sürəti ilə bacısına tərəf qaçırdı.
Arada özünü saxlaya bilməyib: “Ananız Leyla xanım necədir?” - soruşdu.
- Yaxşı deyil, çoxdandı yatağa düşüb, nə qədər dava-dərman eləsək də xeyri yoxdu – dedi, Süleyman.
- Həkimlər nə deyir?
- Nə desinlər, anam iki dəfə infarkt keçirib, gecə-gündüz dua edirik ki, Allah üçüncüsündən qorusun.
Elə bil İsmail kişinin ürəyindən daş asılmışdı. Qərib bir ah çəkdi:
Süleyman :
- Ahın dağlara, axır ki, gəlib çatdıq. Bu ev bizim evimizdi. Anam oyaq olsa, sizi görüb sevinəcək. Axıskadan bir adam görəndə elə bil Axıskanı görürəm deyir.
Düşün maşından, evinizə xoş gəlmisniz!
***
Evdəkilər İstanbuldan gələnləri məhəbbətlə qarşılayıb, xoş-beşlə qonaq otağına keçirdilər. Süfrə acılmışdı. Əhmədin bacısı əlində çay sinisi qapının ağzında göründü. Əhmədin anası isə “Yoldan gəlmisiniz, acsınız, gözəl Axıska yeməkləri bişirmişik” - deyib bir ucdan yeməkləri süfrəyə düzürdü.
- Leyla xanım hardadır?- İsmail kişi həyacanla soruşdu.
- Anam qonşu otaqdadır, yuxuya gedib, bir azdan oyanar. O da bütün günü “İsmail nə vaxt gələcək?” deyib gözünü qapıya dikdi. Gözləməkdən yorulub, yuxuya gedib.
- Mən bir Leyla xanımla görüşüm, - deyən İsmail kişi ayağa qalxdı:
- Hansı otaqdadı, qızım?
- Buyurun, bu otaqdı...
Ailə üzvləri heç nə başa düşməyib bir-birlərinin üzünə baxdılar...
İsmail kişi əlini qapının dəstəyinə uzatdı, əli heç zaman belə əsməmişdi... Elə bil nağıllardakı kimi qırxıncı qapının ağzında dayanmışdı. Özünü toparlayıb qapını itələdi...
Yataqda arıq, nurlu bir qadın uzanmışdı. Ağappaq saçları örpəyin altından işıq saçırdı. “İlahi! Bacım necə də yaşlaşıb, gözəl üzünü qırışlar necə də örtüb, amma gözəlliyi itməyib. Əslində heç dəyişməyib, Leyla həmin Leyladı”. İsmail kişi yaxınlaşıb yatağın yanında dizlərini yerə qoydu. Bacısına min ilin həsrətlisi kimi baxıb sanki onun üzünün hər qırışını yaddaşına əbədi yazmaq istədi, dərdini-bəlasını almaq istədi. Əllərini ehmallıca bacısının əllərinə toxundurdu. Qışda qar-buz olanda bacısı ərk qarışıq nazla “əlimdən tut, yıxılmayım” deyərdı. Üstündən 50 il vaxt keçsə də o balaca, yumru, pambıq kimi yumşaq əllərin istisi ovuclarından getməmişdi. Bacısının qırışlı, damarı çıxmış əllərini oxşamağa başladı. Ürəyində: “Bağışla, əlini buraxdığım üçün, bağışla məni..!” – dedi. Göz yaşları bulaq kimi qaynadı, İsmail kişi isti göz yaşlarını saxlamaq istəmirdi. Bu yaşlar bir ömür ürəyinə dammışdı, indi göz yaşları İsmail kişinin ürəyini tərk edirdi, azadlığa çıxırdı, dayanmadan axırdı, axırdı...
Leyla handan-hana gözlərini açdı, yatağının yanında göz yaşı tökən yaşlı adama zəndlə baxdı. Əlinin üstündəki əldən bədəninə qəribə istilik yayıldı. Qulağına öz səsi gəldi: “Qardaş, əllərim çox üşüyür, əllərinin içinə al, isit...”
Bu istilik illərlə axtardığı həmin istilik idi, uzaqda deyil, yanındaydı. Yerindən dikəldi, bircə kəlmə “İsmail!..”- dedi.
İki qoca bir-birinə sarıldı. Leyla güclə eşidiləcək səslə pıçıldayırdı:
Əlimdə səkkiz para,
Dördü ağ, dördü qara.
Açım ürəyimi, bax,
Altı qan, üstü yara.
Boğazında düyünlənən yaş, yanaqlarından süzülürdü.
İsmail bacısının əllərini ovcuna alıb duz kimi yalayırdı.
Leyla ağlaya-ağlaya:
- Sonunda gəldin, demək!.. Bilirdim ki, bir gün gələcəksən. Anamın yanına əliboş getməyəcəm... “İsmail məni tək qoymadı, gəldi, tapdı məni” deyəcəm...
Məni qoyub daha heç yerə getmə, mən də sənin əlini buraxmayacam, İsmail.
Bu mənzərəni seyr edən bütün ev sakinləri hönkürtüylə ağlayır, göz yaşları əlli ilin həsrətini yumaq, Axıskaya qədər axmaq istəyirdi...
***
Qardaş-bacı baş-başa verib doyunca danışdılar. Əlli ili bir günə sığışdırmaq istədilər, mümkün olmadı.
- İsmail, son günlər tez-tez evimiz yuxuma girir; dostlarımız, çinar ağacımız, Xədicə... Xatırlayırsanmı Xədicəni?
- Heç unutmadım ki!..
- Səni ancaq torpaq ayıra bilər, ölüm ayıra bilər məndən, kimsəyə vermərəm deyirdin...
- Nə biləydik, Leyla, ölümdən də betər ayrılıq varmış....
- Xədicə böyüdü, amma heç zaman ailə qurmadı, qardaşı oğlunun adını İsmail qoyub övlad kimi böyütdü, boya-başa çatdırdı.
- Xədicə indi hardadı, sən hardan bilirsən bunları?
- İllər sonra soraqlayıb onu Azərbaycanda tapdım. Onlar da Özbəkistana sürgün olunublar, orada ev-eşik, yurd-yuva qurublar, sonra oradan da didərgin düşdülər. Azərbaycan onlara qucaq acdı, dərdlərinə şərik oldu. İndi orda yaşayırlar. Deyir hərdən küləklər Axıskanın havasını gətirir buralara. O da illərlə bizi axtarıb. Bir neçə il əvvəl telefonla danışdıq. Sonra vaxtaşırı telefonla danışırıq. İlk dəfə danışanda səni soruşdu, başımıza gələnləri biləndə heç nə demədi, eləcə ağladı... Sonra da, “bizi o çinarın qarğışı tutdu, Leyla!” - dedi. Yadındadı, İsmail, çinarı bıçaqla oyub “İ+X=EŞQ yazmışdı. Bir dəfə mənə göstərib “bax, bizim sevgimiz on illərlə bu çinarın altında oturanlara bizdən danışacaq” demişdi. Mən də, “İsmail, nahaq yaralamısan çinarı... birdən sevgimizə qarğış edər, ayrılarıq, gərək ağacı yaralamayaydın” demişdim... Haqlıymışam. Bizi də, sevgimizi də o çinarın qarğışı tutdu. Sadəcə o yazını saxlayıb bağrında. Axıskaya getdim bir il öncə... Çinarı da ziyarət etdim, altında oturdum, yazı hələ də ordadır. Oğlum İsmail “Ana, görəsən, on illərdir kimin eşqini söyləyir bu çinar?” dedi. “Mənim!” deyə bilmədim... “Mənim, bala!” deyə bilmədim...” Öz evimizə, yurdumuza turist kimi, qonaq kimi baxdım... Canım dağlanır oraya turist kimi getməyə... amma Vətənə köçməyi düşünürəm. Ən gözəl günlərim orda qalıb. Orda ölmək istəyirəm. Belə dedi Xədicə.
İsmail uzun illər ürəyində uşaqlıq sevgisini yaşatmışdı, Xədicənin adını çinara yazdığı kimi ürəyinə də yazmışdı. İndi bu yazı qanamışdı.
- Heç olmasa Xədicənin səsini bircə dəfə eşidə bilsəydim, bircə dəfə “məni bağışla deyə bilsəydim – dedi, İsmail.
Leyla qardaşının əlini sığallaya-sığallaya :
- Ona yenidən bir ömür vermiş olarsan, qardaş - dedi.
- Bir də anamın görüşünə gedəcəm, qəbrini ziyarət edəcəm.
- Mən də səninlə gedəcəm.
- Yox, sənə yataqdan qalxmaq olmaz, mən tez qayıdacam...
- Səninlə gedəcəm, bu günü illərlə gözləmişəm. Ölüm də olsa, gedəcəm. Əhməd bala, kömək edin, qalxım. Gəlin, paltarlarımı gətir...
Süleyman narahat oldu:
- Ana, sənə olmaz, həkim icazə vermir.
- Anamız bizi gözləyir, bala, İsmaili özüm aparmalıyam, heç kimə əmanət edə bilmərəm...
***
Hər iksi məzarın yanında yerə çökdü. Uşaq vaxtı olduğu kimi ikisi də eyni vaxtda:
-Ana, biz gəldik! – dedilər. Sonra damarı çıxmış əlləri ilə qəbirə sığal çəkdilər, ürəkləri istədiyi qədər ağladılar, analarına olanlardan, keçənlərdən danışdılar.
İsmail üzünü bacısına tutub:
- Danış, bizdən ayrılandan sonra başınıza nələr gəldiyini danış.
- Siz gedəndən sonra anamı çox incitdilər. İndi fikirləşirəm ki, o dəhşətlərdən sonra necə yaşaya bildik, necə həyatda qala bildik?! Soyuq, üfunətli qatarda günlərlə yol getdik. Gündə bizə yalnız bir dəfə dadsız-duzsuz bir qab şorba verirdilər. Natəmizlik baş alıb gedirdi. Soyuqdan, susuzluqdan ölənlərin sayı-hesabı yox idi. Ölənləri nəzarətçilər qatarın pəncərəsindən atırdılar. Düz 20 gün qatarda yol getdik. Bizi bir yerdə qatardan düşürdülər, yük maşınlarına doldurub ucqar yerlərə yolladılar. İllərlə bir qarın çörək üçün işlədik, quş yuvası boyda yuva qurmaq üçün gecəmizi-gündüzümüzə qatdıq. Bunların hamısına dözdük, amma anam sizin həsrətinizə dözmədi. Ömrünün sonuna qədər sizi axtardı, mənə də vəsiyyət etdi ki, ömrümün axırına kimi sizi axtarım. Bilirəm, indi ruhu şaddı, oğlu gəlib, vəsiyyəti yerinə yetib...
***
- Alo!
- Buyurun...
- Xədicə?
- Kimdi?..
- Xədicə, mənəm – İsmaildi.
- İsmail, hansı İsmail?
- Bir vaxtlar sənə bu bayatını oxuyan İsmail.
“Qəhvə qoydum bişmağa,
Aç qapağın taşmağa,
Ağlama, kömür gözlüm,
Az qaldı kovuşmağa...”
Xəttin o başındakı qadın ağlayırdı. Hönkürə-hönkürə:
- Ola bilməz, inana bilmərəm buna – deyirdi.
-Sənin yerinə olsaydım mən də inanmazdım. Zəng etdim ki, səndən üzr istəyim, sənə sahib çıxa bilmədim, səni xoşbəxt edə bilmədim deyim.
- Bir ömür yolunu gözlədim.
- Bağlı sərhədləri keçə bilmədim, Xədicə, ürəyimə daş basıb qədərimlə barışdım. Şükürlər olsun ki, sonda hamınızı tapdım! Əvvəl Leylanı, sonra səni. Telefonunu mənə Leyla verdi.
- Mən də hər gün dua etdim, bircə dəfə də olsa, səni görmək istədim, İsmail. O çinarın dibində dua etdiyimi xatırlayırsanmı?
- İlk dəfə ürəyimi sənə o çinarın altında açmışdım, ilk dəfə uşaq məsumluğuyla səni orda öpmüşdüm, özünə güvənən kişilər kimi “artıq heç kəsin ola bilməzsən” demişdim, sən də ağlamışdın...
- Heç kəsin ola bilmədim, İsmail, əhdimizi poza bilmədim!
- Bilirəm, amma keşkə ailə quraydın, onda bu qədər yanmazdım.
- Qura bilmədim, o ümidlə yaşadım ki, bir gün İsmail kömürgözlüsünü gəlib tapanda gözlərinin içinə baxa bilim. Mən gözlədim, zaman keçib getdi.
- Səni görməyə gələcəm.
- Gözləyəcəm...
İsmaillə Xədicənin söhbətləri belə bitdi.
***
- Süleyman, oyan, ananın vəziyyəti ağırlaşıb, deyəsən...
Bacısının yatağının yanında yuxuya gedən İsmaıl kişi Süleymandan tez oyandı. Leylayla gecə yarıya qədər söhbət etmişdilər, uşaqlıq illərini xatırlamışdılar, kəndin adamlarını adbaad çağırmışdılar, bulaqlarından, dağlarından danışmışdılar. Bacısı yuxuya gedəndən sonra da yata bilməmişdi İsmail, bir neçə saat bacısına baxa-baxa keçmişə qayıtmışdı...
- İsmail, mən gedirəm... Sənin yolunu gözləyirdim, Tanrıdan möhlət istəmişdim. Çox şükr, səni gördüm, daha ölümdən qorxmuram, özünü qoru, balalarımı da, İsmail də, Xədicəni də, Axıskanı da , sənə tapşırıram! Eşidirsən məni?
- Məni tək qoyub gedə bilməzsən, Leyla.
- Anamla mənim qəbrimdən atamın qəbrinə torpaq götürüb apararsan. Bizi tapdığını, onu çox sevdiyimizi söyləyərsən.
Süleyman , oğlum, məni anamın yanında basdır. İsmail hardadı, bala İsmail, oxuyarsan, pulun olanda Axıskadakı evimizi satın alarsan. Orda yaşamaq istəməsən də, bir adama aybaay məvacib verərsən, hər gün gedib o evin işığını yandırsın. Evimizdə işıq yananda biz evimizə qayıdacağıq, unutma..! Qoyma, işığı kəsilsin o evin. Həyətimizdəki tutumuz da, xoş günlərimizin yadigarı olan o çinar da sənə əmanətdi.
Övladlarına axşam-səhər “Orda bir Vətən var – adı Axıska..!” pıçıldayarsan.
“Bostan əkili qaldı,
Çəpər çəkili qaldı,
Çox diləklər dilədim,
O da tökülü qaldı.”
Bu, son sözü, son vəsiyyəti oldu Leylanın.
Ismail kişi bacısının cəsədini qucaqlayıb “gedə bilməzsən, məndən belə tez ayrıla bilməzsən” – deyə hönkür-hönkür ağlamağa başladı. Sübh acılana qədər heç kəs İsmaili ayıra bilmədi bacısından. Leylanı torpağa tapşırandan sonra İsmail kişi daha ağlamadı. Ona elə gəldi ki, Leyla çoxdan ayrıldığı anasını və atasını yenidən tapdı...
***
- Ay ev yiyəsi!
Qapıya yaşa dolmuş bir qadın çıxdı.
İsmail dolubədənli qadını tanımadı.
- Bura Xədicəgilin evidi?
- Sənsənmi İsmail? – Xədicə tanıdı 50 ilin o üzündə qalan adamı.
- Demək, tanıdın məni.
Xədicə İsmaili bağrına basdı.
- Gəldin, axır ki, gəldin.
İsmail diqqətlə Xədicənin üzünə baxdı:
- Gözlərin heç dəyişməyib, Xədicə, uşaq vaxtı olduğu kimi indi də tərtəmizdi.
- Bu gözlər illərdi səni axtarır, sənin yolunu gözləyir.
- Mən də səni heç unutmadım, ailə qursam da unutmadım, bir ömür sevdim səni. Evimdə sənin kimi gözəl-göyçək bir Xədicə böyüdü. Uşaqların anası dünyasını tez dəyşdi, uşaqları böyütmək mənim üstümə düşdü. Xoşbəxt ola bilmədim, Xədicə. İnsan Vətənindən, sevdiyindən ayrı düşürsə xoşbəxt ola bilərmi?
Gedək mənimlə, Xədicə.
- Bu yaşda hara gedək, İsmail? Çox gecdi. Qardaşımın oğlunu böyütmüşəm, indi nəvələrim var, onları qoyub gedə bilmərəm. Ata evimi almışıq, Axıskaya köçməyə hazırlaşırıq. Ömrümün son illərini orada yaşamaq istəyirəm, xatirələrimizin yaşadığı yerdə. Nə zaman istəsən, qonaq gələrsən...
- Mütləq gələcəm, mütləq...
***
Türkiyəyə çatan kimi İsmail kişi birbaşa atasının qəbrinin üstünə getdi. Gətirdiyi torpağı atasının qəbrinə səpdi. Qəbirstanlıqdan çıxanda, ürəyində qəribə bir ağırlıq hiss etdi. Tələsik taksiyə oturub ünvanı söylədi. Evə girəndə onu soyuq tər basdı, “Deyəsən, əcəlim çatdı” dedi. Xədicədən ona yadigar qalan və 50 il ən qiymətli xatirə kimi qoruduğu əl yaylığını çıxarıb qoxladı. Sonra telefonu götürüb nəvəsi Əhmədə zəng etdi. “Tez özünü mənə çatdır, özümü pis hiss edirəm, sənə deyiləcək sözlərim var” - dedi.
Əhməd təcili yardımla birlikdə özünü evə çatdıranda İsmail kişi çətinliklə nəfəs alırdı.
- Əhməd, icazə ala bilsən məni Vətənimə apararsan, Axıskaya. Elə bir yerdə dəfn edərsən ki, öz evimiz, qonşu Xədicəgilin evi, həyətimizdəki tut ağacı, küçədəki çinar hamısı görünsün uyuduğum yerdən. Bu evi sənə vəsiyyət etmişəm. Bir də bağ evini... Bağ evini satarsan. Bir gün Vətənə dönməyə icazə versələr, sən də, İsmaillə birlikdə evimizi satın al, mütləq al. Orda evlərimizdən işıq gələndə biz hamımız ora qayıdacağıq, hamımız yenə tut ağacının altına toplaşacağıq. Yadında saxla, biz mütləq Axsaqya qayıtmalıyıq. Yoxsa ruhumuz rahatlıq tapmayacaq...
Həkimlər yardım etsələr də, İsmail kişinin get-gedə səsi xırıldayırdı.
- Dədə, bizi qoyub getmə, söz verirəm, Axıskaya qayıdacağıq, evimizi geri alacağıq, bircə sən ölmə, birlikdə gedək Vətənə...
- Əhməd, bu yaylığı da Xədicə xalaya verərsən. Cibimdə telefon nomrəsi var, deyərsən, onu çınarın altında gözləyəcəm...
***
- İsmail, çox şükür, təmiri bitirdik, təmizlik işlərinə də sabahdan başlayarıq. Samovar qaynayıb, gəl tut ağacının altında yaxşı bir çay içək... Axıskanın suyu da, havası da bir başqadır. Gəl, elə gecə də tut ağacının altında yataq.
İsmayıl xoşbəxtcəsinə:
- Axşam oldu qoy otaqların işığını yandırım, gəlirəm...