TEHRANA HÜCUM PLANI: AYƏTULLAHLARA QARŞI MÜHARİBƏ, YOXSA, ƏRƏB ƏKSİNQİLABI?

TEHRANA HÜCUM PLANI: AYƏTULLAHLARA QARŞI MÜHARİBƏ, YOXSA, ƏRƏB ƏKSİNQİLABI?

Zahid Oruc 


Fars körfəzində yeni gərilimin meydana çıxdığı son bir həftəni qum dənizində xalq demokratiyası - Cümhuriyyət qurmağa qalxmış bədəvi lideri Müəmmər Qəzzafinin ruhunun yenidən dirilişi adlandırmaq olar. Despotizmi devirərək kral İdrisin taxt-tacını ələ keçirən polkovnikin 40 illik hakimiyyəti sona çatanda indi ətrafında diplomatik mühasirə qurulan Qətər Birləşmiş Ştatların baş inqilabi qərərgahına çevrilmişdi. Anqlosaks dünyasının beyin mərkəzləri və əsas siyasi institutları - hakimiyyət dizaynerləri Dohada özlərini çox rahat hiss edir,Tunisdən başlayan antitiraniya hərəkatını uğurla yönləndirirdilər. RAND korporasiyası, Brookings institutu, Corctaun və Şimal-Qərb universitetləri məhz Qətər hökumətinin yardımı ilə digər ərəb qardaşlarının əleyhinə olan milyonlarla narazı kütlənin çıxışlarını hazırlayır,onları "Əl-Cəzirə”nin tribunasından dünyaya yayırdı.

Lakin "inqilab öz balalarını yeyir”, deyirlər.Tarixin ironiyasına baxın,ötən əsrin 90-cı illərində saray çevrilişi nəticəsində hakimiyyəti ələ götürən hazırki əmirin atası Həmad əl Xəlifəni həzm etməyən, ona düşmən kimi baxaraq üstünə səud komandoslarını göndərən Ər-Riyad xilafətini məhz Ağ Evin işə müdaxiləsi durdurmuşdu.Yoxsa,müqəddəs torpaqdan kənarda alternativ siyasi mərkəz statusu qazanmağa iddialı olan bir dövləti kral ordusunun əlindən heç kəs ala bilməzdi. Vaşinqtonun belə addım atmasının səbəbləri isə təkcə özünə bəlliydi. İndi ətrafında böyük səs-küy qopan danışıqlar barəsində gizli kasetlərin niyə uzun illərin fasiləsindən sonra dövriyyəyə çıxarılması əslində sual doğurmur. Deməli, Ağ Ev istədiyi anda böyük bir qitədə çatışmanı təşkil etmək üçün kifayət qədər geniş resurslara malikdir. Yetər ki, məxfi qrif altında yatan dosyelərin açılsın və onda ərəb qardaşlarının bir-biri əleyhinə hansı miqyasda satqınçılıqlara getdiyi bəlli olacaqdır. Sonrası hamıya aydındır - isti iqlim qurşağı hələ də monarxiyalardan özgə üsul-idarə tanımayan rejimlərin beyinlərini müharibə havası ilə dolduracaqdır.

Uzun illər Vaşinqton müttəfiqliyindən xeyli ambisiyalı və müstəqil siyasət güc yığmış bir dövləti cəzalandırmaq üçün ona qarşı həyata keçirilən embarqo və təkləmə tədbirləri zamanı qətərli hakim rejimi bilirsizmi nə ilə ifşa etməyə çalışırlar?

Sən demə,2008-ci ildə Qəzzafi ilə görüşən keçmiş əmir Həmad bin Xəlif səud sülaləsindən şikayət edərək, tarixən mövcud olmuş ərazi iddiasını dilə gətirmiş,neftlə zəngin Şarkiyyə bölgəsini tutmaq üçün hərbi vasitələri işə salacaqlarını söyləmişdir. Yəmənin sabiq prezidenti Ali Abdullah Salehlə görüşdə isə Liviyanın keçmiş lideri həmkarını Səudiyyənin üstünə qaldırmağa və iki vilayəti geri qaytarmaq üçün diversiya fəaliyyətlərini işə salmağa çağırıb. Bu haqda məlumatların səhihliyi şübhə doğurmur, çünki gerçək səs yazıları Əl-Ərəbiyyə və Skay-nyus Ərəbiyyə televiziyaları vasitəsilə yayımlanmağa başlayıb. Külli cinayətlərin ən böyüyü və müsəlmanın öz qan qardaşlarına xəyanət səhnəsi isə iddialara görə Qətərin xarici işlər nazirinin İraka səfəri zamanı baş verib. Burada İranın "Qüds” inqilab keşikçiləri dəstəsinin başçısı Qasım Süleymani ilə məxfi danışıqlar aparan qətərli baş diplomat Tehranın regionda nüfuzunu və ekspansiya siyasətini tanımayan dövlətlərə qarşı sövdələşmələrə getməkdən çəkinməyib. Ona görə də ictimai rəyi bir anın içində çox ziddiyətli xəbərlərlə Dohaya qarşı kökləyəndən sonra 8 dövlətin alyansını yaradıb Qətərə havadan,sudan və qurudan keçən yolları bağlamaqla onu cəzalandırmağa çalışırlar.

Bəs, ərəb dünyasının ən varlı ölkəsi-adambaşına düşən milli gəlirə görə 142 min dollarlıq səviyyə ilə ön yerdə olan və 100 milyard dollardan artıq valyuta rezervi ilə təminatlı cəmiyyət-dövlət tandemi formalaşdıran bir hakimiyyət Qərbin və müqəddəs taxt-tacın qəzəbinə daha hansı səbəblərdən gəlib?
Burada ilk növbədə,dini miras uğrunda uzun on illərdir gedən mübarizəni xatırlatmağa ehtiyac duyulur. Çünki Quranı islam etiqadının baş kitabına çevirsələr də onun müxtəlif interpretasiyada anlayan müsəlmanlar Məhəmmədin irsini başqa bir Məhəmməd vasitəsilə izah etməyə çalışaraq 100 ilə yaxındır yeni bir ideologiya yaradıblar. Vəhabizmin Əbdülvahabla başlayan təməl prinsipləri qətərli alimlərin nəzərincə səud sülaləsi tərəfindən tam dəyişikliyə və təhrifə məruz qaldıgından sən demə əsil vəhabiçilər Qətərdə yerləşir və Doha dini ixrac hüququna Ər-Riyaddan daha çox malikdir. Bunun üzərinə "ərəb baharı” nəticəsində formalaşan hakimiyyətlərə münasibəti də gəlsəniz, səbr kasasını daşıran səbəblərin tam mənzərəsi ortaya çıxacaqdır. Belə ki,Misirdə uzun illərin gizli fəaliyyətindən sonra zirzəmilərdən və digər yeraltı hücrələrdən hakimiyyətə gələn "Müsəlman qardaşları”na göstərilən yardımlar ərəb yarımadasındakı qüvvələr nisbətini dəyişdirməyə və Yaxın Şərq regionunda liderlik mövqeyi əldə etməyə böyük imkanlar verirdi. Kral Abdullanın reaksiyası özünü çox gözlədə bilməzdi. Mübarək devrilərkən dişsizlik göstərən və xalq üsyanını yatırmaqda aciz duruma düşən ordu rəhbərləri sırasında Amerikanını xeyir-duası ilə hərəkət edən feldmarşal Əl Sisi Misirdə din dövlətini devirməyə qalxanda ona birinci yardımı səud hökuməti etdi.Yeni iqtidarın iqtisadi cəhətdən möhkəmlənməsi üçün ilk 15 milyardlıq yardım da o zaman verilmişdi.
Nəticədə hazırki Qətər əmirinin atası 18 illik rəhbərliyini oğluna təhvil verərək səhnədən çəkilməli oldu. Lakin Dohanın İran siyasəti daha yeni mahiyyət kəsb etməyə başladı.

İraqda Səddamdan sonrakı yeni hökumətin qeyri-dayanıqlı olması və nəticədə Tehranın öz nüfuzunu qərbərəst yeni elita üzərində bərqərar etməsi göstərdi ki, hərbi cəhətdən zəif olan rejimlər çox asanlıqla Tehranın təsiri altına düşürlər. Fakitiki olaraq ərəb inqilabları İranın əlinə işləyib.

Suriyada İŞİD bayrağı altında regionun yenidən qazanılması planı da iflasa uğradı. Obama idarəçiliyinin son illəri böyük 6-lığın nüvə razılaşmalarına gəlməsi isə ərəb dünyasının yeni qiblə axtarışlarında həlledici mərhələ oldu-fatihəni Əliyulsuz oxuyanlar yeni namaz forması axtarışında Tehrana üz çevirdilər.
Bəs,Birləşmiş Ştatların hazırki hakimiyyəti ötən illər ərzində trilyon dollarlar xərclədiyinə görə əvvəlki prezidentləri qınadığı halda ərəb yarımadasındakı son böhranın hansı tərəfində durur? Ekspert cəmiyyətlərinin mövqeyi bu məsələdə vahid deyil. Belə ki,ölkələrin daxili işlərinə qarışmayacaqları vədi ilə hakimiyyətə gələn Tramp inqilab ixracının ağır nəticələr doğurduğunu yaxşı bilir.100 minlərlə insan ölsün, antimaerikanizm dünyada güclənsin,milyonlarla miqrant axını dünyanının bir nömrəli başağrısına çevrilsin,hələ üstəlik, antiterror mübarizəsi fundamentalist qüvvələri gücləndirməklə beynəlxalq təhlükəsizliyi heç vaxt olmayacaq qədər zərbə altında qoysun, onda məgər proamerikan hakimiyyətlərini güclü saymaq olarmı? Qətiyyən yox. Trampa belə bahalı layihələrdənsə,ona daxili siyasi mühasirəni yarmağa bahalı müqavilələr lazımdır. Ağ Evin rəhbərləri sırasında indiyədək belə gəlirli idarəçiliyi başlayan liderlər olubmu? Hər halda müsbət cavab vermək mümkün deyil. Bütün dünya müsəlmanlarının əhd-peyman edib üz tutduqları müqəddəs Məkkəyə birinci olaraq səfər edən Tramp heç də seçki sonrası islam aləminin könlünü almağa gəlməmişdi. Amerikanın indiki rəhbərinin belə sentimentallıqla işi yoxdur. 19 trilyonluq borcu başqalarına ödətdirmək bəyanatı ilə seçki kampaniyasını aparan şəxsin böyük oyuna qoyulan ilkin 110 milyarlıq hərbi bağlaşma ilə Uol stritin zəngiznlər məhəlləsinin impiçment təhlükəsini əngəlləmək mümkündür. Bəs digər qardaşlar,o cümlədən,dohalı müttəfiqlər niyə özlərini qorumaq üçün əllərini ciblərinə salmırlar?

11 sentyabrdan sonra Səudiyyə Ərəbistanını sünni terrorçuları maliyyələşdirmıkdə ittiham edən Vaşinqton hazırki səud taxt-tacından aldığı ənamla onları müxtəlif təqib və sanksiyalardan xilas etmiş oldu. O üzdən müsəlmanın peyğəmbərinə sevgidən deyil, yığdıqları pulları xərcləmək üçün müqəddəs torpağa gələn Tramp əlində qılınc hansı havaya rəqs elədiyini yaxşı bilir. Ərəb xilafəti fars imperiyasına-Zülfüqar qılıncına qarşı qınından sıyrılmalıdır.

O üzdən İranın dövlətçiliyi üçün simvol sayılan yerlərdə dünən həyata keçirilən qanlı terror İŞİD adına necə yazılır, bax bunu təyin etməyə beş baş lazımdır. Məgər Qətəri terrora yardım suçlandrımırlar - kimə sponsorluq edir ət Tani hökuməti? Əl Qaidə və İraq-Şam islam dövlətinin bayraqları məgər Dohada tikilir? Burada heç bir məntiq yoxdur. Axı Qətər İranın Suriyada döyüşdüyü qüvvələrlə müttəfiq ola bilməz.

Belə bir şəraitdə ayətullahlara qarşı tuşlanan güllələr Laricanini qorxutmaya bilər. Hətta parlamentin linç edilməsi və imam Xomeyni muzeyinin-İran dövləçtiliyini simvolizə edən mərkəzlərdən birinin dağıdılmağa cəhd göstərilməsi belə ali dini lider Seyid Əli Xameneinin dediyi "fişəng” effekti doğura bilər. Hərçənd dünyada islamla terroru eyniləşdirənlər sabitlik adası olan ölkələrdən birinin - İranın rəhbərlərinin reaksiyası ilə məsələn Fransanın,yaxud Britaniyanın liderlərinin və cəmiyyətinin birlik,həmrəylik əsasında verdiyi böyük dirənişi arasındakı fərqi yaxşıca ayırd edə bilərlər. Yəni, dövlətin gücünü qabartmaq üçün terrora "milçək vızıltısı” adını qoymaq olmaz.

Doğrudur, qəddarlıqla və kütləvi qırğınla hər kəsin təhlükəsizyinin onlardan asılı olduğunu mesaj edən ekstremist mərkəzləri yenilməz demon olaraq da qələmə vermək olmaz. Lakin Birləşmiş Ştatların Yaxın Şərq üzrə əsas müttəfiqlərindən birini - Qətəri "zəif bənd” oyunun bir həlqəsinə çevirənlərin qarşısında Tehran yeni tədbirlər görməyə məcburdur. Ən azı islam dünyasındakı liderlik roluna iddiasını saxlamaq üçün..

Trampın prezidentliyi dünyaya çox baha gəlir. NATO-ya üzvlüyün 2 faizlik ÜDM haqqını ödəməkdən tutmuş ərəb monarxiyalarından alınan bac-xəraca qədər. Özünüz də deyirsiz ki,yalnız keçmiş imperiyalar vaxtında dövlətlərarası bəxşeyiş və təzminat ödənişləri olub. Məgər siyasi olimpə biznes dünyasından gəlməyənlərin idarəçiliyi fərqli olub?Əsla yox!

Ərəb dünyasının yenidən şəkillənməsi məxməri çevrilişlərdən daha böyük təhlükələr vəd edir. Fevral burjua inqilabından sonra gələn əksinqilablar kimi...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aktual.az


Xəbər 9662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR