Qüdrət Həsənquliyev: "Ceyhun Bayramov deməliydi ki, Rusiya sazişin digər bəndlərinin yerinə yetirilməsində də belə "prinsipiallıq” nümayiş etdirməlidir və sülhməramlıların Qarabağda qalma müddəti uzadılmayacaq”
Aktual.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfərini necə qiymətləndirirsiniz? Onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qiymətləndirilməyən fikirlərinə münasibətiniz necədir?
- Ermənistanla Azərbaycan ararsında düşmənçiliyə son qoyulması və sülh sazişinin imzalanması daha çox Rusiyadan asılıdır. Rusiya ilə münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran və tərəfləri narahat edən məsələlərin müzakirəsi baxımından belə səfərlərin əhəmiyyəti böyükdür. Səfərin ictimaiyyətə açıqlanan hissəsindən isə bəlli oldu ki, Rusiya Qarabağı öz nəzarətində saxlamaq istəyir və bizə Laçında dövlət sərhəddini, Qarabağ üzərində dövlət suverenliyini bərpa etməyə imkan vermək, 10 noyabr 2020-ci il sazişi üzrə Ermənistanın öhdəliklərini yerinə yetirməsi üçün ona təsir və təzyiq etmək fikrindən çox uzaqdır.
- Belə vəziyyətdə rəsmi Bakı nə etməlidir?
- Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, çalışmalıyıq ki, münasibətlərimiz inkişaf etsin. Rusiya bizim üçün vaz keçilməsi mümkün olmayan ölkədir. Sadəcə, məhz indi, Sergey Lavrov deyəndə ki, sərhəd-keçid məntəqəsinin yaradılmasına 10 noyabr razılaşmasına görə yol vermək olmaz, Ceyhun Bayramov deməliydi ki, Rusiya sazişin digər bəndlərinin yerinə yetirilməsində də belə "prinsipiallıq” nümayiş etdirməlidir və sülhməramlıların Qarabağda qalma müddəti uzadılmayacaq. Bu, sülh prosesinə ciddi töfhə vermiş olar, hər kəsi düşünməyə məcbur edərdi. Bəzən tərəf müqabilin səndən utanmadığı kimi, sən də gərək ondan utanıb-çəkinməyəsən, xüsusilə, dövlət maraqlarından söhbət getdiyi zaman. Elə-belə demirlər ki, örtülü bazar dostluğu pozar.
- Sizcə, ekofəalların aksiyasının sonu necə olacaq?
- Aksiyanın bir ayı tamam olanda bəyan etmişdik ki, aksiya hədəfinə çatıb və dayandırılmalıdır. Azərbaycan dövləti Ermənistanın saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün sazişin qüvvədən düşdüyünü elan etməli, Laçında dövlət sərhəddini bərpa etməlidir. Ermənistan 1994-cü il "Atəşkəs haqqında Bişkek protokolu”ndan da sui-istifadə edib torpaqlarımızı işğal altında saxlayırdı. Yox, hökumət 10 noyabr sazişindən imtina etməyimizi mümkünsüz sayırsa, xalqla bu barədə açıq danışılmalıdır.
- Rusiya niyə ekoloqların tələblərini yerinə yetirmir?
- Çünki bilirlər ki, aksiyanın davam etməsi Azərbaycanın ermənipərəst Qərblə münasibətlərini gərginləşdirəcək. Eyni zamanda Qarabağda kimin söz sahibi olduğunu, Azərbaycan dövlətinin "çarəsiz” durumda olmasını hər kəsə nümayiş etdirəcək. Həm də düşünürlər ki, xalqımızda özünəinamsızlıq və daxildə gərginlik yarada bilərlər. Qarabağda gərginlik həm də Makronu və ermənipərəst bir çoxunu Putinə pişiklənməyə vadar edir.
- Qərb bu savaşda Ukraynanın bir neçə gün ərzində işğal olunacağını gözləyirdi, amma Zelenskinin Qərbin təzyiqlərinə rəğmən ölkədən qaçmaması və Ukrayna xalqının, ordusunun dirənişi hər şeyi dəyişdi. İndi Ukraynaya güclü silahlar ona görə vermirlər ki, Rusiyanın məğlubiyyətindən, bir çoxları da Rusiyanın agentləri olmalarının açıqlanacağından qorxurlar. Rusiyanın böyük qələbəsinə imkan verməməyə çalışsalar da, sonda Ukraynanı lazım olan qədər silah-sursat verməməklə taqətdən salıb güzəştlərə məcbur edəcəklər. Öz xalqlarına isə deyəcəklər ki, Ukraynaya filan məbləğdə yardım etdik, filan qədər silah verdik və s. Amma həmin silahları bu gün qəsdən az-az verirlər. Müharibədə çox şeyi liderlər həll edir. Qərbdə Putinin qarşısında dayana biləcək güclü lider yoxdur. Putin onların hamısının gözünün odunu alıb, bəzilərinə də pul verib seçkilərdə qələbəsini təmin edib. Tökülüb gedən, nə istədiyini özü də bilməyən qocalar, yaxud bəzi qadınlar kimi əzilib-büzülən "lider”lər Putinin qarşısında dayana bilmədi. Müharibə də buna görə davam edir.
Xəbər 15487 dəfə oxunub.