“Tramp sizə neyləyirsə düz edir, haqq edir, hətta az edir...”

“Tramp sizə neyləyirsə düz edir, haqq edir, hətta az edir...”

Son zamanlar bəşəriyyəti düşündürən əsas sual budur: Dünya niyə qarışıb və ya kim(lər) tərəfindən qarışdırılıb?
Cavab birmənalıdır: Dünyanı qarışdıran və müharibələrin bitməsini, potensial sülhlərin reallaşmasını ləngidən məhz Avropadır.
Avropa və onun inhisarda saxladığı qurumlar!
Təbii, bu sırada Qərb dövlətləri, konkret olaraq Amerika da son dərəcə tündləşmiş siyasi tablonun səbəbkarlarından biri kimi görünə bilər. Amma, inanın, hətta kənardan çılğın, emosional, səbrsiz siyasətçi təsiri bağışlayan Tramp belə artıq siyasi, diplomatik kataklizmlərdən bezib və bu səbəbdən də Avropadan fərqli olaraq çıxış yolları axtarmağa, dünyanın hər yerini saran ocaqları söndürməyə çalışır.
Deyim ki, heç əsas dərd Qərb dərdi də deyil. Ona görə ki, bunların yenə oturuşmuş ənənələri, adəti hüquqları, demokratiya tarixləri var və ən azından 70 il əsarətində qaldığımız keçmiş SSRİ ilə müqayisədə onların tam fərqli bir inkişaf yolu keçdiyi də göz qabağındadır.
Dərd bilirsinizmi nədir? – Həmin dəyərlərdən Avropanın danışması! O Avropanın ki, geyimindən tutmuş mətbəxinə, məişət etiketindən tutmuş tualet mədəniyyətinə qədər hər şeyi kənardan əxz edib! Ələlxüsus, Şərqdən!
Demokratiya isə...həmin Avropanın nəinki prioritetləri, heç adi məqsədləri sırasında da olmayıb.
***
3 həftə bundan öncə Afrika mənbələri Ruandadakı soyqırımla bağlı yeni arxiv sənədlərini yaydı. Faktlar heyrətamizdir: 1 milyon tutsinin qırılması, qanına qəltan edilməsi birbaşa Fransadan gələn təlimatla reallaşıb!
Yəni, bunların 2 əsr boyunca Əlcəzairdə törətdiyi cinayətlər, on illərlə əsarətdə saxlanılan koloniyalar, hazırda Yeni Kaledoniyada, Polineziyada çıxardığı oyunlar demə ki, rusların təbirincə desək "svetoçki” imiş!
Fransa bəşəriyyətin ən böyük genosidlərindən birinin icraçısı olub və...bununla belə hələ utanmadan kiməsə məsləhət verir!
Üstəlik, nə ilə bağlı? – İnsan Hüquqları!
Ya da olsun, Britaniya, Almaniya, Portuqaliya, digərləri. Hara baxsan, hardan baxsan, dünyanın bütün bədbəxt ölkələrinin dünənindən, keçmişindən bunlar boylanır.
Dərd bilirsinizmi nədir? Oxuduğu Universitetdən düz 2 dəfə nasist ideologiyasına xidmət etdiyi üçün qovulan Şvabenin Azərbaycana qarşı danışması. Bizi ittiham etməsi. Riyakarca, həyasızca hürməsi!
Yenə də hansı mövzu üzərindən? Əlbət ki, insan hüquqları...
Dərd bilirsinizmi nədir? Konkret olaraq Rusiya – Ukrayna müharibəsində milyonlarla insanın ölməsindən, öldürülməsindən zövq alanların Bakıda məhkəməsi gedən 5-10 terrorçuya görə narahat qalması! Özlərini axırıncı yola qoyması! Artistcə vay-şüvən qoparması!
Nəhayət,
Dərddən də ötə absurd bilirsinizmi nədir? "İnterpol”u, Beynəlxalq Cinayət Məhkəməsini yaradanların - Tural Sadıqlı, Qabil Məmmədov, Məhəmməd Mirzəli kimi ünsürləri, söyüşdən yoğrulanları öz qoynunda bəsləməsi, onların ekstradisiyasını yüz bəhanə ilə gecikdirməsi, bu soysuzlardan iyrənc məqsədlər naminə bəhrələnməsi...
Ona görə, Tramp sizə neyləyirsə düz edir. Haqq edir. Hətta az edir.
Çünki, belə "dəyər”lərin arxasınca getməklə 3-cü dünya müharibəsindən qaçış mümkün olmayacaq.
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 1269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR