Abşeron rayonunun Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.
Aktual.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırmanın nəticəsi ilə bağlı açıqlama yayıb.
"Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar "Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən, "sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.
Eləcə də, Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb” , - məlumatda bildirilib.
Qeyd edək ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia edilir. Müəllimlərlə iclas zamanı xəlvəti qeydə alındığı ehtimal olunan səs yazısında direktor xaricdən son model "GL Mersedes” gətirtdiyini, özünün və qızlarının evi olduğunu, hər cür imkanı olduğunu vurğulayır. Qeyd edir ki, lazım gəlsə öz hesabına bağça üçün hər şeyi edər, amma hazırda həmin bağçada çalışan müəllimlərlə işləmək istəmir: "Mən heç bir müəllimlə işləməyəcəyəm. Ya həddə-kəməndə gələcəksiniz, ya elə edin ki, sabah qapımda durub bir şey xahiş edəndə, mən də sizə keçim.
...Siz məni dolamısınız. 24 uşaqdan cəmi 3 uşağın fond pulunu Yeganə müəllim gətirib. Mən 1135 manat jalüz ustasına pul göndərməliyəm. Problem deyil, o pulu mən evimdən də göndərə bilərəm. Amma niyə? Nə qədər siz burada oturub özünüzü yelləyəcəksiniz?”
Xəbər 554 dəfə oxunub.