Azərbaycanda cari ilin 9 ayında 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdir.
Bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib.
Nazir qeyd edib ki, təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır: “Lakin korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir. Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir”\report