Ramana-Maştağa yolu yenidən qurulur

Ramana-Maştağa yolu yenidən qurulur

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlərə başlanılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidən AzNews.az-a verilən məlumata görə, ümumi uzunluğu 9,1 km olan yolun hərəkət hissəsinin eni 6 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, kənara daşınır. Əvəzində 11 m enində yeni yol əsası tikilir.

Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yolunun 85 min m2 sahəsinə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Ramana-Maştağa avtomobil yolunun kənarlarına 20 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılır. Bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülür. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisindən sonra 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunacaq.



Xəbər 1198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR