Prezident: Müsəlman dünyasında vəziyyət o qədər də ürəkaçan deyil

Prezident: Müsəlman dünyasında vəziyyət o qədər də ürəkaçan deyil

Müsəlman dünyasında vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni qarşıdurmalar əlavə olunub. Bu bizi çox narahat edir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik olsun.
 
“Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilib. İslam Əməkdaşlıq Təşkilatı, İSESCO-nun xətti ilə onlarla tədbir keçirilib. Və bu gün müsəlman aləmində, deyə bilərəm ki, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı bir daha vurğulayıb ki, Azərbaycan öz yolu ilə gedir:
 
“Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq, belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər, təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada görürük ki, vəziyyət ağırdır, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur.
 
Niyə Azərbaycanda bu mümkündür, niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə isə süni səbəblər üzündən bir-birini öldürürlər, qanının tökürlər. Biz başa düşmürük, niyə görə Yaxın Şərqdə insanların əksəriyyəti anlamırlar kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər.
 
Onlar şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə, çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, heç bir avantüraya o hakimiyyəti çəkə bilməz. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır və bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır”, - deyə Azərbaycan dövlətinin başçısı bəyan edib.

 

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR