Siyasətçilərdən jurnalistin ölümünə - Sərt reaksiya

Siyasətçilərdən jurnalistin ölümünə -   Sərt reaksiya

Jurnalist Rasim Əliyevin döyülməsi və bir gün sonra xəstəxanada dünyasını dəyişməsi iki gündür ki, ölkə gündəminin əsas müzakirəsinə çevrilib. Hadisədən sonra hələ ki, bir nəfərin saxlanılması ilə bağlı məlumat yayılıb. 

Aktual.az qafqazinfo-ya istinadənxəbər verir ki, gənc jurnalistin vaxtsız ölümünə təkcə həmkarları deyil, millət vəkilləri və siyasətçilər də təəssüflənib. Onlar bu barədə fikirlərini sosial şəbəkədə bölüşüblər:

Razi Nurullayev: "Jurnalist Rasim Əliyevin qətli həm də dolayısı ilə hakimiyyət üçün çox ciddi bir minusdur. İnsanlar belə bir vəhşiliyi törətmək, jurnalisti ölümcül döymək üçün nə qədər özbaşınalığa və qəddarlığa malik olmalıdır? İdmana marağı və idmançılara qoyulan hörməti görürük və buna sözümüz yox. Amma, bəlkə iqtidarın idmana bu şəkildə yanaşması onlara bütün özbaşınalıqları törətməyə əsas verir?

Tənqidə dözümsüzlük bir bəlaya çevrilib. Hər kəs özündən çox müştəbehdir. Jurnalist tənqid etməlidir və əcəb də edir. Onun işidir. Futbolçunun da jestinə baxdım. Bu jest, doğurdan da ədəbsiz jestdir. Mərhum jurnalistin yazdıqalrında da təhqir elementi yoxdur. Sadəcə sərt tənqid var. Sərt tənqidə isə hər kəs dözümlü olmalıdır.

Rasim Əliyevi qətl edənlər qanun qarşısında ciddi cəzaya məhum edilməldiir. Xalq bunu gözləyir. İqtidar da unutmasın. Bu tip özbaşınalıq və cəzasızlıq mühiti xaos üçün bir qığılcım ola bilər. Allah qorusun!"

Qənirə Paşayeva: "Jurnalist Rasim Əliyevə Allahdan rəhmət, ailəsinə bu böyük acılarında səbr diləyirik.İnanırıq ki, bu hadisəni törədənlər layiq olduqları cəzanı alacaqlar.Allah rəhmət etsin".

Aydın Mirzəzadə: "Gənc jurnalist Rasim Əliyevin qərəzli xuliqanlıq hərəkətləri nəticəsində ağır xəsarət alması və bunun nəticəsində dünyasını dəyişəsi xəbərini çox ağrılı qəbul etdim.

Hakimiyyətin və müvafiq olaraq hüquq-mühafizə orqanlarının məsələyə sərt münasibəti, təqsirkarların müəyyən edilməsi üçün atılan addımlar və bu istiqamətdə əhalinin mütəmadi məlumatlandırılması Azərbaycanda insan hüquqlarının qorunmasına çox ciddi yanaşılmsının bir daha nümunəsi oldu.

Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir və onlarla birlikdə kədərlərini bölüşürəm".

Fazil Mustafa: "Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalsti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadının, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gelib çıxdığı real neticedir. Öldürülən jurnalistin yaxınlarına başsağlığı diləyirəm. Bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirməliyik: ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla büruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər mənim dostumdur!" "Biz dətürkük!" demək nə qədər ciddi hazırlıq tələb edir? Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız ve tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır. Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər. Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkari da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də, lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır. Unutmayaq ki, ötən aylarda bir müğənni də, apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yəni hər kəs öz imtiyazı səviyyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var".

 
Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR