“Metro kartlarındakı səhv savadsızlıqdan irəli gəlir”

“Metro kartlarındakı səhv savadsızlıqdan irəli gəlir”

Yəqin ki, metro və avtobuslarda işləyəcəkkartların hazırlanmasına xeyli zəhmət sərf edilib. Amma yol verilən kiçik yanlışlıq görülən bütün işlərin üstündən xətt çəkir.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli yeni “BakıKart”ın arxasındakı xəbərdarlıq yazılarında ədəbi dil normalarının pozulmasıyla bağlı danışarkən deyib. “Xəbərlər.az”a açıqlama verən ekspert kartların arxasında “alınız”, “istifadə ediniz”, “zədələməyiniz” kimi ifadələrin yazılmasının savadsızlıqdan irəli gəldiyini bildirib:

“Layihəni hazırlayan məsul şəxslər abreviaturanın, yaxud şəkilçinin düzgün yazılış qaydasını bilməyib. Bu, Azərbaycan dilinin normalarının pozulması deməkdir. Belə müraciət forması ötən əsrin 30-60-cı illərində dəbdə olsa da, bugünkü gündə ədəbi norma baxımından yolverilməzdir. Yəqin ki, kartın hazırlanmasına külli miqdarda maliyyə ayrılıb və zəhmət çəkilib. Amma bu kiçik yanlışlıq görülən bütün işlərin üstündən xətt çəkir. Kartı hazırlayan şirkət Dilçilik İnstitutuna, yaxud hansısa bir dilçi mütəxəssisə müraciət etməklə asanlıqla bu problemi həll edə bilərdi”.

Ekspert qeyd edib ki, Dilçilik İnstitutu dövlət müəsisələri ilə çalışır:

“Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsi küçə adlarının düzgün yazılışı ilə bağlı Dilçilik İnstitutuna müraciət edib. Və İnstitut mütəmadi olaraq adların yazılışında olan səhvləri qeyd edir. Bir məhsul ictimaiyyətə, geniş auditoriyaya təqdim olunursa, buna mütləq mütəxəssis nəzarət etməlidir. Belə olduqda şirkətin gördüyü işin uğurlu nəticəsi olar və heç kim gülünc vəziyyətə düşməz”.

Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə APA-ya bildirib ki, “Bakıkart”ın üzərindəki yazılar səhv olduğunu heç kim inkar etmir”. O bildirib ki, kartın növbəti sifarişi zamanı bu səhvlər olmayacaq.

Qeyd edək ki, avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi “BakıKart” və “BakıKart məhdud istifadə üçün” kartlarının istifadəsinə başlanılıb. Bu günə qədər artıq 150 minə qədər kart satılıb.

 
Xəbər 954 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR