Q.Paşayeva Türkiyədə Böyükşehir Qəzəteçilər Cəmiyyətini Qarabağ həqiqətlərinin yayılmasında fəallığı artırmağa çağırıb.
Azərbaycan millət vəkili Qənirə Paşayeva ilə görüşdə Büyükşehir Gazeteciler Cemiyeti Başkanı Abid Vanlı rəhbərlik etdiyi qurumun Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva jurnalist kimi uzun müddət çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli bir yer tutduğunu bildirib. Büyükşehir Gazeteciler Cemiyetinin Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlığının ortaq problemlərimizin işıqlandırılması baxımından vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə danışıb və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib və hər iki qardaş ölkənin media qurumlarının üzərinə böyük vəzifə düşdüyünü deyərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Görüş zamanı Azərbaycan- Türkiyə münasibətlərinin inkişafı, bu məsələdə hər iki qardaş ölkə KİV-lərin üzərinə düşən vəziyyət, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində insanlarımızın yaşadığı acılarla bağlı da geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Büyükşehir Gazeteciler Cemiyeti Başkanı Abid Vanlı və təşkilat üzvlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, hədiyyə edib. Millət vəkili onların suallarını da geniş cavablandırıb. Millət vəkili Büyükşehir Gazeteciler Cemiyeti Başkanı Abid Vanlıya yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə addım-addım Türkiyə ” kitabı barədə də danışaraq kitabda qardaş ölkənin 20 böyük bölgəsinin yer aldığını deyib. O, Azərbaycan insanına qardaş Türkiyəni, bu gözəl bölgələrmizi daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə və qardaş Türkiyəyə böyük sevgimi də göstərir deyib və bildirib ki, Türkiyəli jurnalist və yazarların da Azərbaycanı Türkiyədə daha geniş tanıdan yazılarının artacağına ümid edir.