Ölkəmizdə uzun illərdir yayılmış ən təhlükəli virus qaragüruhçuluqdur. Elmi titul sahibisən və ya xalq hərəkatının fəalısan, yaxud bir dövlət məmurusan, yaxud evdar qadınsan, fərq etməz, yoluxdunsa bu virusa, yaşadığın müddətcə məhz qaragüruhçu xarakterdə mühakimə yürüdəcəksən. İllər boyu bu obrazlarla siyasi arenada daha çox qarşılaşdıq və hər dəfə də mövzunun başından yox, arxasından girişə üstünlük verərək özlərini anlamamazlığa qoydular.
Baxın, bu günlərdə iqtidar təmsilçiləri bizim illər öncə açıqladığımız faktları etiraf etdilər ki, 1995-2000-ci illərdə zaman AXCP rəhbərliyində olan və bu gün də özlərini bakirə siyasətçilər kimi cəmiyyətə sırıyan bəzi şəxslər, Ebülfəz Elçibəyin başı üzərindən, həbsdə yatan cəbhəçilərin acıları, çilələri üzərindən adlayaraq birbaşa Heydər Əliyevin tapşırdığı adamlarla, başda Eldar Namazov olmaqla siyasi və biznes əlaqələrinə girmiş, parlamentdə deputat yerləri almış və bir çox maddi imtiyazlar əldə etmişlər.
O zaman bu insanlarla biz ləyaqətli cəbhəçilər ona görə yollarımızı ayırdıq ki, onlar AXCP-nin maraqlarını hakimiyyətə gizli formada satmışdılar və Ə.Elçibəyə qarşı kampaniyalar da məhz hakimiyyətin tapşırığı ilə həyata keçirilmişdi. Bu qədər açıq və net. İndi bütöv bir qaragüruhçu sürüsü sosial şəbəkəyə dolub konkret mövzunu müzakirə etmək əvəzinə mənim parlamentə necə seçilməyimi müzakirə edirlər. Cənab qaragüruhçular, mənə aid olana cavab verəcəyəm, ilk olaraq müzakirə edin ki, niyə o zaman arxasınca süründüyünüz liderlər rəhbərlik etdiyi təşkilata, onun üzvlərinə xəyanət edərək, əxlaqsızlıq edərək bu cür qaranlıq işlərə qol qoymusunuz? Bu günkü kimliyinizin, fəaliyyətinizin mənə dəxli yox, keçmişinizə görə üzr istəmək əvəzinə, başqalarına nə qarabasdılıq edirsiniz? Mənim parlament üzvü olmağıma gəldikdə isə, cənab qaragüruhçular, bu ölkədə bəlkə də ideal demokratik seçkilərin keçirilməsinin birinci tərəfdarı özümü sayıram.
Çünki ən azad və şəffaf seçkilərdə istənilən qaragüruhçu, populist, saxta milliyətçi kimliklərə qalib gəlməyə iradəm və gücüm yetərlidir. Çünki bu xalqı sizdən daha yaxşı tanıyıram, onun maraqlarını sizlərdən daha doğru anlayıram. İndi sizlərin təbirincə, arzuladığımız ideal seçki mühiti yoxdursa, hamı əlini-qolunu yana salıb 20-30 il gözləməlidir ki, nə zaman xoşuma gələn seçkilər olarsa orada iştirak edərəm? Ey qaragüruhçular, biz 2003-cü ildən cəbhədən halallaşaraq çıxmışıq, yeni partiya yaratmışıq və proqramımıza daxil etmişik ki, bütün seçki prosesində iştirak edəcəyik və parlament tribunasından xalqımızın faydasına istifadə edəcəyik. Biz axı cəbhəçi deyilik, sizin qarşısında hansısa öhdəliyimiz yoxdur, sizi aldadıb sövdələşmə yolu ilə parlamentə getməmişik, öz partiyamızın proqramına və tərəfdarlarımızın tələbinə uyğun hərəkət etmişik. Bu gün də parlamentdəki fəaliyyətimizdə hansısa vicdansız, qeyri-obyektiv, xalqın maraqlarına zidd məqam tapıb barmağınızı qatlaya bilərsinizmi?
On ildir seçiciləri mütəmadi qəbul edib, müraciətlərinə baxırıq, problemlərinin həlli üçün çalışırıq, on ildir parlamentin ən fəal deputatı seçilirik, sosial şəbəkədə yüz minlərlə vətəndaşımızla açıq təmasda görüşlərimizi paylaşırıq, siz xəstə təxəyyüllü insanlarda niyə o düşüncə var ki, biz konkret seçicidən səs ala bilmərik? Hər dəfə vurğulayıram ki, biz seçkilərdə iştirak edirik, insanların dəstəyini qazanırıq, əgər iqtidar da bizim qələbəmizə mane olmursa, bu bizim problem deyil ki? Biz heç bir sövdələşmədə iştirak etmirik, Böyük Quruluş partiyasından başqa heç bir siyasi qüvvə qarşısında öhdəliyimiz yoxdur və Milli Məclisdə də öz hürr iradəmizi ifadə edirik.
Sadəcə bu iradəni qaragüruhçuluqla deyil, qışqırıqla deyil, hakimiyyətə də, müxalifətə də öz millətimizin təmsilçiləri kimi qərəzsiz yanaşaraq, doğruları söyləməklə, yazmaqla ifadə edirik. Ola bilsin ki, bu bir çox radikal əhval-ruhiyyəli insanların xoşuna gəlmir, ancaq əvvəlcədən də bəyan etmişik ki, biz günümüzün reallıqlarını duyğuları ilə deyil, ağlı ilə dəyişmək istəyən sağlam mühakiməli insanların maraqlarının təmsilçisiyik. Zavallı qaragüruhçular, indi anlaşıldımı mövzunun başından girişlə arxasından girişin fərqi nədir? Xatırladım ki, mövzunun başı belə idi: Niyə o zaman fədakar və səmimi cəbhəçiləri aldatmışdınız? Belə bir çirkli keçmişlə hansı gələcəyi bu xalqa vəd edirsiniz?
Fazil Mustafa
Aktual.az