“1-2 nazirin həbsi qaçılmaz olacaq” Elşən Musayev

“1-2 nazirin həbsi qaçılmaz olacaq”  Elşən Musayev

Dünyada cərəyan edən son proseslər mənə “Wikileaks” saytının rəhbəri Culian Asancın məhkəmədə söylədiyi tarixi bir fikri xatırlatdı: “Bizim məqsədimiz dünya ölkələri və liderlərinin paxırlarını, gizlinlərini açmaq deyildi. Yox. Qətiyyən. Saytın əsas prioriteti  kütlə yönümlü siyasəti gerçəkləşdirmək idi. Daha doğrusu həmin kütləni ayıltmaq, onları real proseslərdən agah etmək məqsədi güdürdük. O kütlə ki, “dərin dövlət” anlayışından tamamən xəbərsizdir və əslində baş verənləri deyil, yalnızca gözləri ilə gördüklərini əxz edirlər. 99 faizlik oyun bucağında 1 faizlik görmə radiusu isə olduqca zəif göstəricidir”.

...Amerika ilə İnanın barışığını görməsəm yəqin ki, Asancın bu dediklərinə bütün ömrüm boyu şübhə ilə yanaşacaqdım. Amma inandım. Artıq inandım. Bir diplomatik demarşın, tarixi silkələyən bir kritik addımın dünya siyasəti tablosunda bütün rəng çalarlarının yerini saniyə içində dəyişə bilmə imkanına (gücünə) inandım: təhdid elə, hədələ, söy-batır, müharibə tarixini müəyyənləşdir və axırda da dur de ki, İranla tarixi bir razılaşma əldə elədik. Nə gözəl! Prosesin deyil, yırtılan maskaların arxasında duran sifətlərin makiyajsız gözəlliyindən danışıram. İrana görə Amerika ilə düşmən olub indi arada qalanların keçirdiyi hisslərin gözəlliyindən danışıram...  

Meydanda gerçək bir oyun gedir. Daha doğrusu oyun formatlı döyüş. Dublyorsuz və dublyajsız. Canlı-canlı. Köhnə məhəllə uşaqlarının dili ilə desək: “şuxur” – yəni apaçıq tutaşma. Fəqət, bütün bu qarışıqlığa rəğmən məsələdən agah olanların, bir az da dəqiq söyləsək - Asancın personajlarının cızdığı planlar, hədəflədiyi məqsədlər də mil dəqiqliyi ilə ölçülüb - biçilib. Yoxsa İranın 5 saniyə içində neytrallaşdırılması, Yəmənin Səhudiyyə Ərəbistanına, daha doğrusu bu ölkənin patronajlığı ilə yaradılan koalisiyaya peşkəş edilməsi, Türkiyədə terror aktlarının ard - arda sıralanması heç mistikanın belə bu qədər dəqiqliklə verə biləcəyi töhvə deyildi...

***

Nemtsovun qətli Putinin başını yamanca qatdı. Həqiqətən. Hətta o səviyyədə qatdı ki, adam peşəkar kəşfiyyatçı səriştəsinə söykənib xəstəlik adı ilə ortadan bir müddətlik qeyb olma məcburiyyəti daşıdı. Çünki Rusiya Prezidenti Qərbin avantürizminə hər halı ilə hazır görünsə də qurşaqdan aşağı vurulacaq zərbələri hesablamamışdı. Obama isə vurdu. Həm də ən pis nöqtədən. Ardınca isə dəqiqələri belə fövtə verməyib Gürcüstan üzərindən Qafqazı silkələməyə qalxdı. Saakaşvili tərədarlarına bəlli vəsait ayırmaqla. Daha sonra lokal və qlobal qətliamlar başladı və proses Yanukoviçin övladının müəmmalı avtomobil qəzasından tutmuş ta üzü bəri... Türkiyədəki silsilə xarakterli terror aktlarına qədər irəlilədi. Üstəgəl, paralel olaraq kimsənin gözləmədiyi halda yeni “ərəb inqilabları” seriyasına start verldi, Yəmən qurbanlıq elan edildi. Və ən sonda da İran məsələsi...Hansı ki, Obamanın dünyanı şoka salan triumfu sayıla bilər!

Yaxşı bəs bütün bu paralellərin kəsişdiyi nöqtələr necə, varmı? Əlbət ki var. Həm də sinxron dəqiqlikdə!

Rusiyaya qarşı Avropa İttifaqının sanksiyaları gözlənilən nəticəni vermədi və sadəcə yüngül iqtisadi - siyasi zədələrlə yadda qaldı.(rus rublunun düşməsi, müxalif elektoratın azacıq artım faizi və s) Siyasi qətl isə belə məqamda işə yarayan ən optimal vasitə hesab olunur. Sosial gərginliyi siyasi xaosa dövr etmək üçün. Üstəgəl, çox güman Nemtsov Putinə yaxın dairələrin əli ilə öldürülüb. Təbii ələ alınaraq. Rusiya Prezidentini də çıxılmaz vəziyyətdə qoyan məhz bu faktdır: qətlin bütün təfərrüatlarını bilir, fəqət elə bir labirintə salınıb ki, bunu açıqlasa kimsə onun suçsuzluğuna inanmayacaq.

Qərb Saakaşvilini dirildir. Çünki əsl məqamdır. Aqressiv, ipə-sapa yatmayan Mişa indiki durumda Qərbin Rusiyaya qarşı işlədə biləcəyi ən iri çaplı silahlardan biridir. 

Uyğur qətliamının Türkiyə variantı hazırlanır. Asta - asta. Təbii, fikri hədəfdən yayındırmaq üçün. Ayrıca, kürd probleminin maksimal dərəcədə həlli hegemon dövlətlərin, ələlxüsus da Amerikanın Türkiyəyə qarşı təsir imkanlarını azaltmışdı. Buna görə də yeni nəsə düşünmək lazım ıdı. Və düşünüldü. Məsələn, bütün Qərb dövlətlərinin terror siyahısına salınsa da daldada elə özlərinin  birbaşa maliyyələşdirdiyi və himayə etdiyi DHKP-C hazırda Türkiyədə baş verən terrorun əsas katalizatoru olaraq göstərilir. Oysa, Qərb heç İŞİD-i bu sürətlə meydana buraxmamışdı!

Digər bir nüans. Türkiyənin son zamanlar müttəfiq elan elədiyi dövlətlərin siyahısına baxın: 

1) Səhudiyyə Ərəbistanı(Ərdoğan yeni kral Salman İbn Abdulazizlə çox sıcaq münasibətlərə malikdir) 

2)  İran (Türkiyə Prezidenti İranı ikinci evi adlandırmışdı) 

Amerika bu üçlüyü həzm edərdimi? Əsla! Odur ki, eyni adlı koalisiyanı dağıtmaq üçün möhtəşəm bir plan qurulur: Türkiyənin başı terrora, Səhudiyyə Ərəbistanının başı Yəmən hadisələrinə, İranın başı isə barışıq eyforiyasına qarışır. Nəticə isə ortadadır...

***

Artıq neftin qiymətnin illər uzunu qalxmayacağı dəqiqdir. Çünki İranın aşıb - daşan yataqları çox rahat br şəkildə dünya bazarına çıxış imkanı əldə etdi. Hərçənd Obama fors – major vəzyyət üçün “B” planını da hazırlamışdı: Rusiya çökənə qədər Amerika öz neftini istismara verəcəkdi. Amma göründüyü kimi artıq buna ehtiyac yoxdur. Hər şey öz yolunda.  

Yaxşı bəs Azərbaycanın məlum durumda itirə biləcəkləri nədir? – Çox şey! Həm də həddən ziyadə çox şey.

Siyasi anlamda:

Əsas müttəfiqlərimiz olan Türkiyə və Rusiya zəiflədilir. Paralel olaraq isə erməniyə silah satan, radikal dini qruplaşmaların təlimatçısı, narkoticarətin stimulvericisi olan İran güclənir.

Amerika və onun timsalında dünyanın bütün güclərinin Qafqaz həssaslığı var. Ələlxüsus da Qərb bu strateji bölgədə özlərinin hesablaşdıqlarından daha çox onlarla hesablaşanları görmək niyyətindədirlər. Odur ki, ölkəmiz (hakimiyyət) Avropa Oyunları və seçkilər öncəsi bütün təxribatlara hazır olmalıdır. Ələlxüsus da iri ranqlı məmurlara etibar edilməməlidir. Çünki ortalıqda 2005 presidenti var. (Əli İnsanov və Fərhad Əliyev xüsusunda) Yəni, nazir səviyyəsində olan şəxslərin xarici güclərə satılma perspektivi hər zaman öz aktuallığını saxlayır. Və əgər belə olarsa, hakimiyyət növbəti dəfə öz içində  xəyanətlə üzləşərsə (təbii bunu heç arzulamırıq) düşünürəm  1-2  nazirn həbsi yenə də qaçılmaz olacaq.

İqtisadi anlamda:

Neftin hiper həddə qədər enməsi növbəti devalvasiyanı qaçılmaz edəcək. Şəxsən bu mənim Elman Rüstəmovun son çıxışındakı sətiraltı fikirlərdən sonra gəldiyim qənaətdir. Belə olan halda isə növbəti qiymət artımları da labüd olacaq. Sadəcə eyni adlı kontekstdə dövləti ittiham etmək absurddur. O mənada ki, iqtisadi gücün səfərbər olduğu, ola biləcəyi bəlli (maksimum) çərçivələr var. Bundan ötəsini etmək praktik olaraq mümkün deyil. Fəqət, iri sahibkarlar üzərindən vergi yükünü götürməklə, (Putin vəziyyəti bu şəkildə balanslaşdırdı) qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadi böhranın vura biləcəyi zədələrdən müəyyən qədər yayınmaq olar.

İranın blokadadan çıxmasının Azərbaycan üçün iqtisadi aspektdə müsbət tərəfləri də ola bilər. Mümkündür ki, neftin dünya bazarına çıxarılması ölkəmizin layihəçisi olduğu kəmərlər üzərindən reallaşsın. Belədə isə hər barelə görə ödəniləcək məbləğ büdcəmizə əhəmiyyətli miqyasda gəlirlər gətirə bilər. Üstəgəl, bu asılılıq yaransa İranda məskunlaşan soydaşlarımız də öz  vəziyyətlərində (bütün anlamlarda)  müsbətə doğru ciddi bir dəyişim imkanı qazanarlar.

P.S.  Gözləyək... (musavat.com)

Xəbər 1246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR