Ölkəmizdə insan hüquqlarının daha
etibarlı qorunmasına xidmət edən demokratik hüquqi islahatlar çərçivəsində
uğurlu gender siyasəti aparılır, qadın
problemlərinin həlli dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində
saxlanılır.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir
ailənin rifahının yaxşılaşmasına, həmçinin cəmiyyətimizin müxtəlif
təbəqələrinin, o cümlədən qadınların hüquqlarının təmin olunmasına yönəlib. Bu
istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın təşəbbüsü həyata keçirilən məqsədyönlü və önəmli tədbirlər də
ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Cəmiyyətdə qadınların daha çox əziyyət çəkdiyi
kobud rəftar, şiddət və bu kimi digər halların yolverilməzliyi ən vacib
məsələlərdən biridir. Dünyanın əksər inkişaf etmiş dövlətləri kimi,
Azərbaycanda da gender əsaslı zorakılığın qarşısının alınması üçün mühüm
addımlar atılır.
Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı
zorakılıqla mübarizəyə cəlb etmək məqsədilə keçirilən "Qadınlara və
qızlara qarşı zorakılığa son qoyaq!" 16 günlük fəallıq kampaniyası
çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir.
İnsan hüquq və azadlıqlarının təmin olunmasında, bu
sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata
keçirilməsində iştirak edən Ədliyyə Nazirliyi tərəfindən kampaniya çərçivəsində
noyabrın 29-da Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai
dinləmə keçirilib. Tədbirdə nazirliyin və
icra hakimiyyətinin rəhbər şəxsləri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin
üzvü, ədliyyə işçiləri, notarius, hakim, polis, vətəndaş cəmiyyəti institutunun
nümayəndələri və rayonun çoxsaylı qadınları iştirak ediblər.
Nəsimi Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Ədliyyə
Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur
Sabitova çıxış edərək qadınların hüquqi maarifləndirilməsi, onların ailə-məişət
qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd edib,
ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin
olunması üzrə atılan mühüm addımlardan bəhs ediblər.
Vətəndaşlarla sual-cavab kontekstində keçirilən
tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər
araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib,
qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.
Xəbər 110 dəfə oxunub.