"Suriya kampaniyası Rusiyanın siyasi bacarığının nümayişidir"


Politoloq: Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyasi bacarığının nümayişidir. Vladimir Putin konkret hərbi əməliyyatların keçirilməsində, hərbi təyyarələrin uçuşlarının uzlaşdırılmasında, Suriya probleminin siyasi tənzimlənməsində ABŞ-la hər cür dialoqa və əməkdaşlığa hazır olduğunu nümayiş etdirsə də, ABŞ və Qərb əməkdaşlıqdan yayınır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ABŞ RF-ni hədəfləri düzgün vurmamaqda ittiham edir, amma özündə olan koordinatları vermək fikrində deyil: "Eləcə də kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı təklifi də rədd etdi. Yalnız Rusiya hərbi təyyarələrinin ABŞ təyyarələrinə təhlükəli məsafədə yaxınlaşdıqdan sonra uçuş qrafiklərinin uzlaşdırılmasna razılıq verdi. Rusiya Suriyadakı əməliyyatlardakı iştirakını gücləndirmək üçün hərbi gəmilərini Aralıq dənizinə göndərdi. Xəzər dənizindəki hərbi gəmidən açılan raket zərbələri ilə 1500 km məsafədə, Suriyada hədəfləri dəqiq vurdu".

M.Əhmədoğlu deyib ki, islam terrorçularına qarşı Suriya ərazisində mübarizə Rusiyanın özünə birbaşa faydalıdır: "ABŞ-in başçılıq etdiyi koalisiya il yarım ərzində Suriyada “İslam dövləti”nə qarşı mübarizə aparsa da, terrorçuların məhv edilməsində ciddi uğur əldə edə bilməmişdi. “İslam dövlətinin” yaydığı bəyanatlarda son vaxtlar “Şimali Qafqaz” və “Mərkəzi Asiya” terminləri tez-tez işlənirdi. Bəzən Azərbaycanın da adı hallanırdı. RF əgər Suriyada “İslam dövlətinə” qarşı müharibəyə başlamasaydı, o bundan daha dəhşətli müharibəni öz ərazisində - Şimali Qafqazda aparmalı idi".

Politoloq vurğulayıb ki, V.Putin Suriya daxili məsələləri çox gözəl bilir və manipulyasiya predmetinə çevirib: "ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusu ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. RF Xarici İşlər nazirinin müavini M.Boqdanov İtaliyada Azad Suriya Ordusunun və Suriya müxalifətinin təmsilçiləri ilə görüşdü. Azad Suriya Ordusunun təmsilçiləri Rusiya ilə əməkdaşlığa hazır olduğunu bildirsə də, sonradan fikrindən döndü. ABŞ və Səudiyyə Ərəbistanı Azad Suriya ordusuna yardım edəcəyini bildirməklə, bu ordunu Rusiya ilə əməkdaşlıqdan yayındıra bildilər".

Mərkəz rəhbəri sonra deyib ki, Suriyanın dövlət olaraq parçalanması indi Qərb üçün real təhlükə kimi görünür: "Çünki Suriyanın parçalanması həm Yaxın Şərqdə yeni vəziyyət yarada, həm də Avropaya qaçqın axınını artıra bilər. V.Putin Suriyanın daxilindəki dini və milli fərqlilikdən də istifadə edir. Suriyada əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardır. ABŞ Suriyanın əhalisinin sünni məzhəb olmasından RF-ə qarşı istifadə etməyə başladı. Guya Rusiya sünnilərə qarşı müharibə edir. İran onun müttəfiqidir, ona görə şiələrin tərəfini saxlamaqla dünyada sünnilərin mövqeyini zəiflədir".

M.Əhmədoğlu sonra bildirib ki, bu cavabsız qalmayacaq: "Rusiyanın daxilindəki müsəlman əhalisinin böyük əksəriyyəti sünnilərdir. Rusiyanın daxilindəki müsəlmanlar V.Putinin Suriya kampaniyasına güclü etiraz bildirəcəklər. V.Putin bu amili nəzərə alır. Dağıstan, Çeçenistan və İnquşetiyada müvafiq işlər görülür. Suriyanın dini liderləri Rusiyanın Suriyadakı səfirliyinə Quran bağışladılar. Suriya rəsmiləri Rusiyanın keçirdiyi əməliyyatlardan razılıq bəyanatları yayıblar. Sünni faktorunu nəzərə alaraq V.Putin Suriya daxili dialoqda dini və etnik qrupların təmsil olunacağını bildirdi. Milli azlıq dedikdə V.Putin daha çox kürdləri nəzərdə tutur".

Politoloq qeyd edib ki, “Suriya Kürdüstanı” anlayışını gündəliyə daxil etməklə V.Putin Qərbin İraqa tətbiq etdiyi bölgüçülük formulunu Suriyaya tətbiq etməyə hazır olduğunu nümayiş etdirdi: "V.Putinin Suriya siyasətində məqsədyönlü siyasətindən biri də iqtisadi əməkdaşlıqla bağlı danışıqlara imkan verməməsidir. RF Avrasiya İqtisadi Birliyinə üzv və ya tərəfdaş axtarır, amma Suriya yeganə dövlətdir ki, AİB onunla əməkdaşlıqdan imtina etdi. Suriya tərəfdən irəlı sürülən digər iqtisadi əməkdaşlıq təklifləri hələdə Kremlin diqqətini cəlb etmir".

Mərkəz rəhbəri hesab edir ki, Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri Vladimir Putini beynəlxalq aləmdə apardığı siyasətin yeni səhifəsidir: "B.Əsəd beynəlxalq izolyasiyadadır. Dövlət çevrilişindən qorxan B.Əsəd 2011-ci ildən bəri ölkəni tərk etməmişdi. B.Əsədin Moskvaya səfərinin yalnız səhəri günü bu səfər haqqında məlumat yayıldı. Görünür, bu, təhlükəsizlik tədbirləri ilə əlaqəlidir".

M.Əhmədoğlu sonra vurğulayıb ki, V.Putinlə 3 saatlıq görüşdə B.Əsəd ona dərin minnətdarlığını bildirib: "B.Əsəd V.Putindən bir sıra xahişlər edib: ı. hərbi əməliyyatların davamı; ıı. Rusiya Hərbi Kosmik əməliyyatları ilə Suriya ordusunun yerüstü əməliyyatlarına şərait yaratmaq; ııı. Siyası tənzimlənmə prosesində Suriyanın dövlət olaraq mövcudluğuna, ərazi bütövlüyünə diqqəti artırmaq; ıv.Suriyanın iqtisadiyyatının qurulması".

M.Əhmədoğlu deyib ki, V.Putin B.Əsədin sonuncudan başqa, qalan bütün təklifləri nəzərə aldı: "V.Putin iki və çoxtərəfli danışıqlarda B.Əsədin iqtisadi əməkdaşlıqla bağlı dediklərini sanki eşitmədi. B.Əsədin Moskvaya səfər etməsini arzuladığını başa düşmək olar. Amma bizim fikrimizcə, V.Putinin “Suriya Kürdüstanı” terminini dövriyyəyə buraxması B.Əsədin davranışına ciddi təsir etdi. Rusiyanın Suriyadakı hərbi əməliyyatları ABŞ-ın Suriyaya, eləcə də Bəşər Əsədə qarşı münasibətini dəyişdi. ABŞ, Türkiyə, Böyük Britaniya Bəşər Əsədin hakimiyyətdən dərhal uzaqlaşdırıması fikrindən əl çəkiblər. İndi onların fikrincə, B.Əsəd hakimiyyətdə qala-qala “İslam dövlətini” məhv etmək və sonra siyası tənzimlənmə prosesini başlamaq mümkündür. RF-nin Suriyadakı terrorçulara qarşı mübarizəsi birqütblü dünyanı çoxqütblüyə çevirməyin bünövrəsini qoydu".

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR