Sahibkarlara güzəştli kredit verilib 86 milyon manat

Sahibkarlara güzəştli kredit verilib   86 milyon manat

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində Xaçmaz və ətraf rayonlardan olan 78 sahibkara 923 min manat güzəştli kredit verilib.
"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən heyvandarlıq, bağçılıq, üzümçülük, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 120-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 2 568 sahibkara 86,1 mln. manat güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 954 investisiya layihəsinin maliyyələşdirilməsinə 135,3 mln. manat güzəştli kredit verilib,10 300-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb". 

Forum çərçivəsində həmçinin Xaçmaz rayonunun Yalama qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış “Yalama Aqropark”ın təşkili işlərinə baxış keçirilib.
Bildirək ki, Yalama qəsəbəsində 523 ha sahədə “Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. 385 ha ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Artıq 335 ha sahədə yazlıq qarğıdalı səpini həyata keçirilib. Təsərrüfatın fasiləsiz su ilə təminatı üçün 3,2 km uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Bu təsərrüfatın suya olan tələbatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq. Hazırda ərazidə saatda 5 ton yem istehsal edən zavod tikilir. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq. 

Qeyd edək ki, aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 20 mln. manata yaxın güzəştli kredit verilib.

Aktual.az

Xəbər 898 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR