Dünya miqyasında xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir. Aktual.az təşkilatın hesabatına istinadən bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb. Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağlabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir. İzlədiyiniz bu görüntülər de-fakto deputat Kəmaləddin Qafarovun rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də saytımızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır.
Ölkə mediasında yer alan iddialar onu göstərir ki, Respublika Milli Onkologiya Mərkəzi xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Rüşvət almaqla bərabər, yanlış müalicə, yanlış dərmanlar xəstələrin sağlıq durumunda daha ağır fəsadlara gətirib çıxarır. İş o həddə gəlib çatıb ki, çəkinmədən çox zaman sağlam insana belə onkoloji xəstə diaqnozu qoyulur və xəstə bilavasitə soyulur. Əbəs yerə Milli Onkologiya Mərkəzi xalq arasında “qəssabxana” adlandırılmır. Dəfələrlə xəstələrin şikayətlərinə baxmayaraq,bu gün də bu mərkəz xəstələrdən rüşvət almaqda davam etməkdədir. Tibb müəsisəsin de-fakto rəhbəri, bu qurumu öz biznes obyektinə çevirən deputat Kamaləddin Qafarov isə bütün bu faktları görməzdən gəlir. Milli Onkologiya Mərkəzindəki bazar qanunları dəyişmək əvəzinə deputat Qafarov bu aralar dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Bununla bağlı Kəmaləddin Qafarovun yaxın çevrəsindən Aktual.az-a daxil olan məlumata görə oliqarx deputat “Mehdiyev olayından” bəhrələnərək ölkənin digər dərman oliqarxı Cavanşir Feyziyevə qarşı gizli kampaniya başladıb. Mənbənin sözlərinə görə K.Qafarov deputat həmkarı Cavanşir Feyziyevin Ramiz Mehdiyevin əsas adamlarından biri olması haqda media orqanlarına gizli yollarla məlumat ötürür.
Xəbər 104 dəfə oxunub.