Natiq Əliyev Dohaya dəvət aldı

Natiq Əliyev Dohaya dəvət aldı

Bu ilin aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Aktual.az bildirir ki, Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada tərəfindən ünvanlanmış məktubda Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv bütün ölkələrin, o cümlədən təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək bu iclasda Azərbaycanın da iştirakının vacibliyi qeyd edilib.

Xatırladaq ki, sözügedən iclas fevralın 16-da Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.

Neft hasilatçısı və ixracatçısı kimi Azərbaycanın bununla bağlı mövqeyi bundan ibarətdir ki, dünya bazarında neftin qiymətinin iqtisadi səbəblərdən çox, siyasi amillərin təsiri ilə kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi uzunmüddətli prosesə çevrilməklə nə istehsalçı, nə də istehlakçı dövlətlərin maraqlarına cavab verir. Dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklif Azərbaycan tərəfindən də məqbul hesab edilir. Çünki yaranmış indiki vəziyyətdə heç bir neft hasilatçısı və investor üçün neft hasilatı cəlbedici deyil. Digər tərəfdən, neft tükənən sərvət olduğundan, hasilatı artırmaqla gəlirləri artırmaq sərfəli deyil. Neft bazarında balansın yaradılması məqsədilə bütün ölkələrin maraqlarına uyğun qərarın qəbulunda Azərbaycan da yaxından iştirak edəcək.

Azərbaycanın mövqeyini yüksək qiymətləndirən OPEC öz tədbirlərinə müşahidəçi qismində Azərbaycanı da dəvət etməklə ölkəmizin mövqeyini nəzərə alır.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda ilk neft hasilatından bəri ümumilikdə 393,5 milyon ton xam neft hasil edilib.

Qeyd edək ki, Azərbaycanda neft hasilatı üzrə ən yüksək göstərici 2010-cu ildə 50,8 mln. ton olub. Bu ilin 1-ci rübü ərzində respublikada 9 mln. 900 min 400 ton proqnoza qarşı 10 mln. 496 min ton neft hasil edilib. Hazırda Azərbaycanda gündə 115 min ton neft hasil edilir.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR