Oqtay Şirəliyev: Son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib

Oqtay Şirəliyev:   Son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib

"Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir".

Bunu Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman deyib.

Nazir qeyd edib ki, son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə bu ilin 9 ayı ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən onların üçündə – Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib.

O.Şirəliyev səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini də qeyd edib: "200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə verilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır.

Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər boyu daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı yerdə alır.

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Bu isə əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb.

Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Bu isə hər şeydən əlavə, uşaq ölümünün də azaldılması deməkdir".

Səhiyyə naziri Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər olduğunu bildirib: "Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi ölüm təhlükəsi ilə qarşılaşan belə xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etdirmək imkanı yaradıb. 2015-ci ildə bu səhiyyə ocağına 15 mindən çox müraciət olub. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Bu gün biz fəxrlə deyə bilərik ki, indi Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Artıq Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb.

Cənab Prezidentin təşəbbüsü ilə qəbul olunan daha bir Qanun talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Ötən 4 ay ərzində artıq 52 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında başqa xəstəliklərlə yanaşı, 3730 nəfər talassemiya daşıyıcısı aşkar edilib. Nikaha daxil olanların müayinəsi həm xəstəliklərlə mübarizə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır.

Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq yeni diridoğulma meyarları qəbul edilib. Bu gün Azərbaycan səhiyyəsinin inkişafı bizə imkan verir ki, vaxtından xeyli tez, hətta 600 qram çəki ilə doğulan körpələrin də həyatı uğrunda mübarizə aparaq. Bir neçə il əvvəl hər belə körpənin xilası bir möcüzə kimi qiymətləndirilirdi. İndi isə ilin əvvəlindən ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 202 yenidoğulmuşdan 80-nini xilas etmək mümkün olub, bu isə çox yüksək göstəricidir".

Əhalinin sağlamlığının qorunması istiqamətində də atılan addımlardan danişan Səhiyyə naziri bu il ölkə üzrə 6 milyon 935 min nəfərin, o cümlədən 1 milyon 695 min uşağın müxtəlif müayinələrə cəlb olunduğunu qeyd edib.

O.Şirəliyev səhiyyə xidmətlərinin keyfiyyəti həkimlərin bilik və savadından çox asılı olduğunu da vurğulayib: "Ulu öndər Heydər Əliyev kadr hazırlığına böyük əhəmiyyət verirdi. Məhz onun uzaqgörənliyi və nüfuzu sayəsində keçən əsrin 80-ci illərində yüzlərlə gənc keçmiş SSRİ-nin ən qabaqcıl ali tibb təhsili müəssisələrinə oxumağa, ixtisas qazanmağa göndərilmişdi. Yüksək ixtisaslı tibb kadrları hazırlayan belə ali məktəblərdən biri də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti idi. Bu gün isə dövlətimizin başçısının səyləri, Azərbaycanın dünyada artan nüfuzu sayəsində həmin ali məktəb özünün ilk və yeganə filialını məhz Bakıda açır. Açılış mərasimində çıxış edən həmin universitetin məzunu və fəxri professoru Mehriban Əliyevanın da vurğuladığı kimi, Seçenov Universitetinin Bakı filialı ölkəmizdə yüksək ixtisaslı tibb kadrlarının hazırlığında əhəmiyyətli rol oynayacaq.

Vətəndaşların səhiyyə ilə bağlı müraciətləri adətən təcili həll olunmalıdır. Bunu nəzərə alaraq, keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdular. İndi isə bir növ Səhiyyə Nazirliyinin “Asan xidmət”i funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. Doqquz ay ərzində Elektron Səhiyyə Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub".

Dərmanların əsassız qiymət artımının qarşısını alınması istiqamətində görülən işlərə toxunan Səhiyyə naziri İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramının hazırlandığını və tətbiq olunduğunu bildirib: "Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir. Bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb. Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüzlə atılan bu addım əhali arasında böyük əks-səda doğurub. Bu, həqiqətən də çox ciddi sosial təşəbbüsdür və hər bir insanın gündəlik problemlərinin həllinə yönəldilmiş addımdır".\trend

Xəbər 660 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR