Hələ 1821-1926-cı illərdə yaşamış Aşıq Ələsgər ictimai nəqliyyatda oturmaq və yer vermək qaydalarının konturlarını cızmışdı.
O, məşhur "Ustadnamə"sində deyirdi:
Aşıq olub tərki-vətən olanın
Əzəl başdan pürkamalı gərəkdir,
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoşsədalı gərəkdir.
Düzdür, Dədə Ələsgər burada aşıqların riayət etməli olduğu davranış qaydalarından bəhs edir. Lakin ədəbli oturub-durmaq təkcə aşıqlara xas xüsusiyyət deyil ki.
Digər tərəfdən, biz də aşıqlar kimi bir növ tərki-vətən oluruq, yəni evimizdən çıxıb ictimai yerlərdə, indiki halda ictimai nəqliyyatda - metro və avtobuslarda oluruq. Aşıqlar kimi sazı sinəmizə alıb qoşma deməsək də, onlar kimi camaatın cəm olduğu yerlərdə, eləcə də ictimai nəqliyyatda danışır və söhbət edirik. Sadəcə olaraq biz sazı müasir dövrdə mobil telefonla əvəz etmişik.
Deyəsən, bir sıra insanların bu "Ustadnamə"dən və ümumiyyətlə, ictimai nəqliyyatda oturub-durmaq və yer vermək qaydalarından xəbəri yoxdur. Çünki bizdə ictimai nəqliyyatda oturmaq uğrunda əsl mübarizə gedir.
Adətən, metro və avtobusdakı oturacaqlarda ilk növbədə əlillər, uşaqlar, yaşlılar, başqa sözlə desək, fiziki gücü zəif olanlar oturmalıdırlar. Bizdə isə bəziləri hesab edirlər ki, ictimai nəqliyyatda oturacaqlar qadınların inhisarında olmalıdır. Avtobusların arxa oturacaqları istisna olmaqla. Bəlkə də həmin oturacaqlar Azərbaycanda qadınların inteqrasiya ola bilmədiyi yeganə yerdir. Həmin yerlərdə "ataxaqanlıq" hökm sürür.
Adətən, "enlikürək" xalalar və deyingən kişilər təyinat nöqtəsinə - oturacağa çatmaq üçün qarşısındakı hər kəsi əzməyə hazırdır və bunu da əməli surətdə - qarşısına çıxan insanların ayaqqabılarını tapdamaqla, onları əşya kimi hara gəldi itələməklə nümayiş etdirirlər.
Keçək ictimai nəqliyyatda yer verməmək üçün müxtəlif metodlardan istifadə edənlərə. Bunlar, adətən, kişi cinsinin nümayəndələridir. Onlar daha çox ənənəvi yuxuya getmək üsulundan istifadə etməklə gözlərini yumaraq sanki qarşısındakı xanımı və ya ahıllları görməməyə çalışırlar. Bəziləri isə yer vermək əvəzinə heç bir narahatlıq keçirmədən rahat şəkildə otururlar. Buna görə də sərnişinlər arasında münaqişələrin şahidi olmuşuq.
Düzdür, hər göz yumanı hiyləgər adlandırmaq olmaz. Saatlarla tikintidə ağır şəraitdə işləyən kişi təbii olaraq yorğunluqdan oturacaqda mürgüləyə bilər. Onun ofisdə gününü kompüterdə və ya telefonda oyun oynamaqla, yaxud rəfiqələri ilə söhbət etməklə keçirən xanıma yer verməsi nə qədər doğrudur?
Sərnişinlər arasında yer vermək və bu nəzakətli davranışı qəbul etmək sahəsində problemlər mövcuddur. Bəzilərinə, xüsusilə xanımlara elə gəlir ki, ictimai nəqliyyatda hər hansı oturacaq onun adına yazılıb və onlar yer verənə nəinki təşəkkür etmir, hətta qaş-göz süzməklə minnət edirlər.
Digər tərəfdən, bəzilərinin yer verməməsi yer verməsindən daha yaxşıdır. Belə ki, adətən, gənc oğlanlar yer verərkən qarşı tərəfə heç nə demədən (məsələn, "buyurun əyləşin") ayağa durmaqla sanki demək istəyir: "Yenə gəldi, başımın üstündə duracaq". Əlbəttə ki, bu da yer verənə təşəkkür etməmək kimi yaxşı hal deyil.