Qadın atıldığı və təkləndiyi zaman böyüyər

Qadın atıldığı və təkləndiyi zaman böyüyər
  • TABLO2

 
Mələk Heydərova
 
 

Qadın olmaq çətindi bu ölkədə, bu məmləkətdə. Hisslərin basdıralacaq, daha çox susdurulacaqsan. Danışmasan, deyəcəklər acizsən, danışsan ağzından vuracaqlar. Ancaq...

Bir qadın hər şeydən əvvəl övladdır. Daha çox anasının qızıdır. Atasına uzaq, qardaşına yaddır. Amma hər zaman dərdə çatandır. Aİləsinə görə özündən belə keçməyə hazırdır. Hər zaman ailəsini düşünəndi. Gələcəyini, istəklərini ailəsi uğrunda qurban verməyə hazırdır. Özünə aid olmaz çox zaman. Bədəni, vücudu, hətta ağlı belə ailəsinə tabedi. Bəli, bir qadın ailəsindən asılı olduğu müddətdə özünə sahib deyildir. Geyimi, təhsili, gələcək əri, doğacağı uşağın cinsiyyəti belə ailənin qərarıdı. Gecələr anasıyla dərdləşər, gündüzlər atasının üzünə gülər. Dinməz heç vaxt, söz qaytarmaz. Gecələr xısın-xısın ağlayar, amma qardaşının sözünü yerə salmaz.

***

Azərbaycan qadını fədakardı. Özünü hər zaman ailəsinə fəda edər. İlk növbədə valideynlərini düşünər. Bir qadın dostdur, sirdaşdır, bacıdır. Qadın dərdini qadın dinləyər, qadın anlayar. Qadın hər kəsi anlayar. Hamının imdadına çatar. Bir qadın bir o qədər də sirr saxlamağı bacarmaz, bəlkə dərdinə də kömək olmaz. Amma bu ölkənin qadınları dərdini həmişə paylaşar. Öz dərdinin üstünə min dərd gətirər. Qonşudan, qohumdan, dostdan, qardaşdan həmişə xəbər bilər. Hamının dərdinə şərik çıxar. Sənlə oturub sənin dərdinə ağlayar. Dərd olmayan yerdən dərd axtarar. Yad olsa belə dərdinə sevinməz. Başqasının dərdiylə öz dərdini unudar. Yasdan qalmaz, toydan qalmaz. Sevinci sevinclə, kədəri kədərlə yuyar. Bir qadın hər kəsə vaxt tapar. Qohuma da, qardaşa da. Bir qadın özünü həlak edər, "çox sağ ol” gözləməz. Bütün bunları özü üçün edər. Heç kəsdən heç nə gözləməz. Bu ölkənin qadını ehtiyacı olanı darda qoymaz.

***

Bir qadın həyat yoldaşıdır. Bəzən yoldaşını özü seçməsə də. Məcburi və ya istəksiz adımlayar bu yolda. Zamanla sevər, nifrəti unudar, dilə gətirməz. Yenə də qulluğunda durar. Paltarını yuyar, yeməyini bişirər. Hörmətini saxlayar. "Ərim" deyər. Boşanmaz. Ailənin dirəyi olar. Hər zaman arxasında durar. Uşaqlarından çox onun tərəfini tutar. "Atandır" deyər, "sözünü kəsmə", "səsini qaldirma", "sözündən çıxma”. Onun dərdini ondan çox cəkər. Bir kişiyə aid olmaq istər... 

Döyülsə də, soyulsə də əsl Azərbaycan qadını ürəyində heç vaxt ikinci birisinə yer ayırmaz. Son dayaq nöqtəsi yenə yoldaşı, ailəsi olar. Ana-ataya yük olmaz. Daima mübarizə aparar özüylə, istəkləriylə. İllər ötər, unudar özünü, arzularını. Amma cəsarəti catmaz çıxıb getməyə. Çünkü bir qadın hər şeydən əvvəl övladını düşünər.

***

Bir qadın Anadır. Ən çətini Ana olmaqdır. Doğulmamış körpənin səssiz-səmirsiz yasını tutar. Bir ana övladıyla nəfəs alar. Onunla həyata tutunar. İçində boğulmuş sevgisini yalnız övladında duyar. Qız-oğlan fərqi yoxdu anaya. Hər ikisini sevər. Amma qızı həmdərdi olar. Bir Ana qızın taleyində acizdi. Söz haqqı olmaz. Amma bəzən illərlə susdurulmuş səsini qızına görə yüksəldər.

Azərbaycan Anası övladına görə hər şey edər. Özünü düşünməz. Sinəsini qabağa verər. Övladına söz gəlməsinə imkan verməz. Bir ana övladının da onun taleyini yaşamasını istəməz. Nə çəkdiyini özü, bir də Allahı bilər. Amma heç vaxt şikayət etməz. Analar həmişə güclü görünərlər. Daima veriləcək məsləhətləri və cüzdanında köməyinə çatacaq qədər pulu olar. Ana övladına həm ana, həm də ata olar. Dağ kimi övladının arxasında durar. Bir ananın övladına görə fəryadı dəhşət olar. Viktor Hugo düz deyib: "Qadınlar zəif, analar güclü olar".

***

Bir qadın həm də çalışqandır. Evin yükü onun üzərindədir. Deyinməz, yorulmaz, çox vaxt kömək də istəməz. Çünki belə görüb anasından, nənəsindən. Qadın daima xidmət edər ailəsinə. Bu qədər yükün arasında çörək qazanmağın yollarını axtarar. Ərini heç vaxt günahkar bilməz, fərasətsiz deməz. Səssizcə evini dolandırar. Evin kişisi nə dedisə, onu edər. "Kişim" dediyi onun puluyla onu aldadar, qadın dinməz! Qadın dözər. "Ailəmdir, dağılmasın" - deyər. Evində isti yeməyi, təmiz yorğan-döşəyi, gözəlliyi, ağlı-kamalı. Bəzən bu da sevilmək üçün yetərsiz olur. "Çay gec gəldi” deyə sillə gələr üzünə. Qadın yenə dinməz.

Ruhu o qədər sıxılar ki, iş həyatında çaşıb qalar. İşdə də yüklənər, səsini çıxartmaz. Başıaşağı gəzdisə, əziləcək, sözünü desə, qovulacaq. Bəzənsə "kişi axtarır", bəzənməsə "baxımsızdır" deyəcəklər. Çox çalışsa, "yiyəsizdi", işdən qaçsa, "məsuliyyətsizdi" deyəcəklər. Arxasınca oğlan dostu gələ bilməz. Görsələr, "fahişədi" deyəcəklər. Qadına ailəsi dəstək çıxmaz, "otur evdə, yeməyini bişir" deyər. Qadına həmişə ocağı göstərərlər. Bir qadın karyera qurdusa, "adamı" var deyərlər. Bir qadın haqda iş həyatında daima nəsə deyərlər. Qadın öz arxasında özü durmağı zamanla öyrənər. Desə, öldürərlər. Susaraq öyrənər. Bu məmləkətdə bir qadına heç kəs heç nəyi öyrətmədi. Heç kim böyütmədi. Böyüməsini istəmədi! Bir qadın atıldığı və təkləndiyi zaman özü böyüyər. Bir anda böyüyər. Bir qadın dayağını, sirdaşını, anasını itirdiyi an böyüyər. Böyüməkdə hər zaman gecikər.

Qadın yaşamağa gecikər. Boşasalar, günahkarsan, boşansan, günahkarsan. Qız doğdun, ya gec doğdun yenə günahkarsan. Döyüldün günahkar, zorlandın günahkar. Öldürüldün, yenə də sən günahkarsan...

***

Azərbaycan qadınının kim olduğunu bilirik. Fədakardı, cəsurdu, qorxmazdı, güclüdü və çox zaman günahkardı. Amma özü deyildir. Biz həmişə başqalarını düşünən olmuşuq. Biz həmişə başqasına görə yaşamışıq. Həmişə başqalarının fikirləri bizim üçün daha vacib olub. Bəlkə soruşan olmayıb nə istədiyimizi? Biz əslində sevilmək istəyirik. Biz o sevgini yaşamaq istəyirik. Atamız sevsin bizi, qardaşımız sevsin bizi, yoldaşımız sevsin bizi. Bir utanc mənbəyi kimi yox, insan kimi sevilmək istəyirik.

Xəbər 17028 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR