“Sıxlığın yaranmasında əsas səbəb sürücülərdir”
Son zamanlar Bakı şəhərində bəzi küçələrdə nəqliyyat vasitələrinin orta sürətinin artması onu göstərir ki, nəqliyyatın hərəkətində tıxac faktoru azalmaqdadır.
Bunu Oxu.Az-a Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bildirib.
Onun sözlərinə görə, nəqliyyatın hərəkətində tıxac faktorunun azalmasında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) böyük rolu var.
“Şübhəsiz ki, NİİM-in əsas məqsədi nəqliyyatın hərəkətində hansısa problem varsa, bu problemin aradan qaldırılması, bununla da nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsidir.
Burada tıxac məsələsi informativ baxımından çox vacib bir məsələdir. Misal üçün, NİİM-in informativ tablosu, telefonlar üçün xüsusi proqramı və radio vasitəsi ilə paylaşılan məlumatlar böyük bir fayda daşıyır.
Misal üçün sürücü avtomobili idarə edərkən, sıxlıq olan küçələrin adları haqqında NİİM-in tablolarından məlumat əldə edir. Daha sonra o, alternativ yoldan istifadə edib tıxacdan yayınır. Sürücü buna riayət etdikdə həm vaxtına qənaət edir, həm də mənzil başına vaxtında çatır.
NİİM özü üç mərhələli fəaliyyət həyata keçirir. Məlumat toplayır, təhlil edir, daha sonra lazım olan məlumatı müvafiq yerlərə ötürür.
Misal üçün, NİİM-in dayanacaqlarda quraşdırılan tablolarının sərnişinlərə böyük faydası var. Onlar lazım olan avtobusun dayanacağa nə zaman çatması barədə məlumat verir. Vətəndaşların rahatlığına yönələn bu tablolar olduqca vacibdir.
Ekspert bildirib ki, sıxlığın yaranmasında əsəs səbəblərdən biri sürücülərin və piyada kontingentinin mədəniyyət səviyyəsinin aşağı olmasıdır:
“Misal üçün, hər hansı yol kəsişməsində sıxlıq yaranıb, sürücü görür ki, o yol kəsişməsinə daxil olsa digər yol iştirakçılarının yolunu bağlayacaq, lakin o bunu edir. Digər bir məsələ, nəqliyyatın intensiv olduğu küçələrdə piyadaların böyük axını olmasıdır.
Misal üçün, “28 may” metrostansiyasının yaxınlığında daimi olaraq piyada axını müşahidə edilir, piyadalar da yolu toplu şəkildə yox, tək-tək keçirlər, bu da avtomobillərin sıxlığına səbəb olur.
Daha bir problem hansısa bir qurumun digər bir quruma məlumat verməməsidir. Misal üçün, “Azərsu” hər hansı küçədə qazıntı işi həyata keçirirsə, bu barədə NİİM-in məlumatı olmalıdır ki, onlar da məlumatı vətəndaşlara ötürsünlər. Bu baxımdan koordinasiya mərkəzinin yaranmasına ehtiyac yaranır”.
Azər Allahverənov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin həyata keçirdiyi işləri kifayət qədər müsbət dəyərləndirib:
“NİİM-in fəaliyyətini müsbət dəyərləndirirəm. Mərkəzin xidmətləri göz qabağındadır. Şübhəsiz ki, heç kəs deyə bilməz ki, bir anın içində hansısa bir sahədə radikal irəliləyiş olsun. Hansısa bir sahədə irəliləyişin olmasında zamana ehtiyac var. Amma bu gün bizdə də hansısa problemlərin olmasına baxmayaraq NİİM-in həyata keçirdiyi işlər kifayət qədər müsbət dəyərləndirilir. Hələ yol infrastrukturu, nəqliyyat infrastrukturu gündən-günə böyüyür. Burada görüləsi işlər çoxdur”.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, Bakı şəhərində sıxlığın aradan qaldırılması üçün kompleks şəkildə işlər görülməlidir:
“Bu tək NİİM-lik məsələ deyil. Burada şəhərin infrastrukturunda problem var. Sonra nişanlamada bəzi problemlər var. Arzuladığımız, gözlədiyimiz dəyişikliyə nail olmaq üçün kompleks şəkildə dəyişikliklər etməliyik.
Problem nədir, bilirsiniz, biz bu gün avtobus dayanacaqlarını, onları zəbt edən sürücülərdən təmizləyə bilmirik. NİİM burada nə edə bilər? Bu dəqiqə hara getsən şəhərin hər yeri fərdi avtomobillərlə doludur. Bütün maşınlar avtobus dayanacaqlarında saxlayırlar. Sıxlığın yaranmasında əsas səbəb sürücülərdir”.
Ərşad Hüseynov qeyd edib ki, NİİM-in gördüyü işlərin faydası var:
“Təbii ki, NİİM-in maraqlı ideyaları var. Şəhərin müxtəlif yerlərində xüsusi informativ tabloların olması sürücülər üçün böyük fayda göstərir, onun böyük səmərəsi var. “Yaşıl dalğa” da Bakının əsas və həlledici küçə və prospektlərində öz faydasını göstərir. Bu tək bir orqanın işi deyil. Bizim sürücü, piyada kontingenti ilə böyük problemlərimiz var”.