Ramiz Mehdiyevin general oğlu yola salınır?

Ramiz Mehdiyevin general oğlu yola salınır?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefaya göndərilməsi onun ailə üzvlərinin və yaxın qohumlarının "vurulması” ilə müşayiət olundu. 
 
Xəbər verdiyimiz kimi, əvvəlcə V.Talıbovun akademik fəaliyyətlə məşğul olan oğlu Seymur Talıbov cəzalandırıldı. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışan oğul Talıbov könüllü şəkildə postundan imtina etmək məcburiyyətində qaldı. 
 
S.Talıbovun ardınca onun əmisi - Naxçıvan prokurorunun müavini işləyən Məhərrəm Talıbov öz ərizəsi ilə sərəncama göndərildi. Dəyişiklik rüzgarı Talıbovların ən parlaq nümayəndələrindən olan Rza Talıbovdan da yan keçmədi. 
 
Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan general Talıbovun uzunmüddətli məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlər artıq öz təsdiqini tapıb. 
 
Qeyd edək ki, Azərbaycanda ataların cəzasını oğulların çəkməsi ilə bağlı çoxillik tendensiya mövcuddur. Hazırda məhbus həyatı yaşayan keçmiş icra başçılarının və işdən qovulmuş digər yüksək rütbəli keçmiş məmurların timsalında biz bunun şahidi olmuşuq. 
 
Heç kimə sirr deyil ki, bu tendensiyanın əsasını Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev qoyub. O, vəzifədə işlədiyi uzun illər ərzində özünə rəqib bildiyi şəxsləri işdən çıxarmaqla, yaxud məhbəsə göndərməklə kifayətlənməyərək, onların övladlarını da cəzalandırıb. 
 
Maraqlıdır, bəs Ramiz Mehdiyevin gənc yaşlarında general rütbəsinə sahiblənmiş oğlu Teymur Mehdiyev necə vəzifəsini qoruya bilir? 
 
Niyə atasının əsasını qoyduğu bu "ənənə” 38 yaşında general olmuş və hazırda Fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğul Mehdiyevə şamil olunmur?
 
Aktual.az xəbər verir ki, "Yeni Sabah”ın əldə etdiyi məlumata görə, dünyanın hər yerində mənfi hal kimi qiymətləndirilən bu tendensiyadan Teymur Mehdiyev də öz "nəsibini” almaq üzrədir. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, oğul Mehdiyev yaxın vaxtlarda tutduğu postla vidalaşmalı olacaq. Mənbə Teymur Mehdiyevin atasının "vurulmasından” sonra vəzifəsini qoruya bilməsini FHN başçısı Kəmaləddin Heydərovla bağlı siyasi qərarın gecikməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində köklü kadr dəyişiklikləri baş verəcək. Nazir K.Heydərov, müavinləri və qurumda yüksək vəzifə tutan digər rütbəli şəxslər kollektiv şəkildə istefaya göndəriləcək. 
 
"Biz bu prosesi Dövlət Gömrük Komitəsinin simasında müşahidə etdik. Səfər Mehdiyev işdən çıxarılandan sonra əvvəlcə onun müavinləri, sonra isə DGK-da yüksək vəzifə tutan digər şəxslər istefaya göndərildi. Eyni halın FHN-nin timsalında yenidən təkrarlanacağı şübhə doğurmur”, - deyə mənbə fikrini tamamlayıb. 









Xəbər 1189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR