Onu hamı tanıyır
Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, Vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır.
Belə insanlardan biri də Elman Nəsirovdur.
Azərbaycanda bu gün onu hamı tanıyır. Hər kəs televiziya, radio dalğalarında, mətbuat səhifələrində onun çıxışlarını dinləmək, oxumaq istəyir. Həm də təkcə ölkəmizdə deyil, Vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da onu tanıyır, sevir və qiymətləndirirlər.
Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı istər peşəkar alim kimi məşğul olduğu sahədə – müəllimlikdə, istərsə də siyasətşünas, beynəlxalq icmalçı kimi fəaliyyət göstərdiyi ictimai-siyasi prosesdə aparıcı şəxslərdən biri kimi dəyərləndirirlər.
Oxucunu intizarda qoymayaq. Bu şəxs çox gənc yaşlarından (indi də gəncdir) institut auditoriyasında geniş ictimaiyyət qarşısında çıxışlar edən, mühazirələr söyləyən siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Xudam oğlu Nəsirovdur.
Onun həyat yoluna diqqət yetirəndə Elman müəllimin sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələrin hesabına nail olmuşdur.
Gəlin onun keçib-gəldiyi həyat yoluna nəzər salaq: Elman Nəsirov 1968-ci il mayın 23-də Cəlilabad rayonunun Təzəkənd kəndində müəllim ailəsində dünyaya göz açıb. Doğulduğu kənddə orta məktəbi bitirib. Sonra iki il (1986-1988-ci illər) hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra ali təhsil almaq üçün sənədlərini 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinə verir, yüksək qiymətlərlə universitetə daxil olur, 1994-cü ildə fərqlənmə diplomu ilə oranı bitirir. BDU-nun Tarix fakültəsinin Böyük Elmi Şurası təhsildə qazandığı uğurları yüksək qiymətləndirərək istedadlı gəncin universitetdə saxlanması haqqında qərar qəbul edir.
Artıq gənc Elmanın gələcək həyat yolu müəyyənləşir. Belə ki, o, tezliklə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarix kafedralarının dissertantı olur. 2001-ci ildə «Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər» mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır.
Burada bir həqiqəti demək lazımdır ki, hər bir alim, hər bir ziyalı, xüsusən beynəlxalq münasibətlər ilə məşğul olan şəxs bir neçə vacib sayılan əcnəbi dil bilməlidir. Elman müəllim bunu çox erkən dərk etmiş, xarici dilləri öyrənməyi bir məqsəd kimi qarşısına qoymuşdu. Bunun üçün o, əvvəlcə rus dilini lazımı səviyyədə öyrənir, beynəlxalq münasibətlərdə açar rolunu oynayan ingilis dilini mükəmməl öyrənmək məqsədilə 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil alır və oranı da fərqlənmə diplomu ilə bitirir.
Elman müəllim həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə getmək üçün yorulmaq bilmədən çalışan insanlardandır. Elmin yüksək pillələrinə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla da dözümlük və səbr göstərmək bizim Elman müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirəm: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub. 2011-ci ildə çox çətin, ağır, ancaq lazımlı, müasir dövr üçün çox akutal sayılan «ABŞ və beynəlxalq terrorizm problemi» mövzusunda uğurla doktorluq dissertasiyası müdafiə edən Elman müəllim bir il sonra, yəni 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru seçilir. Təbii ki, bütün bunlar gənc alimin uğurlarına, təkcə Dövlət İdarəçilik Akademiyasına deyil, respublikaya başucalığı gətirməsinə verilən qiymət və diqqətdir.
Professor Elman Nəsirov ilk gündən işlədiyi, fəaliyyət göstərdiyi DİA-nın ictimai-siyasi həyatında çox yaxından, olduqca fəal və layiqli iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona həmişə hörmət və başucalığı gətirmişdir.
DİA-nın rəhbərliyi bu gəncin istedad və bacarığını həmişə yüksək qiymətləndirmiş, ona etimad göstərmişdi. Bu etimadın nəticəsidir ki, o, 2004-cü ildən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə» elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir. Elman müəllim, həmçinin 2012-ci ildən Rumıniya Respublikasının nüfuzlu «Geopolitika» elmi-analitik jurnalının da redaksiya heyətinin üzvüdür.
Elman müəllim uzun illərdir təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda politoloq, siyasətşünas, diplomat kimi tanınır. Yüksək peşəkarlıqla xarici siyasət sahəsini dərindən bilməsi və araşdırması ona ümumxalq məhəbbəti qazandırmışdır.
Onun fəaliyyət dairəsi olduqca genişdir. Bəzən adama qəribə gəlir ki, bu qədər işlərin öhdəsindən bir adam necə gələ bilər.
Ancaq Elman Nəsirov bunu bacarır və ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlir. Yenə də bu yorulmaz gəncin göstərdiyi fəaliyyət dairəsindən bəzi məqamları qeyd edək: 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və siyasi elmlər üzrə Ekspert Şurasının ekspertidir; 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin əvvəlcə direktor müavini, sonra isə direktoru; 2014-cü ildən Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi və eksperti; 2015-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin «Bizim Planet» proqramının aparıcısı və s.
Professor Elman Nəsirov bütün bu çətin və şərəfli işlərlə yanaşı, həm də onlarla dəyərli elmi və publisistik əsərlərin, məqalələrin müəllifidir. Zəkalı alimin qələminin məhsulu olaraq müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti, beynəlxalq terrorizm problemi və s.barədə 6 kitab, 90-dan artıq elmi məqalə, 6 tədris metodik iş nəşr edilmişdir. Alimin bir sıra elmi məqalələri xarici ölkələrdə (ABŞ, Çexiya, İran, Türkiyə, Ukrayna, Rumıniya, Makedoniya və s.) çap olunmuşdur. Onun müəllifi olduğu kitablar ölkəmizdəki siyasətşünasların, diplomatların, tarixçilərin stolüstü kitablarıdır.
Professor Elman Nəsirov Azərbaycan tarixşünaslığını özünün olduqca orijinal, sanballı, zamanla, həyatla səslənən, insanları düşündürən məsələlərə, suallara cavab verən elmi və publisistik əsərləri ilə xeyli zənginləşdirmişdir. Bunlardan «Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər» Bakı, 1998, «Azərbaycan nefti və beynəlxalq müqavilələr. Bakı, 1999, «ABŞ və dünya 11 sentyabrdan sonra» Bakı, 2003. «Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri» Bakı, 2010, «Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: Rəsmi qəbul və səfərlərin icmalı”, Bakı, 2007 (4 kitab) və s. qeyd etmək olar.
Mübaliğəsiz demək olar ki, professor Elman Nəsirov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalıdır. Onun qələmindən çıxan əsərlər həcmindən asılı olmayaraq mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Hələ 1997-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdikləri, «Azərbaycan neftinin dünəni, bu günü və sabahı» mövzusunda gənc alim və tədqiqatçıların ümumrespublika müsabiqəsinin qalibi olmuş, 1-ci dərəcəli diplom və mükafatla təltif edilmişdir, 2009-cü ildə Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə o, «Qızıl qələm» media mükafatı laureatı diplomu ilə təltif olunmuşdur. Yenə həmin il Daxili Qoşunların şəxsi heyəti qarşısında hərbi vətənpərvərlik mövzusunda etdiyi mütəmadi çıxışlarına görə Daxili Qoşunların komandanı tərəfindən Fəxri fərmanla, 2013-cü ildə isə ölkəmizin gənc diplomat kadrlarının maarifləndirilməsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Gənc Diplomatlar Birliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Bundan əlavə, milli mətbuatımızın 140-cı ildönümü münasibətilə peşəkar fəaliyyətinə görə TRT AVAZ-ın “7-ci Gün” Proqramının eksperti olaraq «Qafqaz media» İctimai Birliyinin təsis etdiyi “Peşəkar jurnalist” mükafatı laureatı adını qazanmışdır.
Heç şübhəsiz, professor Elman Nəsirov daha yüksək mükafatlara layiqdir və inamla deyə bilərik ki, belə mükafatlar da olacaqdır. Professor Elman Nəsirov respublikamızın ən qabaqcıl siyasi analitiklərindən biri olaraq xarici ölkələrin nüfuzlu telekanallarında dəfələrlə çıxış etmiş, müsahibələr vermişdir. O, həmçinin dünyanın müxtəlif ölkələrində siyasi-akademik dairələr qarşısında çıxış edərək Azərbaycan həqiqətlərini, xüsusən Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələri ilə bağlı danılmaz gerçəklikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Məsələn, 2003, 2007-ci illərdə Bürüssel, Mons (Belçika), 2001, 2004-cü illərdə Tehran (İran), 2007-ci ildə Simferepol (Krım, Ukrayna), 2008-ci ildə iki dəfə Kiyev (Ukrayna), 2009-cü ildə Sevastopol (Krım, Ukrayna), Frankfurt (Almaniya), 2010-cu ildə Təl-Əviv (İsrail), Bursa (Türkiyə), İstanbul (Türkiyə), Buxarest (Rumıniya), 2011-ci ildə Bursa (Türkiyə), Skopye (Makedoniya), Pekin, Şanxay, Usidə (Çin), Batum (Gürcüstan), 2012-cü ildə Qarabük (Türkiyə), 2013-cü ildə Köln (Almaniya), İstanbul (Türkiyə), Kiyev (Ukrayna), 2014-cü ildə Giresun (Türkiyə) və Kişinyov (Moldova), 2015-ci ildə isə İjevsk (Rusiya), Brüssel (Belçika) və Amsterdamda (Niderland) keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda professor Elman Nəsirovun etdiyi çıxış və məruzələr yuxarıda qeyd etdiyimiz fikirlərin təsdiqi kimi dəyərləndirilə bilər.
Professor Elman Nəsirovun ilk gənclik illərindən bu günə kimi yalnız bir yolu olmuşdur – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. YAP-ın üzvü kimi o çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə bu yolda fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcək.
2013-cü il 9 oktyabrda keçirilən prezident seçkilərində Elman Nəsirov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Cəlilabad seçki dairəsi üzrə səlahiyyətli nümayəndəsi və respublika üzrə müşahidəçi statusunda fəaliyyət göstərmişdir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, onun belə missiyalarından dost ölkələr də istifadə edir. Belə ki, 2015-ci ilin martında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində MDB beynəlxalq müşahidəçi qrupunun tərkibində Daşkənd və Səmərqənddə müşahidəsi kimi iştirak etmişdir ki, bu da gənc azərbaycanlı Elman Nəsirovun artıq xarici ölkələrdə tanındığına və mövqeyinə hörmət edildiyinə bir sübutdur.
Professor Elman Xudam oğlu Nəsirov haqqında çox danışmaq olar.
Elman müəllim təkcə alim, ictimai xadim, diplomat deyil, həm də yaxşı ailə başçısıdır, ləyaqətli övladdır. Onun ata-anasına, bacı-qardaşına necə canıyananlıq göstərdiyinə bu sətirlərin müəllifi canlı şahiddir. Onun yaxşı, səmimi, deyərdim əvəzsiz dost olduğunu da bura əlavə etmək olar. O, həm də yaxşı müəllimdir, tələbələrinin, doktorant və dissertantlarının sevimlisidir.
Əlbəttə, bütün bunların hər kəsə nəsib olmur. Görünür, burada da ilahi bir seçim vardır: bu günlər xoş bir xəbər eşitdim ki, 1 noyabr 2015-ci il tarixində keçiriləcək V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası Elman Xudam oğlu Nəsirovun namizədliyini 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən irəli sürmüşdür. Açığını deyim, buna çox sevindim. Seçicilər ona səs verib, özlərinə deputat seçsələr çox şey qazanacaqlar. Mən çox böyük ürəkaçıqlığı, qətiyyət və səmimiyyətlə deyə bilərəm ki, sadə, təmiz müəllim ailəsində dünyaya göz açıb, böyüyüb, olduqca istedadlı, olduqca mehriban olan Elman müəllim millət vəkili seçilsə, öz seçicilərinin ilk gündən hüsn-rəğbətini qazanacaqdır. Elman müəllimin keçdiyi yol bu qənaətə gəlməyə əsas verir.
Bir həqiqətdir ki, hər bir millət vəkili həm qanunvericilk sahəsində, həm də seçicilərinin problemlərinin aradan qaldırılmasında, xalqla hakimiyyət arasında birbaşa əlaqə və qarşılıqlı ünsiyyət yaradılmasında ölkə Prezidentinin yaxın köməkçisi olmalıdır. Heç şübhəsiz, Elman müəllim seçicilərinin etimadını qazanıb, məhz belə deputat olacaqdır.
İnanırıq ki, professor Elman Nəsirovun qədirbilən seçiciləri noyabrın 1-də yekdilliklə məhz ona səs verəcəklər.
Musa Quluzadə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü
İki sahil