Polad Həşimovun şəhid olduğu postdan REPORTAJ - VİDEO

Polad Həşimovun şəhid olduğu postdan REPORTAJ - VİDEO

Ötən ilin bu günlərində Azərbaycan xalqının, o cümlədən beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindən gələn informasiyalara yönəlmişdi. Xəbərlər isə çox həyəcanverici idi. Çünki iyulun 12-dən etibarən düşmən sərhədin Tovuz rayonu ərazisində irimiqyaslı təxribatlara əl atmışdı.

Belə ki, həmin gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzda dayanmadan dinc sakinləri, mülki vətəndaşları hədəfə alıb. Düşmən Tovuzda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutub.

Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə alıb. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdılıb, bir çox döyüş texnikası sıradan çıxarılıb, onlarla hərbçisi məhv edilib. Tovuz hadisələri zamanı Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəlib.

Bir sözlə, bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Belə ki, düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu - 44 günlük Vətən müharibəsinin...

"Report”un əməkdaşı hadisələrin baş verdiyi ərazilərə - Tovuz rayonunun Ağdam kəndinə səfər edib, erməni təxribatlarının qarşısını alan postlarda olub, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun hərbçiləri ilə görüşüb.

Düşmən tam nəzarətdədir

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində jurnalistlər əvvəlcə Ağdam kəndi ərazisindəki yüksəkliklərin birində yerləşən mövqelərimizə baş çəkiblər.

Strateji əhəmiyyətə malik olan bu yüksəkliyi döyüşlər zamanı olduğu kimi, hazırda da Azərbaycan Ordusunun tam nəzarətindədir. Bu ərazilərdən düşmən mövqeləri, o cümlədən bir sıra yaşayış məntəqələri aydın görünür. Əsgərlərimiz günün 24 saatı müşahidə postlarında ermənilərin hərəkətlərini izləyərək, düşməni tam nəzarətdə saxlayır.

Azərbaycan Ordusunun kiçik çavuşu Elgün Məmmədov "Report”un əməkdaşı ilə söhbət zaman bildirib ki, 2020-ci ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Tovuzda təxribatlar törədən zaman həmin yüksəkliyindəki postda xidmətdə olub.

Tovuz döyüşlərinin qəhrəmanları danışır...

Hazırda da xidmətini davam etdirən kiçik çavuş deyib ki, Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib: "Komandanlıq tərəfindən bizə verilən tapşırıqlar əsasında hücuma keçmək istəyən düşmənin qarşısını aldıq, onlara layiqincə cavab verdik. Düşmənin 100-dən artıq canlı qüvvəsini, texnikasını və atəş mövqelərini məhv etdik”.

Məğrur duruşu ilə düşmənə gözdağı verən Azərbaycan Ordusunun çavuşu Rafael Poladov da hadisələr baş verdiyi zaman döyüş postunda xidmətdə olub. O qeyd edib ki, ötən ilin iyul ayının 12-si günorta saatlarından Ermənistan silahlı qüvvələri əvvəl yüngül atıcı silahlardan, daha sonra artilleriya qurğularından Azərbaycan Ordusunun döyüş mövqelərini, sərhədyanı kəndləri atəşə tutmağa başlayıb: "Komandanlığın əmri ilə düşmənin atəş mövqeləri və arxada yerləşən artilleriya qurğuları susduruldu. Düşmənin niyyəti döyüş mövqelərimizə hücum etmək idi. Ordumuz tərəfindən onların hücumunun qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı fəxr etməlidir ki, qürurlu, döyüşkən ordusu var”.

Tovuz döyüşlərinin qəhrəmanlarından biri isə Azərbaycan Ordusunun kiçik çavuşu Asim Məmmədovdur. O da hadisələr zamanı düşmən təxribatlarının qarşısı alınarkən döyüş postunda xidmət aparanlar sırasında olub. A.Məmmədov söyləyib ki, döyüş yoldaşları ilə birgə daim Vətən keşiyində dayanırlar.

Yeni yaradılan posta şəhidin adı verilib

Sonra media təmsilçiləri düşmən postları ilə üzbəüz yerləşən daha bir mövqeyə baş çəkiblər. Bildirilib ki, yeni yaradılan bu posta Tovuz döyüşlərində şəhid olmuş Namiq Əhmədovun adı verilib.

Jurnalistlər əsgər yataqxanasının içərisində yaradılan şəraitlə yaxından tanış olublar. Burada əsgər yataqxanası ilə yanaşı, müasir standartlarla uyğun olaraq, ərzaq anbarı, əsgər yeməkxanası, sanitar qovuşaq və digər otaqlar var.

"Vətən müharibəsindən sonra düşmən sönüb"

Azərbaycan Ordusunun polkovnik-leytenantı Aqil Cəfərov söyləyib ki, döyüşlər zamanı məqsəd dövlət sərhədimizi qorumaq və həmin vaxt ermənilərin atəş vasitələrini susdurmaq, onlara layiq olan cavabı vermək idi: "Düzdür, döyüşlər zamanı şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün də düşmənin bütün təxribatlarının qarşısını almağa hazırıq. Döyüşlər zamanı şəhid olan 12 hərbi qulluqçumuzun hamısı ordumuz üçün nümunədir. Başda generalımız olmaqla digər şəhidlərimiz də öz xidmətlərində, öz işlərində sözlərini demiş və öz tabeçiliyində olan şəxslərin layiqincə hörmətini qazanmış insanlar idi. Onlar bizim üçün ən əziz və unudulmaz şəxslərdir. Şəhidlərimizin hər biri ilə qürur duyuruq və sevinirik ki, onların qisası alındı. Vətən müharibəsindən sonra isə düşmən sönmüş, ruhdan düşmüş vəziyyətdədir. Yəni heç bir reaksiyası yoxdur”.

"Mübariz” postu: Polad Həşimov burada şəhid olub

Ermənilərin təxribat törətdiyi daha bir mövqemiz isə "Mübariz” postudur. Əsgərlərimizin and yerinə çevirilmiş bu mövqemizdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəliblər. Həmin gün - iyulun 14-ü səhər saatlarında düşmən yenə də təxribat əməllərinə əl atmışdı. Ermənistan silahlı qüvvələri dayanmadan mövqelərimizi, yaşayış ərazilərimizi ağır artilleriya qurğularından atəşə tutmuşdu. Düşmənin növbəti dəfə atdığı mərmilərdən bir neçəsi "Mübariz” postuna düşüb. Nəticədə burada olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovla polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev şəhid olub.

"Mübariz” postunda döyüş yoldaşları gözləri qarşısında şəhid olan hərbçilərdən biri də Azərbaycan Ordusunun leytenantı Akşin Alıyevdir. O deyib ki, düşmən mövqelərimizi atəşə tutan zaman general-mayor Polad Həşimov ona digər səngərə getmək əmri verib: "Mən digər səngərə yenicə daxil olmuşdum. Bu zaman düşmən tərəfindən atılan mərmilər cənab general və digər hərbi qulluqçularımızın olduğu yerə düşdü. General-mayor Polad Həşimov polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev gözlərimin qarşısında şəhidlik zirvəsinə yüksəldi”.

Şəhidlərin qanı yerdə qalmadı

Tovuz döyüşləri Azərbaycan Odusunun qələbəsi ilə yekunlaşdı. Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, dövlətə, orduya dəstək göstərdilər.

Azərbaycan Ordusu öz gücünü 2020-ci il sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində göstərdi. Şanlı Ordumuz düşmənin silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bununla da tarixi ədalət yerini tapdı, əzəli Azərbaycan torpaqları öz sahibinə qaytarıldı.

Xatırladaq ki, Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmalıyov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Erməni təxribatları nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov da həlak olub.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR