Oqtay Əsədov Avstraliyalı nümayəndələri qəbul edib

Oqtay Əsədov Avstraliyalı nümayəndələri qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov ölkədə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Avstraliya İttifaqı parlamentinin nümayəndə heyətini qəbul edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, parlamentdən verilən məlumata görə, görüş zamanı O. Əsədov bildirib ki, ölkəmiz Avstraliya ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır və əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar mövcuddur.

Milli Məclisin sədri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dəvəti qəbul etmiş Avstraliya tərəfinə öz minnətdarlığını bildirib. Spiker müstəqil Azərbaycanın V çağırış Milli Məclisinə seçkilərin azad və demokratik keçirilməsi üçün görülən işlərdən söz açıb. O bildirib ki, bu məqsədlə ölkədə lazımi hüquqi baza yaradılıb:
“Prosesin şəffaflığını təmin etmək üçün 125 dairənin mindən çox məntəqəsində veb-kameralar quraşdırılıb. Seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə bütün lazımi işlər görülüb”.

Spiker Avstraliya nümayəndə heyətinin bu səfərini müsbət dəyərləndirərək, parlamentlər səviyyəsində əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə inandığını bildirib. Sədr iqtisadi sahədə də əməkdaşlığımızı dərinləşdirmək üçün geniş imkanlar olduğunu deyib, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyətini təqdir edib.

O. Əsədov bildirib ki, I Avropa Oyunları ərəfəsində infrastruktur layihələrinin reallaşmasına və TANAP qaz layihəsi çərçivəsində aparılan işlərə Avstraliya şirkətləri təmsil olunub. Spiker Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd edərək, bu gün müstəqil Azərbaycanın həm də investisiya yatıran dövlətə çevrildiyini söyləyib: “Avstraliyanın qiymətli kağızlar bazarına Azərbaycan tərəfindən 600 milyon Avstraliya dolları həcmində sərmayə qoyulub”.

Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin başçısı Luke Simpkins isə səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldıqlarını söyləyib. O qeyd edib ki, Avstraliya Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir: “Səfərdə məqsəd noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək və Azərbaycan həqiqətlərini Avstraliya ictimaiyyətinə çatdırmaqdır”.

Qonaq parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafına müsbət təsir göstərəcəyinə diqqət çəkərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təcrübə və informasiya mübadiləsi baxımından yüksək qiymətləndirib. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR