TEYMUR RZAYEV: “NƏNƏM FIRÇALARI MƏNƏ HƏDİYYƏ ETDİ...” -Fotolar

TEYMUR RZAYEV: “NƏNƏM FIRÇALARI MƏNƏ HƏDİYYƏ ETDİ...”  -Fotolar

BEDRETTİN DALAN HANSI RƏSSAMI İSTANBULA DƏVƏT EDİB?

O, mavi rəngi çox sevir. Onunla ilk tanışlığımız İstanbulun Asiya tərəfində yerləşən “Küçük Yalı”da olub. 31.12.2013 tarixi yaxşı xatırlanır. Gecə saatlarında Türkiyədə yaşayan azərbaycanlılarla bir araya toplaşıb yeni ilin gəlişini gözləyirdik. Biz də onlara qoşulub xoş anı yaşamağa çalışırdıq. Teymur Rzayevlə tanışlığımız isə masamızın ətrafında baş tutdu... və beləcə saatlar, günlər, həftələr, aylar, illər keçdi.
...
-19.09.2015
-Bir bazar axşamı.
-Sərin hava.
Bu dəfə İstanbulun “Ümraniyyə” ərazisində görüşdük. Teymur müəllim bizi ilk öncə küçədə qarşıladı. Emalatxanasına apardı. Rənglərin qoxusu, bizə uşaqlıqdan doğma olan fırçalar, həyatımızı əks etdirən, hər an məna ifadə edən tablolar. İncə anlar... Rəssam, biz, emalatxana, işıqlı mənzil, təbii ağaclar, telləri səliqə ilə daranmış, qara saçlı, sakit həyat yoldaşı Sevda xanım və rəssam oğlu Rəsul Rzayev... Teymur efendi kimi ailə üzvlərində də bir rahatlıq, sənətə bağılıq hiss olunurdu. Bunu hiss etmək üçün bir balaca diqqətli olmaq lazım idi... 

Nigar İsmayılqızı:
-Teymur müəllim, söhbətə uşaqlıq illərinizdən başlayaq. Balaca Teymurun uşaqlıq illərində nə baş verirdi? O illəri necə xatırlayırsınız?

-Əlbətt də ki, yaxşı xatırlayıram. O illər hələ də mənə doğmadır. Mən 1959-cı ilin 15 iyul ayında Bakıda doğulmuşam. Uşaqlıq illərim Xırdalan qəsəbəsində keçib. Məktəbə də məhz Xırdalanda getmişəm. Səkkiz illik məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasına daxil olmuşam. Təhsilimi bitirdikdən sonra əsgərliyə getmişəm.

Emin Ələkbərov:
-Teymur müəllim, gənclik illərinizdə nələri etməyi düşünürdünüz?


-Mənim gənclik illərimdə çox maraqlı insanlara yaxından tanış olmuşam. Deməli, 1982-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası qurulurdu. Həmin illəri yaxşı xatırlayıram. Bunu xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda rəssamlıq məktəbinin əsası Əzim Əzimzadənin adı ilə bağlı olub. Rəssamlıq Akademiyasının ilk müdiri də Əzim Əzimzadə olub.

Emin Ələkbərov:
-Bildiyim qədəri ilə gənc yaşlarınızda xaricdə təhsil almaq istəmisiniz, və hər zaman bunun üçün çalışmısınız. Necə oldu ki, Teymur Rzayev akademik təhsil aldı?

- O zamanlar xaricdə təhsil almaq üçün İncəsənət İnstitunun daxilində olan bir şöbə var idi. Mən də xaricdə təhsil almaq üçün o şöbəyə müraciət etdim və o günlərdə professor, sənətşünas Məmmədağa Tərlanov var idi onunla tanış oldum. Biz Məmmədağa müəllimlə görüşüb Piterdə təhsil almaq istədiyimizi dedik. Sizə bir söz də deyim: Məmmədağa müəllimin gözəl danışıq tərzi ilə daim tələbələrin diqqət mərkəzində olub. Bizə dedi ki, hara gedirsiniz? Belə yeni, gözəl akademiyanı siz gənclər üçün qurduq, yaratdıq. Əslində o istəmirdi ki, biz kənara çıxaq. O azərbaycanlı tələbələrin bu akademiyada təhsil almasını arzulayırdı.

Nigar İsmayılqızı:
-Bəs sonra necə oldu təhsilinizi harda davam etdirdiniz?

- O illərdə biz yaradıcılıq üçün daim çalışdıq. 1982-ci ilin oktyabrın 1-də ilk dəfə altı illik rəssamlıq akademiyası açıldı. Hətta mən də o illəri təsdiqələyəcək və daim xatırlayacaq sənəd var. O sənədi illərdi qoruyub saxlayıram. Bu sənədi Azərbaycana göndərmişəm Əzim Əzimzadənin bu günkü müdiri Telman müəllim də bilir. Məhz o illərdə İlk dəfə akademiya quruldu . Amma binası yox idi. İllər sonra o akademiyanın binası oldu. Buda Ömər Eldarovun sayəsində Heydər Əliyevin dəstəyi ilə akademiyanın binası alındı və tikildi. O zamanlar binamız olmadığı üçün İncəsətən İnstutunun yataqxanasında akademiya işə başladı. Birinci, ikinci illərdə rahat oldu. Ona görə ki, akademiya təzə açıldığı üçün tələbə az olurdu.

Emin Ələkbərov:
-Söhbətinizdən belə anladım ki, akademiya çox çətin bir yol keçib. Gənc Teymur Rzayev isə o akademiyanın ilk tələbələrindən olub. Hansı anları xatırlaya bilərsiniz?

-O anları, illəri unutmaq mümkünsüzdür Emin. Mən fəxrlə deyə bilərəm ki, akademiyanın ilk tələbələrindən biri mən olmuşam. Bu mənim arzum idi bunu belə də etdim və qazandım. Və mən Teymur Azərbaycanın çox dəyərli ustadlarından dərs aldım.

Emin Ələkbərov: 
-Teymur müəllim, deyirsiniz, dərs aldım. Hansı peşəkarlardan dərs aldınız? O şəxsiyyətlərlə işləmək sizə nə verdi? 

-Peşəkar rəssam Mikayıl Abdullayevin sinifində oxumuşam. Bundan əlavə Nadir Əbdürəhmanov, Böyükağa Mirzazadə, Fikrət Haşımov, Faiq Ağayev kimi yaradıcı insanlardan dərs almışam. Və bunun üçün özümü xoşbəxt hiss edirəm... 

Nigar İsmayılqızı:
- Artıq, uzun illərdi İstanbuldan kənarda yaşayırsınız. Vətəndən kənarda yaşamaq hansı duyğuları yaşadır sizə? Bir azərbaycanlı vətəndən kənarda yaşayırsa öz millətini, milli mənəvi dəyərlərini necə təbliğ etməlidir? 

-1995-1997 ci illərdə mən Piterə gedib gəldim. Sözün-düzü insan vətəndən kənarda olanda nə etmək istədiklərini bilir? Və xaricdə yaşayanda milli duyğularımı daha çox hiss etdim. İnsan vətəndən kənarda olan da başqa duyğular karvanında yol gedir.

Nigar İsmayılqızı:
-...Və bir azərbaycanlı vətəndən kənarda yaşayırsa öz millətini, milli mənəvi dəyərlərini necə təbliğ etməlidir? 

- Təbii ki, bu göründüyü qədər də asan deyil. Hər ölkənin özünə görə qanunları var. Hər bir azərbaycanlı da yaşadığı ölkənin qanunlarına uyğunlaşmalıdır. Amma buna baxmayaraq, bir Azərbaycanlı ölkədən kənarda yaşayırsa mütləq öz milli-mənəvi dəyərlərini qorumalıdır. Həmçinin vətəndən kənarda yaşayan hər bir azərbaycanlı kənarda ölkəsini mədəniyyətini təbliğ etməlidir. Ən əsası başqa ölkənin qanunlarına uyğunlaşaraq vətənimizi kənarda qürurla təmsil etməliyik. Əslində bu göründüyü qədər də asan deyil. Bunun üçün hər zaman çalışmalıyıq...

Emin Ələkbərov:
-Sizin İstanbula köçüb gəlməyinizin marağlı bir tarixçəsi var. İstəyirəm xəyalən o illərə səfər edək. Niyə məhz İstanbul, ... və dəvətin səbəbkarı kim idi?

-Bəli, məni İstanbula məşhur bir şəxs dəvət edib. O görüşdən sonra həyatımda bir çox dəyişikliklər oldu. Bir portretin çəkilməsi üçün mənə Türkiyədən sifariş gəldi. Sifariş edən şəxs məndən bir yaşlı qadın portreti istəyirdi. Mən də bu yaşlı qadın portretini çəkib İstanbula göndərdim. Sonra getdim Amerikaya. Amerikada bir sərgi açdım. ...Və beləcə altı ay orada yaşamalı oldum. Bakıya zəng vurub hal-əhval soruşdum. Telefonda dedilər ki, çəkdiyin portretin sahibi Bedrettin Dalan səni soruşur və səni İstanbula dəvət edir. Sözün düzü mən də Bedrettin Dalanın kim olduğunu bilmirdim. Amerikada Azərbaycan Cəmiyyətləri ilə də yaxından dostluq edirəm. 1993-ci ildə Amerikada yaşayan Tomris Azəri ilə tanış olduq. Hələ də ailəvi dostluqumuz davam edir. Xatırladım ki, Tomris xanım Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini Amerikada tanıdır. 

Görən Bedrettin dalan kimdir?...
-Bir gün Hilton oteldə tədbir keçirilirdi. Mən də tədbirə qatıldım. Və orada professor Necdet Yalçıntaşla tanış oldum. Sonra məni Necdet bəylə yaxından tanış etdilər. Söhbət edirdik mən də söz gəlişi dedim ki, İstanbula gələcəm. Necdet bəy soruşdu ki, hansı səbəblə İstanbula gələcəksən. Mən də İstanbula Bedrettin Dalanın dəvət ilə gedəcəyimi dedim. O mənə diqqətlə baxdı:- və dedi: Bedrettin Dalan sizi dəvət edibsə niyə hələ də burdasınız? Mən də fikirləşdim ki, Bedrettin Dalan kimdir görəsən? O söhbətdən sonra Bedrettin bəy haqqında maraqlanmağa başladım. Sonra bildim ki, Bedrettin Dalan İstanbulun ilk Bələdiyə Başkanıdır. Məlumat üçün deyim ki, Bedrettin Dalan Yeditepe Üniversitetinin qurucusudur.

Nigar İsmayılqızı:
-Teymur müəllim, rəssam kimdir? Fırçalar və rənglərlə işləyən bir yaradıcı insan ilk növbədə nə etməlidir? 

-Mənim üçün saatlarla müzakirə olunacaq bir mövzudur bu söhbət. Rəssamın işi təkcə şəkil çəkməkdən ibarət deyil. Hər bir rəssamın çəkdiyi rəssimin arxa fonunda bir fəlsəfə olmalıdır. Çəkilən əl işlərinin arxa fonunda böyük bir fəlsəfə olanda, əsərin qiyməti daha dəyərli olur. Akademik təsildən çıxıb öz yolunu, öz sənətini ortaya qoya bilən insanlar şəxsiyyət və rəssam ola bilir. Sənətdə fərqli ideyalar olanda o sənət olur. Peşəkar sənətdə müxtəlif ideyalar və rənglər olmalıdır.

Emin Ələkbərov:
-Bir söhbətimizdə məşhur rəssam Kazimir Moleviçi sevdiyinizi demişdiniz. Sənət aləmində kimdir Moleviç?

-Əlbəttə ki, o söhbəti mən də xatırlayıram. Nigar sizinlə bu rəssamın dünyasına bağlı olduğum haqqında danışmışdım. Bəli mənim ən sevdiyim rəssamlardan biri Moleviçdir. Bu rəssam sənətdə böyük işlər görən bir sənətkardır. Təbii ki, ondan əvvəl də böyük sənətkarlar bir çox işlər görüb. Amma mənim fikrimcə Moleviç olmasaydı rəssamlıq kasıb görünərdi. Dünyaca məşhur olan “Qara Kvadrat” əsərinə baxdığımız zaman sadə rənglər görürük. Bu tablonun arxasında isə böyük bir fəlsəfə var. “Qara Kvadrat” əsərinə baxanda anlayırsan ki, burada böyük sənət və peşəkar cizgilər var.

Nigar İsmayılqızı:
-Emalatxana, rənglər, fırça. Rənglərdən gələn qoxu sizə hansı hissi verir? 

- Bir az öncə saydıqlarınız bir rəssam üçün vacib olanlardır. Mən öz emalatxanamda o qədər rənglərə yaxın oluram ki, boyanın qoxusunu hiss edə bilmirəm. Amma başqa birinin emalatxanasına getdiyim zaman yeni emaltxanın qoxusunu hiss edirəm. Dayım da rəssam olub. Mən balaca olanda nənəm dayımın fırçlarını mənə hədiyyə edib. Bax sizə deyim ki, mən rəssamlıqa 10 yaşımda başlamışam.(Gülür)

Emin Ələkbərov:
-Rəssim çəkdiyiniz zaman nə hiss edirsiniz? Nə baş verir həmin anda?

-Əslində işləyərkən özümlə baş-başa qalmağa çalışıram. Yalnız olanda özümü rahat hiss edirəm. İnsan ruhuna yaxın olanda nəsə yarada bilər. Hər bir insanın içində yaradıcılıq hissinin olması mümkündür. Yetər ki, insan öz istəklərinə yaxın olsun. 

Xəbər 2883 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR