Mübariz Əhmədoğlu: "Sərkisyanın A.Abramyana qalib gəlməsi inandırıcı deyil"

Mübariz Əhmədoğlu:

Ermənistanın daxili siyasi həyatına Rusiyanın orijinal təsiri bir daha sübut edir ki, Rusiya Ermənistanı özünün həqiqi müttəfiqi və ya tərəfdaşı hesab etmir. Bu anlayışlar ritorikanın məhsuludur. Rusiya Ermənistanın, onun indiki rəhbərliyinin apardığı siyasətin antirusiya mahiyyətli olduğunu bilir, bunun qarşısını almaq üçün tədbirlər görür. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan 2017-ci ildə Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqladı.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bunun üçün o, 100-ə yaxın hüquqşünas və digər ixtisaslı mütəxəssisləri cəlb etməklə Ermənistanda partiya yaratmağın təfərrüatını öyrənir: "Ara Abramyan açıq şəkildə başa saldı ki, o bu işi Vladimir Putinin göstərişi ilə edir: “Putin həmişə haqdır”. Söz yox, Ermənistan prezidenti S.Sərkisyan bu variantın qarşısında təslim olmaq niyyətində deyil. A.Abramyan bu fikirləri Rusiya Erməniləri İttifaqının qurultayında səsləndirdi. Həmin qurultay Kremlin dövlət sarayında keçirildi. Qurultaya V.Putinlə yanaşı, S.Sərkisyan da təbrik məktubu göndərmişdi. S.Sərkisyan təbrik məktubunun lap önündə A.Abramyanın uzun müddət Moskvada yaşamasını bildirmişdi. Başqa sözlə, Ermənistan konstitusiyasının tələbinə görə, uzun müddət Ermənistandan kənarda yaşadığına görə, A.Abramyan seçkilərdə iştirak edə bilməz. A.Abramyan da S.Sərkisyanı cavabsız qoymadı. O, ildə 18 dəfə özünün doğma Malişka kəndinə gəldiyini bildirdi, Ermənistan vətəndaşı olduğunu yada saldı".

Politoloq qeyd edib ki, S.Sərkisyan ağır artilleriya hesab olunan, vaxtilə Kremldə birbaşa prezidentə tabe olan MDB idarəsinin rəisi işləmiş M.Kolerovu dövrəyə buraxdı: "M.Kolerov bildirdi ki, A.Abramyan Putinə istinadını sübut edə bilməz. Bununla da incə diplomatik hiyləyə əl atdı: RF prezidenti heç vaxt publik şəkildə A.Abramyana “Ermənistanda seçkiyə qatıl” əmrini verdiyini etiraf edə bilməz. Nəticədə, A.Abramyana qoşulmaq istəyən rusiyapərəst oliqarxlar və siyasətçilər tərəddüd içində qaldılar. Əks-təqdirdə, həmin adamlar bir anın içərisində S.Sərkisyanın ətrafını tərk edib A.Abramyana qoşula bilərdi. Yada salaq ki, M.Kolerovun Rusiya vətəndaşı, İA rəhbəri və vaxtilə çox yüksək vəzifədə olmasına baxmayaraq, o Ermənistanın, xüsusilə Serj Sərkisyanın marağını RF-nin dövlət və milli marağından üstün tutur. Ermənistanda rus dilinə qarşı təhqirli kampaniya aparılanda da M.Kolerov bu kampaniyanı aparanlara haqq qazandırdı, günahı Rusiya məmurlarının üstünə qoydu. A.Abramyanla əlaqəli proses yenicə başlayıb: onun qızının ABŞ-da porno aktrisa olduğu barədə məlumatlar dövriyyəyə buraxıldı".

M.Əhmədoğlu hesab edir ki, Rusiya Ermənistanın daxili həyatına təcavüz etməkdə günahlandırılır: "Rusiyanın Ermənistandakı ermənilərə inanmadığı şəksizdir. Baxmayaraq ki, ermənilərin təxminən 60%-i Ermənistanı Rusiyanın tərkibində görürlər. Nəzərə alınmalıdır ki, bu rəqəm də getdikcə azalır. 2013-cü ildə bu rəqəm 81.2% idi. Eləcə də Kreml Rusiyada yaşayan ermənilərə də inanmır. O hazırda Ermənistanı iki oliqarx vasitəsilə idarə etmək kursunu götürüb. Ermənistanın siyasi həyatını A.Abramyan, iqtisadi həyatını isə Moskvada yaşayan bir nömrəli erməni milyarderi, “Taşir” qrupunun başçısı S.Karapetyan idarə edəcək. Ona görə Ermənistanın elektrik şəbəkəsi S.Karapetyana verildi. Razdan İES də veriləcək. Üçüncü oliqarxın da Ermənistanın daxili həyatına qoşulacağı ilə də bağlı fikirlər dolaşır. Vaxtilə, Rusiyada “Sberbank”ı, “Skolkovo” şirkətlərini, “Ameriabank”ı yaradan R.Vardanyanın da Ermənistanın idarəçiliyinə qoşulacağı deyilsə də, R.Vardanyan Kremldən narazıdır. Ermənistanda Qərbin maraqlarının, ingilis dilinin güclənməsinə investisiya qoyur. Onun Qarabağda reallaşdırdığı layihələr Rusiyanın maraqları ilə uzlaşmır. Ona görə biz, R.Vardanyanın Ermənistanın idarəçiliyinə qatılmasını istisna etmirik, amma bunu Kremlin deyil, Qərbin və ya S.Sərkisyanın planı hesab edə bilərik. A.Abramyan və S.Karapetyanın ətrafında Ermənistanın özündə xeyli yüksək çinli siyasətçilər, dövlət məmurları var. Hər ikisinin qardaşları Ermənistanın siyasi olimpindədir".

Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistan prezidenti S.Sərkisyan “Çiçəklənən Ermənistan” partiyasının keçmiş sədri Q.Çarukyanı yenidən siyasi həyata qaytarır: "Multimilyoner, deputat, Baş nazirin qudası Q.Çarukyan Ermənistanın müxalifət həyatında aktivliyini artırmaqla, partiyaların maliyyə ehtiyacını ödəyə bilər. Bununla Ara Abramyanın “Rusiya puluna” Ermənistandakı partiyalar göz tikməyəcəklər. Q.Çarukyanı prezident S.Sərkisyan bu ilin fevralında təhqirli sözlərlə siyasətdən qovdu, partiyasını əlindən aldı. Müəssisələrinə yoxlama göndərdi. İndi S.Sərkisyan tez-tez Q.Çarukyanla tədbirlərdə olur. Ona orden verdi. Yeyib-içirlər. Təftişləri dayandırdı. Baş nazir O.Abramyan Roza Çarukyanla (Q.Çarukyanı anası, fermer) qucaqlaşıb-öpüşür".

Politoloq sonra əlavə edib ki, S.Sərkisyan Ara Abramyanın RF Dövlət dumasına deputat olması məsələsini gündəliyə gətirdi: "Guya A.Abramyan A.Çilinqarovu əvəzləyəcək. İkibaşlı ideyadır. Ermənistan Rusiyanı dəfələrlə aldadıb. Buna görə də S.Sərkisyanın indiki mübarizədə A.Abramyana qalib gəlməsi inandırıcı deyil".

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR