Söz adamları seçkidən danışdı - SORĞU

Söz adamları seçkidən danışdı -  SORĞU

Parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyasına 20 gündən də az vaxt qalıb. 

Müxtəlif sahələri təmsil edən tanınmışlardan kimlərin deputatlığa iddialı olduğu isə hər kəsə maraqlıdır. Sənət adamlarından, aktyorlardan, jurnalistlərdən əlavə, şair və yazıçılar da həmişə deputatlığa iddialı qruplardan olub. 

Aktual.az aznews.az-ın hansı söz adamlarının manadat almaq istədiyini öyrənmək üçün keçirdiyi sorğunu təqdim edir:


Sualımızı ilk cavablandıran xalq şairi Nəriman Həsənzadə meydanı gənclərə buraxdığını deyib: 



“Mən bir dəfə deputat seçilmişəm. Amma indi belə bir fikrim yoxdur. Qoy meydanı gənclərə versinlər. Gənclərin sayı Milli Məclisdə nə qədər çox olsa, bir o qədər vətənə xeyir dəyər”. 

Şair Rüstəm Behrudi iki dəfə namizədliyini irəli sürüb, lakin hazırda seçki prosesindən kınar qalmaq istədiyini vurğulayıb: 



“Mən iki dəfə parlament sekilərinə namizəd olaraq qatılmışam. Qanunların qəbul olunmasında iştirak etmək istədim. Çox təəsüf ki, təbliğat prosesində gördüklərim, şahid olduqlarım məni bu yoldan döndərdi. Hazırda seçki prosesindən çox kənardayam, yaradıcılıqla məşğulam. Millət vəkili olmaq mənim nəyimə lazımdır? Belə istəyi olanlara uğur arzulayıram”. 

Ədəbiyyatşunas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Niyazi Mehdi də deputat olmaq istəməyənlərdəndir: 



“Parlament seçkilərində iştirak etmək niyyətim yoxdur. Çünki şamsım yoxdur. Boş yerə enerji sərf etmək istəməzdim”. 

Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya Şöbəsinin rəhbəri Firuz Mustafa hələ qərar vermədiyini bildirib: 



“Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bir çox dost və tanışım bu dəfəki seçkilərdə iştirak etməyi tövsiyə edir. Bildirirlər ki, Milli Məclisdə təsadüfi adamlar çoxdur, onları oradan uzaqlaşdırmaq üçün mütləq layiqli namizədlər olmalıdır. Amma mən hələ bu barədə konkret bir söz deyə bilmərəm. Gərək vəziyyətə, şəraitə baxam”. 

Yazıçı Nəriman Əbdürrəhmanlı bildirib ki, vəzifədən uzaq olmağa çalışır: 



“Bu barədə heç fikirləşməmişəm də. Mən təbiətimə görə ictimaiyyatçı yox, apolitikəm. Kürsülərdən, vəzifədən həmişə qaçmışam”. 


Şair Aqşin Yenisey enerjisini yaradıcılğa sərf etmək istəyir: 



“Seçkilərdə iştirak etmək kimi bir fikrim yoxdur. Bu yaşda vaxtımı və enerjimi yaradıcılığa ayırmaq istəyirəm. Mənim xalqa verəcəyim ən böyük xeyir, məncə, yaza biləcəyim bir-iki yaxşı əsər ola bilər. Parlamentdə məni cəlb edən yeganə bir səbəb varsa, bu da deputat maaşıdır. Çünki yaxşı əsər yazmaq üçün, doğrudan da, yazıçının boş vaxtı və bol pulu olmalıdır. Yazmaq üçün lazım olan istedadı, yaradıcı əzabı, onsuz da, Allah adamdan əsirgəmir”. 

Yazıçılar Birliyinin üzvü Fəridə Ləman deputatlığın mənasız bir şey olduğunu düşünür:



“Seçkilərdə namizəd olaraq iştirak etməyəcəyəm. Yəni, hər məsələni bildiyimiz namizədliyini verməyin mənası yoxdur. Millətim üçün bir iş görmək səlahiyyətim olsaydı deputat olmaq istəyərdim”.

Şair Cəlil Cavanşir yaradıcığı seçkidə iştirakdan daha vacib hesab edir: 



“Mənim üçün yaradıcılıqla məşğul olmaq, hansısa seçkidə iştirak etməkdən daha maraqlıdır. Bir neçə partiyadan belə təklif oldu. Həm Bakıda müəyyən dairələrdən, həm də doğulduğum rayondan namizədliyimi verməyi təklif etdilər. Sadəcə yaradıcılıqla məşğul olmaq mənim üçün daha maraqlıdır. Namizədliyimi irəli sürməkdə israr edən dostlara çox minnətdaram. Amma qəti qərar vermişəm ki, namizədliyimi irəli sürməyim”. 

 
Xəbər 653 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR