Avropa Parlamenti başını necə itiribsə, çıxardığı qətnamələrin sayını da eyni şəkildə itirib.
Daha dəqiq desəm: Deputatlar növbəti dəfə (tələm-tələsik!) yığışaraq məzhəkə qurublar, komissar Nikolas Şmitə həmin məzhəkənin quruluşçu rejissorluğunu həvalə ediblər və tamaşanın sonunda ərsəyə gətirdikləri 22 bəndlik "həftəbecər”lə bütün dünyanı özlərinə güldürüblər.
Qətnamə adı qoyduqları məlum "həftəbecər”də müxtəlif mövzulara toxunulub. Onlardan sadəcə ikisinə şərh verəcəm.
1. "Erməni mədəni irsi”nin (?!) məhv edilməsi…
Azərbaycan torpağında erməni irsi?! Hansı irs? Qondarma irs? Erməninin tarixi, kökü, insi-cinsi belə məlum deyil, irsini necə müəyyənləşdirdiniz? Donuzları məscidlərdən çıxararaqmı məhv etmişik həmin irsi, yoxsa Vardanyanın, Harutunyanın yekə qulağından tutub Bakıya gətirərəkmi? Doğma "Cıdır düzü”ndə halalca "Yallı”mızı gedərəkmi məhv etmişik həmin irsi, yoxsa separat rejimin bayrağını bütün sütunlardan qopararaqmı? Viran günə salınan, dağıdılan küçələri, heykəlləri bərpa edərəkmi məhv etmişik həmin irsi, yoxsa daşı daş üstündə qalmayan Ağdamı yenidən öz ruhuna, ovqatına qaytararaqmı?
Ağdam demişkən…
Qətnamənin lehinə səs verən 453 deputatın nə az, nə çox, düz 37-si müharibədən sonra Ağdamda olub və erməni vandallığını öz gözləri ilə görüb! Görüb və unudub! Unutmasa da riyakarca unutqanlıq "mod”una girib…
Və siz indi bizimlə bu qədər azğınca, həyasızca, abırsızca irs söhbətimi edirsiniz?
2. Azərbaycanda konkret cinayətlərə görə həbs olunan şəxslərin "siyasi məhbus” kimi təqdim edilməsi və bəzi konkret adların sadalanması…
Bu yöndə "təşəbbüs”ləriniz də gözlənilən idi. Niyə? Çünki öz yetirmələriniz, "verbovka”larınız, muzdlularınızdır. Təbii, müdafiə edəcəksiniz, bu adları qətnamə bəndinə salacaqsınız, dövlətin dərin qatına dürtmək istədiyiniz missionerləri təmizə çıxarmağa çalışacaqsınız…
Siyahıda əsasən kimlər var? - "Araşdırmaçı” adı ilə pul müqabilində casusluq fəaliyyətinə sövq edilənlər! O şəxslər ki, haradan təlimat, sifariş, qrant aldıqları və ən əsası, niyə aldıqları ibtidai istintaq tərəfindən tam sübuta yetirilib. Və….kimlər tərəfindən sövq edilənlər? – Ayıb olar ki…Əlbət, sizlər tərəfindən!
Hələ Avroparlamentin bir "ağıllısı” Azərbaycanla qaz müqavilələrinə xitam verilməsini təklif edib…
Bu adamın qulağına kimsə təcili pıçıldasın: Biz alan deyilik, satanıq və həmin qaz üçün sıraya düzlənən yüzlərlə dövlət var. Yəni əlimiz havada yalvara-yalvara qalmamışıq ki, sən canı gəlin, bizim qazımızı alın. Almırsız, belə dünəndən almayın.
Amma deyim ki, sizin "qaz”ınızı dəqiq almaq lazımdır.
Çünki son vaxtlar özünüzü çox buraxmısınız...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
Xəbər 406 dəfə oxunub.