Baş anestezioloq Azərbaycanda narkozun qəbulu ilə əlaqədar bəzi səhv yanaşmalara aydınlıq gətirib.
Aktual.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov Trend-ə açıqlamasında bildirib ki, bəzən əməliyyat olunmuş xəstə əməliyyatdan sonra yaranan narahatlıqlarını, əsəbiliyini "narkozu qusmaması" ilə əlaqələndirir: “Bəzən xəstə "narkozu qusmadığını" deyir. Bunu bəzən hətta cərrahların özləri deyir. Amma bu, tamamilə yanlış fikridir. Narkoz qusulmur, çünki o, dərmanlar verilməklə orqanizmdə neytrallaşdırılır”.
A.Qədirov əlavə edib ki, bəzi hallarda insanlar hansısa xəstənin narkozdan ayılmadığını söyləyirlər: "Lakin bu, mümkün deyil. Çünki hazırkı dövrdə istifadə edilən narkoz çoxkomponentlidir. Narkoz vurularkən dərmanların farmakoloji effektləri nəzərə alınmaqla kombinasiyalar yaradılır. Əgər narkoz çoxkomponentlidirsə, onun birinin dozasını artıq edə bilərsən. Bu isə xəstəni öldürmür. Xəstənin ölümü bu kombinasiyaların düzgün qurulmamasından mümkün ola bilər. Yaxud xəstənin sağlamlıq durumu nəzərə alınmaya bilər. Məsələn, xəstədə hər hansı patologiya - infarkt, qan azlığı, aşağı, yaxud yüksək təzyiq ola bilər. Belə hallarda narkozun seçimi düzgün edilməyəndə fəsad yarana bilər. Bu isə artıq narkozun dozası ilə əlaqədar deyil. Ola bilər ki, verilən narkoz sağlam adam üçün normal olsun, amma xəstə adamda bu, patologiya törədə, onun ürək-damar sistemində, mərkəzi sinir sistemində olan problemləri ortaya çıxara bilər. Narkozun dozalaşdırılmasına ciddi göstərişlər və yanaşmalar var. Narkozun dərmanlarının dozalarını bizim yanımızda işləyən tibb bacıları da bilir. Ən naşı həkimlər də bilir ki, dərmanı hansı dozada vurmaq lazımdır”.
Baş anestezioloq-reanimotoloq deyib ki, belə halların baş verməməsi üçün xəstələr əməliyyata getməmişdən əvvəl geniş şəkildə tibbi müayinə olunmalıdırlar: "Bu, daha çox narkozun seçiminin düzgün aparılması üçün lazımdır. Lakin bəzi hallarda bu müayinələr də tam aparılmır".
Buna təəssüflənən baş mütəxəssis Azərbaycan əhalisi arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasına da ehtiyacın duyulduğunu söyləyib.
A.Qədirovun sözlərinə görə, 40-60 il əvvəl anesteziya üçün istifadə edilən dərman beynin bütün şöbələrinə təsir edirdi. Buna görə də narkozun fəsadları yaranırdı. Lakin hazırda farmakologiya, tibbi texnikanın inkişafı ilə əlaqədar anesteziyanın aparılması üçün xəstəyə seçici təsirə malik dərmanlar vurulur: “Ümumi narkoz olduqda isə mütləq mərkəzi sinir sistemi, yəni beyin yatızdırılır. Beyin çox mürəkkəb orqandır, onun müxtəlif şöbələri var. Narkoz zamanı həmin törəmələrə seçici təsirə malik dərman vurulur, qavrama dayandırılır. Baş-beyində ağrını qəbul edən şöbələrə - baş-beyin qabığına, qabıqaltı törəmələrə, uzunsov beynə və s. seçici təsir göstərilməklə ağrının hiss edilməsi ləngidilir”.
Baş mütəxəssis bəzən xəstələrin narkozdan çox pis şəkildə ayılmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, narkozdan ayılan zaman xəstədə hallusinasiya, sayıqlama, yuxugörmə, psiximotor oyanıqlığı kimi xoşagəlməz halların baş verməməsi üçün ona əlavə dərman vurulmalıdır: “Elə dərmanlar var ki, onun mənfi tərəfləri də olur. Anestezioloq bunları nəzərə almaqla, xoşagəlməz təsirləri aradan qaldırmaq üçün digər preparatlar da daxil etməlidir. Bununla yanaşı, əməliyyata gedən xəstələrdə hansısa xəstəliyin fəsadları da ola bilər. Bunu nəzərə alaraq, anestezioloq narkoz üçün seçim etməlidir. Bu gün çox seçici təsirə malik xeyli dərman var. Bu seçicilik də anestezioloqların imkanlarını artırır”.