Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilib

Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir.
Aktual.az nazirliyə istinadən xəbər verir ki, keçirilən genişmiqyaslı reydlər zamanı tərkibində Qeyri Hökumət Təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və Nazirliyin mütəxəssislərinin təmsil olunduğu qruplar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ halları aradan qaldırıb.

Xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkar edilib və akt tərtib olunaraq zərərsizləşdirilib.

Eyni zamanda, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində dövlət idarəçiliyində olan balıqartırma zavodlarına məxsus, törədici balıqların toplanaraq süni balıqartırma məqsədləri üçün zavodlara göndərilməsini təmin edən vətəgə əhəmiyyətli stansiya və məntəqələrdə gözətçi yerlərinin və torların yenilənməsi, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı nazirlik tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə verilən göstərişlər də yerinə yetirilib. Belə ki, Departamentin nəzdindəki balıqartırma zavodlarının Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində fəaliyyət göstərən stansiyaları, vətəgələri yenilənib, əraziyə izahedici və maarifləndirici lövhələr vurulub. Gözətçi və mütəxəssislərin müvəqqəti qalması, həmçinin ov alətlərinin saxlanılması üçün nəzərdə tutulan tikililərdə təmir-bərpa işləri aparılaraq normal vəziyyətə gətirilib.


Qeyd edək ki, Şirvan və Mil-Muğan kollektorlarının Xəzərə tökülən hissəsində yaradılmış vətəgə əhəmiyyətli stansiya və məntəqələr Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus 11 balıqartırma zavodunu törədici ana balıqlarla təmin edən tədarükçü stansiyalardan biridir. Bu da onunla əlaqədardır ki, Xəzərə qovuşan Kür, Araz və digər çaylarda hidroqurğuların tikilməsindən, yəni çayların qarşısı bəndlərlə kəsiləndən sonra uzun illərdir müxtəlif növ balıqlar, o cümlədən nərəkimilər və qızıl balıqlar təbii kürüləmə yerlərindən təcrid olunub. Ona görə də Xəzər dənizinin bioresurslarının məhsuldarlığını saxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən balıqartırma zavodları törədici balıqları bu üsulla əldə edərək onun kürüsünü süni şəraitdə təhlükəsiz yaşa və ölçüyə qədər yetişdirərək yenidən dənizə buraxmaqla məşğuldur.

Kür çayının üzərində olan bir neçə belə balıqartırma əhəmiyyətli vətəgə-stansiyalarda, o cümlədən Şirvan və Mil-Muğan kollektorlarındakı məntəqələrdə də törədici ana balıq tədarük olunur və onlardan alınan kürülərdən minlərlə körpə balıq yetişdirilərək Xəzər dənizinə qaytarılır. Bu səbəbdən də bu təyinatlı sututarlarda balıq tutmaq məqsədə uyğun deyil, burada qanunsuz, həm də həvəskar balıq ovuna icazə verilmir. Ona görə ki, vətəgədə quraşdırılmış balıq tutucu vasitələrlə balıqların hərəkəti məhdudlaşdırıldığından həvəskar balıqçılar burada cəmləşən və qaça bilməyən balıqları asanlıqla tutur və elə zənn edilir ki, guya bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil. Bir tərəfdən belə qurğular nisbətən şirin suya cəlb edilib kanallara daxil olan balıqların kanallarla yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır, digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, ilk növbədə kürüləməyə hazır balığın şirin suya, onu çay bilərək kürü tökmək üçün daxil olduğunu nəzərə alaraq balıqartırma zavodları üçün kürüləməyə hazır törədici balıqları əldə etmək məqsədi daşıyır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı da həmin ərazidə balıq tutmasın və burdan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin.
Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində reydlər isə davam etdirilir

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR