Bir sıra siyasi liderlərin və dövlət əhəmiyyətli şəxslərin danışıqlarının dinlənilməsi barədə xəbərlərə mətbuatda tez-tez rast gəlinir.
Təbii ki, qanunvericilik bunu yasaq etsə də, bunun qarşısını tam almaq mümkün deyil.
Aktual.az femida.az-a istinadən bildirir ki, dinləmə cihazlarının tarixi və məşhur tarixi hadisələri təqdim edir.
İlk dinləmə cihazlarının ABŞ-da istehsal olunması və istifadəsi barədə məlumatlar var. Elə tarixdə böyük qalmaqala səbəb olan siyasətçilərin izlənilməsi və gizli dinlənilməsi məhz ABŞ kəşfiyatının adı ilə bağlıdır.
Elə bir müddət əvvəl ABŞ Xüsusi Xidmət orqanlarının əməkdaşları tərəfindən dinlənilən ölkələrin siyahısı və xəritəsi ortaya çıxdı. Maraq doğuran məqamlardan biri də Azərbaycanın da həmin siyahıda olması idi.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin bütün dünyanı fərqli üsullarla dinlədiyi keçmiş agent Eduard Snoudenin açıqladığı sənədlər vasitəsi ilə ortaya çıxmışdı. ABŞ hökuməti də yaranan bu skandal üçün rəsmən üzr istəmək məcburiyyətində qalmışdı və dinləmələr apardığını qəbul etmişdi.
Məlumata görə, Türkiyədəki GSM işçilərinin 75 faizi dinlənilib.
Ərdoğan 8 il gizli dinlənilib...
Siyahıdan da göründüyü kimi Türkiyə ən çox dinlənilən ölkələr sırasında böyük üstünlük əldə edir.
Bəzi beynəlxalq şirkətlər və xüsusi-xidmət orqanları baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gizli dinləyiblər. Dinləmə Türkiyənin Baş Polis İdarəsinin İtaliya firmasından satın aldığı virus proqramı vasitəsilə həyata keçirilmişdi.
Ərdoğanı 2007-ci ildən dinləməyə başlayıblar. Eyni zamanda, Davudoğlu və "G20" sammitinə qatılan Türkiyə nümayəndə heyəti də dinlənilib. Türkiyə Baş Polis İdarəsi İtaliyanın "Hacking Team" firması ilə anlaşaraq casusluq proqramını satın alıb. Bu anlaşmadan sonra müxalifətdə olan şəxsləri və qurumları izləməyə başlayıblar. Dinləmələri polis sistemindəki bir qrup həyata keçirib. Əməliyyat başa çatandan sonra topladıqları məlumatları da götürərək gediblər. Xüsusən, 17-25 dekabr "böyük rüşvət əməliyyatından" sonra polisdəki bütün yaddaş sistemi silinib. Bunu idarə yox, kənardan ora sızan bir təşkilat həyata keçirib.
Xatırladaq ki, gizli dinləmə qalmaqalı 2013-cü ildə üzə çıxmış və bundan sonra Ərdoğanın göstərişi ilə Türkiyənin polis sistemində kütləvi "təmizləmə əməliyyatı" başlamışdı. Minlərlə polis ya işdən çıxarılmış, ya da xidmət yeri dəyişidirilmişdi. Qanunsuz dinləmə həyata keçirdiyinə görə xeyli hüquq-mühafizə əməkdaşı barəsində təhqiqat başladılmışdı. Ərdoğanın, ailə üzvlərinin, komandasındakı nazirlərin gizli səs yazıları internetdə yayılandan sonra hökumət bütün bunların Fətullah Gülənin sifarişi ilə baş verdiyini, məqsədin də Türkiyədə "paralel dövlət" qurmaq olduğunu bəyan etmişdi.
Gerbin içərisində gizlədilən gizli qurğunun ŞOK nəticəsi...
Rusiya da bu sahədə qabaqcıl ölkələrdən hesab edilir. Bu ölkənin tarixində dəfələrlə qalmaqallı gizli dinləmə mövzusu olub. KQB-nin yaranmasının ildönümü vaxtında Rusiya mətbuatı əfsanəvi sovet agenti Vadim Qonçarovun həyatı barədə şok məlumat yayılır. Qonçarov Stalinin əmri ilə Moskvadakı ABŞ səfirliyini dinləmək məqsədilə hazırlanmış əməliyyata başçılıq edirmiş. Əməliyyatda hətta orta məktəb şagirdlərindən istifadə olunub. 1945-ci ildə Krımda Artek beynəlxalq tələbə düşərgəsinin açılışında ABŞ səfiri A.Harrimən də iştirak edir. Mərasim zamanı sovet tələbələri amerikalı səfirə qiymətli ağac növlərindən hazırlanmış ABŞ gerbini hədiyyə edirlər. KQB-nin içərisinə Zlatoust adlı gizli dinləmə cihazı yerləşdirdiyi bu gerbi səfir iş otağında asır və gerb 8 il orada qalır. Harriməndən sonra daha 3 səfir Moskvada xidmət edir ancaq heç biri gerbdə dinləmə cihazının olacağını fikirləşmir. Ancaq Kremlin gizli məsələlərdə Vaşinqtondan daha tez informasiyaya malik olması CİA-I şübhələndirir və Moskvaya elektronika mütəxəssisləri və cihazlar göndərilir.
CİA səfirlikdə yazışmaların sayını artırdıqca KQB də cihazı daha da aktivləşdirir və amerikalılar gerbin içərisindəki cihazı tapa bilirlər. Məsələ barədə bir müddət susan Vaşinqton 1960-cı ildə SSRİ-nin casus fəaliyyətlərini ifşa etmək məqsədilə BMT kürsüsündə Zlatoustu nümayiş etdirdi. Hazırda həmin cihaz CİA-nın muzeyində saxlanılır. Qonçarov Moskvada otellərdə qalan xarici yüksək vəzifəli şəxsləri və səfirlikləri dinləməyi bacarmaqla məşhurlaşan məşhur Sovet kəşfiyyatçısıdır
ABŞ Azərbaycanı necə izləyib? ŞOK fakt...
Bir neçə il öncə Bakıda yerləşən türk məzarlığında abidələrin sökülməsi və təmir edilməsi heç də təsadüfi deyildi. Xarici kəşfiyyat həmin ərazidə gizli dinləmə qurğusu yerləşdirməklə mühüm dövlət orqanlarının danışıqlarını gizlin şəkildə dinləməklə, Türkiyəyə, oradan da ABŞ-a məlumat ötürürmüş. Bundan sonra həmin ərazidə abidələrin bəzilərində təmir işləri aparıldı.
Azərbaycanda danışıqların gizli dinlənilməsi qanunla qadağan olunur. Buna baxmayaraq ölkəyə gətirilən dinləmə qurğuları, gizli kameralar və siqnalkəsici elektron cihazlar internet saytları vasitəsilə onlayn olaraq satışa çıxarılır.
İnternet üzərindən satış həyata keçirən saytların açıq-aşkar bu cihazları ölkəyə gətirdikləri məlum olub. Gizli dinləmə aparatları simkartla işləyən dinləmə cihazları, qələm, saat, oyuncaq, "brelok" və alışqan şəkilindəki kameralar, gizli kameraları tapan və bütün siqnalları kəsən xüsusi qurğular formasında olur.
Dinləmək prosesi necə həyata keçirilir?
Binalardakı telefon qutularına və ya telefon xəttlərinə qeyri-leqal yolla qoşulmaqla paralel bağlanmaq və bu yolla da danışıqlara qulaq asmaq olar.
Evdə və işdə istifadə olunan simsiz telefonlara qulaq asmaq üçün isə onların tezliyini tutmaq lazımdır. Hazırda bunun üçün xüsusi tezlik tutan cihazlar var.
Bu qaydalar mobil telefonlar üçün də keçərlidir. Belə ki, xüsusi cihazlar vasitəsilə mobil telefonların tezlikləri pelenqasiyaya götürülür. Bundan başqa, cihaz yerləşdirmə prinsipilə mobil operator vasitəsilə də dinləmə həyata keçirmək mümkündür.
Smartfonları dinləmək daha çox asandır. Telefona hansısa proqram göndərilir (mms, yaxud attachment ilə) və telefon sahibi özünün xəbəri olmadan bu proqramı telefonuna yükləyir. Bundan sonra onun bütün danışıqlarını dinləmək olur. Telefon danışğı başlayan anda həmin proqram dinləməni həyata keçirən şəxsə avtomatik zəng edir və onu xəbərdar edir. Bundan sonra bütün danışıq yazılır.