Müxalifət partiyalarından Prezidentə tam dəstək: “İlham Əliyev hamımızı bir bayraq altında, “Dəmir yumruq” kimi birləşdirdi”

Müxalifət partiyalarından Prezidentə tam dəstək: “İlham Əliyev hamımızı bir bayraq altında, “Dəmir yumruq” kimi birləşdirdi”

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin uğurları yalnız respublikamızın siyasi, iqtisadi, sosial və digər sahələrdə yüksəlişi ilə ölçülmür.

Bütün bunlarla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, uzun illərdən sonra ərazi bütövlüyümüzün bərpası İlham Əliyevin dövlətimizə qazandırdığı nailiyyətlərin təntənəsidir.

Dünya siyasətinin ən fəal şəxslərindən olan, bütün siyasi platformalarda ehtiramla qarşılanan İlham Əliyev həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçməsini təmin edən, Zəfər qazanan Müzəffər Ali Baş Komandandır.

İkinci Qarabağ müharibəsində qazandığı zəfərlə regionun yeni tarixinin müəllifinə çevrilən İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yürütdüyü xarici siyasət ölkəmizi regional və qlobal miqyasda geosiyasi, geoiqtisadi aktorlardan birinə çevirib.  Azərbaycanın dünyadakı beynəlxalq proseslərə  təsir gücünə malik olan dövlətlərdən birinə çevrilməsi də məhz İlham Əliyevin uğuru, onun qətiyyətli, məqsədyönlü siyasətinin nəticəsidir.

Ən böyük tarixi xidmət

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin fikrincə, İlham Əliyevin  xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidməti ölkəmizi mürəkkəb ictimai-siyasi proseslərin içərisindən uğurla keçirərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmasıdır. Onun  Rusiya ilə münasibətdə yürütdüyü uğurlu siyasət, Azərbaycana ən çətin anlarda belə güvənə biləcəyimiz dost dövlətlər qazandırması, qardaş Türkiyə ilə Türk Dünyasının birliyi istiqamətində göstərdiyi səylər xüsusi qiymətləndirilməlidir.

Deputat deyir ki, Azərbaycan xalqı İlham Əliyevi ilk dəfə ölkəmizin  ağır günlərində - "20 Yanvar” qətliamından  sonra  Heydər Əliyevin qırğını törədənləri lənətləyib, cinayətkarların cəzalandırılmasını tələb etdiyi tarixi mətbuat konfransında, onunla çiyin-çiyinə dayanıb bu qırğına etiraz edən şəxs kimi gördü. Həmin zaman çoxları  bunun çox riskli bir iş olduğunu başa düşsə də, onun gələcəkdə böyük siyasətə qatılıb-qatılmayacağını, hadisələrin necə nəticələnəcəyini təsəvvürlərinə belə gətirə bilməzdilər. O gündən xalqımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin əldə olunması və qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda uzun və məşəqqətli bir mücadilə yolu keçdi. Bu yolda İlham Əliyev Heydər Əliyevin yaxın silahdaşı kimi onunla birlikdə addımladı.  Heydər Əliyevin liderliyi ilə Azərbaycanın qarşısında dayanan ən böyük problemlərin həllinə yol açacaq enerji strategiyamızın müəyyənləşməsi və həyata keçirilməsində mühüm rol oynadı.

Müasir Azərbaycanın zəfər salnaməsini yaradan şəxsiyyət

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyir ki, 2003-cü ildə xalqının mütləq iradəsi əsasında hakimiyyətə gələn, "Mən hər bir azərbaycanlının Prezidentiyəm” tezisini şüar edən, hər bir azərbaycanlını vahid məqsəd, amal uğrunda birləşdirən Prezident İlham Əliyev müasir Azərbaycanın zəfər salnaməsini yaradan şəxsiyyət, Azərbaycan xalqının arzularını həyata keçirən, dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir. İlham Əliyev ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu strateji hədəflərə nail olmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü siyasət həyata keçirib və "güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub: "18 ildir ki, güclü iqtisadiyyat Azərbaycanın milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amildir. Özünün iqtisadi və siyasi müstəqilliyini tam təmin etməsi Azərbaycanın tarixi nailiyyətidir. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev "Dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq”, - deyə vurğulayıb. Prezidentin siyasi iradəsinə uyğun olaraq bu gün dövlətin ən çətin anlarda vətəndaşının yanında olması ənənəsi formalaşıb”.

Ə.Kazımova bildirir ki, düşməni kapitulyasiya aktı imzalamaq məcburiyyətində qoyması Azərbaycan Prezidentinin tarix və xalq qarşısında ən böyük xidməti oldu.  Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük uğur Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, təmkini və böyük siyasi dühası sayəsində əldə olundu: "Dövlət başçısı Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün mümkün olan hər şeyi edirdi. Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini özünəməxsus diplomatik məharətlə əsaslandırırdı. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransında, "Valday” Diskussiya Klubunda işğalçı dövlətin Baş nazirinə verdiyi tarix dərslərini hər kəs yaxşı xatırlayır. Həmin tədbirlərdə Nikol Paşinyan dərsini yaxşı bilməyən uşaq durumunda qalırdı”.

Ə.Kazımova qeyd edir ki,  Vətən müharibəsinin şanlı zəfəri  Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Cənubi Qafqazın yeni inkişaf yolu məhz İlham Əliyevin adı ilə bağlıdır. Mahir siyasətçi, qətiyyətli lider kimi Prezident İlham Əliyev öz xalqının iradəsini, milli maraqlarını bütün cəbhələrdə tam şəkildə ifadə və müdafiə edir. Soçidə, Brüsseldə Azərbaycan öz qələbəsinin siyasi təməllərini daha da möhkəmləndirməkdədir.
 
Prezident İlham Əliyev Azərbaycanı qalib ölkə etdi

Azəbaycan Milli İstiqlal Partiyasinin sədri Arzuxan Əlizadə hesab edir ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlərin zirvəsində birmənalı olaraq, ərazi bütövlüyümüzün bərpası dayanır: "Bu, bir həqiqətdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi və bu qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Məlum həqiqətdir ki, müharibəni qalibiyyətlə başa vurmaq üçün güclü,  nizamlı və müasir silahlarla silahlanmış orduya malik olmaq başlıca şərtdir. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bu sahəyə ciddi önəm verib, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Bu Ordu Vətən savaşında dünyanı heyrətə salan hərbi uğurlara imza atdı, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu”.

A.Əlizadənin qənaətinə görə, qələbəni şərtləndirən mühüm amillərdən biri Azərbaycan Prezidentinin diplomatiya müstəvisində yürütdüyü çevik siyasətdir: "Müharibənin gedişində dövlətimizin başçısı xarici KİV-ə 30-a yaxın müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Əldə edilən uğurlar sırasında siyasi və iqtisadi imkanların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edib ki, bununla Azərbaycanın beynəlxalq arenadakı mövqeləri ciddi surətdə möhkəmlənib. Regionda reallaşdırılan bütün beynəlxalq və irimiqyaslı layihələr milli maraqlarımız  nəzərə alınmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilir. Azərbaycan həm də bütün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran "Cənub qaz dəhlizi”, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib”.

Azərbaycan Prezidenti tarixi missiyasının öhdəsindən layiqincə gəldi

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İlham Əliyevi məhz fövqəladə missiya üçün doğulmuş siyasi liderlərdən biri sayır. Partiya sədrinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan İlham Əliyev Vətən müharibəsindəki Qələbə ilə bu missiyanın öhdəsindən layiqincə gəldi. "Bu missiya ilk gündən işğala son qoymağı, tapdanmış qürurumuzu dirçəltməyi, xalqımızın tarixini məğlubiyyətlərdən qələbələrə doğru dəyişməyi özündə ehtiva edirdi. Bu hədəflərə nail olmaq üçün Prezdent İlham Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı üçün qətiyyətli siyasət yürütdü, nəhəng infrastruktur layihələr həyata keçirdi, Azərbaycanın beynəlxalq müstəvidə siyasi, iqtisadi proseslərdə iştirakçılıq imkanlarını genişləndirdi. Qeyri-neft sektorunun inkişafı və çoxşaxəli enerji siyasətinin həyata keçirilməsi nəticəsində siyasi, iqtisadi və digər istiqamətlərdə mövqelərimiz möhkəmləndi, davamlı inkişafımız təmin olundu, strateji hədəflərimiz gerçəkləşdi”.

Əlisahib Hüseynov bildirir ki, Prezident İlham Əliyev bu hədəflərə müvəffəqiyyətlə nail olmaq üçün Azərbaycanın xarici siyasət və ordu quruculuğu istiqamətində misilsiz işlər gördü: "İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz əvvəlcə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, daha sonra 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının, Türk Şurasının (hazırda Türk Dövlətləri Təşkilatı) sədri seçildi. Bütün bunlar heç şübhəsiz ki, ölkəmizin və onun liderinin beynəlxalq miqyasda nüfuzunu daha da artırdı.  Prezident İlham Əliyevin yürütdüyü çevik xarici siyasət eyni zamanda Azərbaycanın dünyadakı müttəfiqlərinin və dostlarının sayını artırdı. Dünya siyasətini, diplomatiya tarixini incəliklərinə qədər dərindən bilən bir lider üçün xarici siyasətdə qrossmeyestr ustalığı ilə vaxtında və düzgün gedişlər, manevrlər etmək heç də çətin deyildi. İlham Əliyevin məhz düzgün diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatlar və super güclər Ermənistanı işğalçı dövlət kimi tanıdı, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi”.

Partiya sədri əlavə etdi ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, güclü milli müdafiə sənayemiz, büdcədən ordu quruculuğuna ayrılan vəsaitin artırılması bizə dünyanın ən güclü ordularından birini yaratmaq imkanını verdi. İlham Əliyevin hakimiyyəti dövründəki uğurları ölkəmizi gündən-günə əsas hədəfə - Zəfərə yaxınlaşdırdı və onu təmin etdi: "Prezident İlham Əliyev ötən dövr ərzində həm siyasi lider, həm də Ali Baş Komandan kimi tariximizin ən şərəfli məqamına - torpaqlarımızın işğaldan azad edilməsi missiyasının icrasına hazırlaşdı. Əlbəttə, proseslərə böyük zaman ölçüsü ilə baxanda 44 gün çox qısa bir müddət olsa da, Azərbaycanın taleyini dəyişən şanlı tarixi hadisə kimi olduqca əhəmiyyətlidir. 44 günün hər bir dəqiqəsini, saatını hamımız yeni-yeni qələbə sorağı ilə, böyük həyəcan və səbirsizliklə gözləyirdik. XXI əsrin müharibəsini aparan Azərbaycan öz hərbi gücü, qüdrəti ilə bütün dünyaya səs saldı.

Vətən müharibəsində həmrəyliyin Azərbaycan nümunəsi dünyaya təqdim edildi

44 günlük müharibədəki qələbəmizin görünən tərəfləri ilə yanaşı, arxa qatları da var. Qələbənin qazanılmasında modern silahlanma, dronlar, ordumuzun döyüş hazırlığı, xarici dəstək, neft gəlirləri həlledici amillər kimi vacib rol oynasa da, qalibiyyət üçün milli həmrəylik və xalqımızın öz rəhbəri  ətrafında səfərbərliyi də mühüm rol oynadı. Bu barədə danışan Milli Həmrəylik Partiyasının sədri Ə.Hüseynov bildirir ki, bu müharibədə zəfəri şərtləndirən amillərdən biri də milli birlik idi: "Ancaq bu birliyə nail olmağın yolu millətə rəhbərlik edən şəxsin liderlik qabiliyyətinə, birləşdiricilik potensialına malik olmasından keçir. İlham Əliyev 44 günlük müharibədə məhz bu potensialını ortaya qoydu. Həmin günlərdə dünya bizim Ordumuzun qəhrəmanlığına, dronlarımızın xariqələrinə, döyüş generallarımızın əməliyyat zəkasına heyran qalmışdı. Dünyanı heyrətdə buraxan ən başlıca xüsusiyyətlərimizdən biri də məhz milli həmrəyliyimiz idi. İlham Əliyev həmin günlərdə özünün bir sıra üstün keyfiyyətlərini üzə çıxarmaqla dünyanı həqiqətən də yaxşı mənada heyrətləndirə bildi. Onun hərbi əməliyyatlara birbaşa rəhbərlik etməsi, dünya KİV-inə tez-tez müxtəlif dillərdə müsahibələr verməsi, ermənilərin "feyk nyus” kampaniyalarını darmadağın etməsi, qardaş Türkiyə ilə əməkdaşlığımızı və birgə addımlarımızı düzgün koordinasiya etməsi və s. dostlarımızın da, düşmənlərimizin də diqqət mərkəzində idi. Amma bütün bunlarla yanaşı, dövlət başçımızın dünyanı heyrətə salan ən böyük nailiyyəti məhz müharibə şəraitində milli birliyi təmin edə bilməsi idi”.

Prezident İlham Əliyev həmin günlərdə ölkənin ən müxtəlif spektrlərindən olan siyasi qüvvələri də bir araya gətirməyi bacardı. Bununla bağlı Ə.Hüseynov qeyd edir bu, gündən-günə Zəfərə yaxınlaşan İlham Əliyevin müharibə  zamanı həm də siyasi qələbə qazanması demək idi: "İlham Əliyev Vətən müharibəsində həmrəyliyin Azərbaycan nümunəsini dünyaya təqdim etdi, hamımızı bir bayraq altında, "Dəmir yumruq” kimi birləşdirdi. Bizim həmrəyliyimizin ən böyük sınaq anı da məhz 44 günlük savaş idi. Biz həmin günlərdə bütün mifləri dağıtdıq. Ermənilərin həm özləri və orduları barədə formalaşdırdıqları "sarsılmaz xalq”, "döyüşçü millət”, "məğlubedilməz ordu” miflərini, həm də bizim barəmizdə yaydıqları "döyüşməyi bacarmayan tacir xalq”, "məğlub azərbaycanlılar” kimi iyrənc təbliğat klişelərini, təbliğat çirkablarını alt-üst etdik. Dünya kimin kim olduğunu bir daha gördü. Dünya Azərbaycan xalqını qürurlu, məğrur, mübariz xalq kimi yenidən kəşf etdi. Azərbaycanlılar milli həmrəyliyin ən yeni tarixini yazdılar. Bu da ilk növbədə, məhz İlham Əliyevin adıyla bağlıdır, bir lider kimi bilavasitə onun nailiyyətidir”.
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR