Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Aİ tərəfindən də təqdir edilir.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.
Prezident İlham Əliyev bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.
"Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”, - Azərbaycan Prezident bəyan edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın irəli sürdüyü və Avropa İttifaqı tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib:
"Enerji sahəsində bizim fəal əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən dəstəklənən, bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib”.
İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir.
"Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”, - dövlət başçısı vurğulayıb.
Xəbər 602 dəfə oxunub.