Baxın, deyirəm ki, ay canıyanmış ÖLÜM, hamı sənə nifrət edir, səni kifir, eybəcər, namərd, ucuz, bədbəxt sayır, səndən qorxur, uzaq qaçır. Dalınca döyüş bölgələrinə, İrəvana, Moskvaya, Barnaulacan gəlmişəm.Hər dəfə də aradan çıxıbsan. Olmaz axı belə! Heç kim sənə evində yer tanımır – gəlişin yetimlik, sağırlıq gətirir uşaqlar üçün, valideynlərin göz dağısan. Hamı səni düşməninə arzulayır. Qarğışdan başqa heç bir halda yada düşmürsən. Amma mən səni nəinki dostlara, hətta düşmənlərə qıymıram, heç kimlə paylaşmaq istəmirəm. Səni qaymaqdodaq, almayanaq, incəbel, qələmqaş, alagöz, nurlu bir mələk kimi sevirəm! Hamı sənin sifətinin boz, üzünun soyuq olduğunu deyir – görürsən ki, mənim sevgimdən həyalanırsan, utanırsan, başını aşağı salırsan, üzünü çevirirsən, day niyə çıxıb gedirsən? Neyləyim ki, inanasan - Yer üzündə bizdən ideal cütlük olmayıb, yoxdur, ola da bilməz: AYDIN - ÖLÜM! Dostlar da sevinər, yeddi gün bayram edər, qırx gün bizdən danışar, ildə də bir dəfə xatırlayarlar. Düşmənlər də elə düşmən kimi qalacaqlar: idbar ölüm, ucuz ölüm, şərəfsiz ölüm, namərd ölüm, qəfil ölüm gözləyə-gözləyə. Səni mənim qədər şərəfləndirən bir kimsə oldumu bu yer üzünün? Heç kim sənin adınla, özünlə sevinmədi – məndən başqa! Gəl gedək Yer üzündən – nə mən yer adamıyam, nə sən yer mələyi. Qoy yer üzü də arın-arxayın yaşasın! Nə qaşqabağını tökürsən – indi mən neyləyim ki, adamlar başa düşmək istəmir: sənə nifrət etdikcə, səndən qorxduqca, sənə təyinlər, təşbehlər yapdıqca, onların düşüncələrini özlərinə tətbiq edirsən, səni sevdikcə adamdan qaçırsan! Bu dünya əzab dünyasıdır – verdiyini alan dünyadır. Sən də onlara ona görə hirslənirsən ki, dördəlli yapışıblar yerdən – iynə-dərman, əməliyyat, süni nəfəs aparatı – nə gəldi ağıllarına icad edirlər ki, təki sən onlara yaxın düşməyəsən. Mən ki, qırx bir ildir sənə xəyanət etmədən səni gözləyirəm, səni sevgilim bilirəm – bu yerin gülün-çiçəyin, evin-eşiyin, malın-mülkün, mənsəbin istəmədim, bağlamadım özümü ona. Bağlandığım tək sən oldun! Sən də gah əzizlərimin qapısını döydün, gah dostlarımla oturub-durdun, gah da düşmənlərimi əlimdən aldın! İnan səni və məni Yaradana, bir gün yer üzündə qapısını döyəcəyin adam qalmayacaq, onda da mən sənin üzünə baxmaram. İnanma ki, əvvəlki küsüb-barışmağımıza, çəkdiyin dağlara day odsuz alışmaram. Sənin istədiyin nədir, bilirəm, istəklərin Ağadadaş Ağayevin repertuarında cəmlənib, mən də tez-tez qulaq asıram onun ifasında... özümə:
Gözün-qaşın "gəl” deyir,
"Gəl, barışaq, gəl” deyir,
Baxışların "sevdim, sevdim”,
Dilin "yıxıl, öl” deyir!
İstəyirsən, əlim əlinə yetməmiş ÖZÜM ÖLÜM!
Son dəfə xəbərdarlıq edirəm, gözəlim ÖLÜM, sən öl, özüm ölüm, "daş olub yoluna düzüləcəyəm, yaş olub gözündən süzüləcəyəm, sənin acığına tez öləcəyəm, məni zülüm-zülüm axtaracaqsan” (Tofiq Bayram).
Sən fikirləşirsən ki, alman əsirliyində rus qızı olmaq daha yaxşıdır, nəinki mənim sevgilim olmaq!
Sən fikirləşirsən ki, kirayənişinlikdən, qonorarla dolanmaqdan, ehtiyac və kasıblıqdan çıxmaqdansa, hər gün yazılarımı bir qəzetdə çıxardıb onları sənə "yedizdirib” gözünün son damla yaşını da çıxardaram. Nə fərqi var, elə də ağlayacaqsan, belə də... Təkcə"mənim göz yaşımı görməyəcəklər, səninsə islanar gəlin duvağın!” (Tofiq... Nurəli)
Ağlayacaqsan, ağlayacaqsan, ağlayacaqsan, insanlar heyrətlənəcək: ÖLÜM ağlayır – İLK SEVGİLİSİ üçün! Onda başa düşəcəklər ki, Yer üzündə də, göy üzündə də bir-birinə olan bütün sevgilərin sonu göz yaşlarıdır, ona görə də bir-birini yox, BİR OLAN ALLAHI sevmək gərəkdir!
Səni həm də ona görə sevirdim ki, göndərildiyim yerə qayıtmaq üçün ən yaxşı, ən etibarlı və ən sədaqətli ÜRƏK SİRDAŞIydın, mənim ÖLÜM adlı MƏLƏYİM – son nəfəsim. Səni SON NƏFƏSimin ŞAHİDİ kimi də sevirdim.
Eh-h, "məhəbbətin qədrini, axı hardan biləsən”, özünün bədbəxtliyinə razı olub mənə qıymayan gözəlim?!
...Küsüb məndən ÖLÜM! Qırx bir ildir! Alınmır! ÖLÜMü yola gətirə bilmirəm. Ki, götürüm aparım Yer üzündən!
Deyəsən, heç alınmayacaq da! MÜƏLLİM deyir ki, qorxma, biz ÖLÜMlə üz-üzə gəlməyəcəyik!
ÖLÜMmü ağlasın, mənmi sevinim? – "Azərbaycan xalqından dəstək gözləyirəm, sms-lərinizi bol eləyin”...